Qarabağlı jurnalistlər yurdlarına qayıdıb ata ocağının çırağını yandıracaqlar

Aydın Bağırov: "Ağdama sevinərək, özü də ilk qayıdanlardan biri mən olacam və o günü səbirsizliklə gözləyirəm"

Seymur Verdizadə: "Məcburi köçkünlər doğma torpaqlara köçürüləndə, karvanın önündə mən və əzizlərim də olacaq"

Ermənistanın işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın idi ki, 1 milyona yaxın insanımız doğma yurdlarından didərgin düşmüşdü. Qaçqın və məcbur köçkün statusunu daşımağa məhkum edilmişdilər. Əlbəttə, indiyədək dövlətimiz tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı addımlar atılıb. 100-dən çox müasir tipli qəsəbə salınıb, məcburi köçkünlər aylıq müavinətlər və xüsusi imtiyazlarla təmin edilib. Demək olar ki, maddi təminatlarında ciddi problemlə üzləşməyiblər. Amma bütün bunlara baxmayaraq, həmin insanlar daim Vətən həsrəti ilə yaşayıblar. Dünyaya göz açdıqları torpaqlara geri dönəcəkləri günü səbirsizliklə, ürək yanğısıyla gözləyiblər. Şükürlər olsun ki, o tarixi gün yetişdi və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız düşməndən təmizləndi.

Artıq Böyük Qayıdışa, Vətən həsrəti ilə yaşayan insanlarımızın öz yurdlarına geri dönüşünə hazırlıq başlayıb. Vəhşi ermənilərin viran qoyduğu diyarlarımızda bütün zəruri infrastruktur yenidən qurulandan sonra qarabağlılar mərhələli şəkildə öz evlərinə qayıdacaqlar. Qarabağa geri dönüş məsələsinə ötən gün Prezident İlham Əliyev də diqqət çəkib. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının vacibliyini vurğulayan dövlət başçısı bildirib ki, köçkünlər arasında sorğular keçirilməli və onların niyyəti öyrənilməlidir:

“Evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox.

Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik”.

Ölkə başçısı keçmiş köçkünlərin mütləq əksəriyyətinin böyük həvəslə doğma torpaqlarına qayıdacağından tam əmin olduğunu söyləyib: “İndi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır”. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bildirib ki, işğaldan azad edilmiş torpaqlara getmək istəməyənlər “məcburi köçkün” statusunu itirəcək. Bunun nəticəsi olaraq, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olunan imtiyazlar qüvvədən düşəcək. F.Hüseynov bildirib ki, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş torpaqlarda ən yüksək səviyyədə şərait yaradılacaq: “Prezidentin çıxışına istinad edərək bildirmək istərdim ki, məcburi köçkünlərdən qayıtmaqla bağlı səmimi cavab verməsi xahiş olunur”. 
Bir məqamı da xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin 2020-ci il oktyabrın 9-dan 13-dək olan dövrdə keçirdiyi “Qarabağa qayıdış”-sorğusunun nəticəsinə görə, Qobu qəsəbəsində yaşayan köçkünlərin 98 faizi, gənclərin isə 96 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlayır. 



Ağdamlı Əməkdar jurnalist, “Qol.az” saytının baş redaktoru Aydın Bağırov “Şərq”ə açıqlamasında qarabağlıların böyük əksəriyyətinin geri qayıdacağına şübhə etmədiyini bildirib. Baş redaktor köç icazəsi veriləndən və təhlükəsizlik təmin olunandan sonra rayona ilk gedənlər arasında olacağını deyib:

“Ağdam işğaldan azad edildikdən sonra şəxsən mənə neçə-neçə ağdamlı geri qayıtmağı səbirsizliklə gözlədiklərini, orada yeni ev tikəcəklərini, iş yeri açacaqlarını söyləyib. Eləcə də işğaldan azad edilən digər rayonlarımızın sakinləri. Özümlə bağlı deyə bilərəm ki, mənim Bakıda şəxsi mənzilim, yaxşı da işim var. Amma Ağdama sevinərək, özü də ilk qayıdanlardan biri mən olacam və o günü səbirsizliklə gözləyirəm. İşimi də doğma şəhərimdən idarə edəcəm. Burada heç bir problem yoxdur. Yəni, hansısa mülk, iş-güc doğma ana torpağından yüksəkdə dura bilməz. Nəzərə alın ki, yataqxanalarda, vaqonlarda yaşayan nə qədər keçmiş məcburi köçkün var. Əlbəttə, onlar baxımsız yerlərdə qalası deyil. Doğma, səfalı, gözəl təbiəti olan doğma torpaqlarında zaman-zaman özləri üçün şərait yaradıb yaşayacaqlar. İndi bizim üçün əsas məsələ ərazilərin minalardan təmizlənməsi və dövlət qurumlarının icazəsindən sonra geri qayıtmaqdır”.



Cəbrayıllı jurnalist, “yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə fikirlərini “Şərq”ə bölüşərkən deyib ki, doğma yurda qayıtmaq, ata ocağının çırağını yandırmaq hər bir insanın borcudur:

“Mənim kimi yüz minlərlə insan bu arzuyla yaşayır. Məcburi köçkünlər doğma torpaqlara köçürüləndə, karvanın önündə mən və əzizlərim də olacaq. Hər kəs buna əmin ola bilər. Biz 30 ilə yaxındır ki, Qarabağ həsrəti ilə yatıb-qalxırıq. Bu illər ərzində Qarabağı hər gecə yuxularımızda görmüşük. İndi yuxularımız çin olub. Qarabağ vətəndir və yaşamaq üçün bizə lazımdır. Qarabağda şəkil çəkdirməyə yox, yurd salmağa, əkib-becərməyə, o torpaqları cənnətə çevirməyə gedəcəyik”.

S.Verdizadə prosesə ciddi hazırlaşmağın zəruri olduğunu vurğulayıb:

“Dövlət dəqiq bilməlidir ki, nə qədər insan üçün ev tikib, yurd salmalıdır. Söhbət turist səfərindən deyil, birdəfəlik köçdən gedir. Azərbaycan rayonları sürətlə boşalır, bir çox ucqar kəndlərdə evlərin qapısına qıfıl vurulur. Sabah Qarabağda eyni hadisələr təkrarlanmamalıdır. İnsanların məşğulluq problemi həll olunmalıdır. Dövlət başçısının çıxışı da buna hesablanıb. Müzakirələrə başlamaq faydalıdır. Mən özümə və ailəmə cavabdehəm. Doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik.

Qohum-qardaşım, dost-tanışım da mənim kimi düşünür. Qarabağlıların böyük əksəriyyəti geri qayıtmaq üçün günləri sayırlar. Hər kəs buna əmin olsun”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu