Mühasirəni yaran “Qara” ləqəbli döyüşçü: “Çox yaxınlarına getmişdik, döyüşdük və...” 

Vətəni həmişə ana ilə müqayisə etmiş, hər ikisinin müqəddəs olduğunu demişik. Əlbəttə, bunu hər gün söyləmək, təlqin etmək olar. Amma yalnız tarixin hökmü ilə zamanı gələndə isbatlamaq mümkündür. Azərbaycan oğulları İkinci Qarabağ müharibəsində artıq teoremə çevrilmiş həmin fikirləri özlərinin hünər və cəsarətləri ilə bir daha təsdiqlədilər. Nəticə isə hamıya məlumdur. Biz noyabrın 10-dakı sevinc göz yaşlarımıza, keçirdiyimiz xoşbəxtliyə görə məhz onlara- şəhid və qazilərimizə minnətdarıq.

 1990-cı il iyulun 1-də Bakıdan anadan olan Rəşad Kamilov da 44 günlük müharibədə ana vətənin çağırışına cavab verənlərdən idi. Asəf Zeynallı adına musiqi məktəbini tar ixtisası üzrə bitirən bu gənc 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Və manqa komandiri kimi hərbi xidmət keçib. Amma, sən demə, o, düz on ildən sonra yenə mundir geyinəcəkdi...

 Rəşad Kamilov Vətən müharibəsindəki iştirakı barədə daha ətraflı “Sherg.az”a danışıb: 

“Bu döyüşlərdə iştirakım savaşın ilk günlərinə təsadüf edir. Sentyabrın 29-da ön cəbhəyə yola düşdüm və oktyabrın 3-dən N saylı hərbi hissənin bütün döyüşlərində iştirak etdim. Mənə “Qara” deyirdilər. Döyüş maşını komandirinin müavini, təkərli zenit transportorların tuşlayıcı operatoru idim. Fəqət texnikam sıradan çıxdığına görə, avtomatla döyüşürdüm. Günlərlə mühasirədə qalmışıq. Özü də ac-susuz. Lakin çətinliklər, məhdudiyyətlər heç kimi narahat etmirdi. Bircə məqsədimiz var idi- otuz illik həsrətə son qoymaq. Torpaqlarımızı azad etmək naminə şəhid olmağımızı gözə almışdıq. Xeyli şəhid verdik. Allah hər birinə rəhmət eləsin. Lakin hətta düşmən snayperinin açıq hədəfi olsaq da, onları döyüş meydanından çıxarırdıq. Yaralıları mümkün qədər cəld tibb işçilərinə çatdırırdıq ki, çox qan itirməsinlər. Dəfələrlə bir-birimizin həyatını xilas etmişik. Şəxsən mən şəhid komandirimiz, kapitan Ülvi Hüseynovun sayəsində sağ qalmışam. O, həmişə bizi qorusa da, biz Şuşakənd ətrafındakı döyüşlərdə onun həyatını xilas edə bilmədik. Komandirimiz ya noyabrın 6-sı, ya da 7-si şəhid oldu. Nə tarixdən xəbərimiz var, nə də saatdan”.

Qazimiz ən çətin əməliyyatlardan birindən də söz açdı: 

“Düşmən Xocavənd istiqamətindəki hərəkətəmizi görüb bizi mühasirəyə aldı. Həmin gecə təkcə mən olduğum qrupdan 32 qardaşım yaralandı. Komandirimiz mühasirədən çıxmağın yolunu göstərdi. Kapitan Hüseynovla birlikdə sonuncu yaralıları da mühasirədən çıxara bildik. Sonra Şuşakənd istiqamətində hücuma keçdik. Sıx duman var idi. Hətta 1 metr məsafədən qrupu itirə bilərdik. Odur ki, bir-birimizdən tutaraq irəliləyirdik. Komandanlığın verdiyi tapşırığı artıqlaması ilə yerinə yetirdik və deyilən məsafədən də çox getdik.

Duman çəkiləndə bizi gördülər. Sən demə, çox yaxınlarına getmişdik. Atışma zamanı mövqesiz qaldıq, açıq hədəf idik. Möcüzə idi, Allah bizi xilas etdi. Kapaner deyilən bir dərəyə sığındıq və yeddi gün mühasirədə qaldıq. Çox çətin olsa da, geri çəkilmədik. Əksinə, düşmən postunu ələ keçirdik. Təminatın gəlməyi mümkünsüz idi. Öz sursatımız tükəndiyi üçün ermənilərin silahlarından istifadə edirdik. Yaralıları ancaq qaranlıq vaxtı çıxara bilirdik.

Köməyə gələn qruplar da atəşə tutulurdu. Ağır artilleriyadan atılan atəşlə zərbənin təsiri altına düşmüşəm. Həmin vaxt yaralıları döyüş meydanından çıxardığıma görə, özümdən o qədər də xəbərim olmayıb. Məni hospitala aparıb, dərmanla yatızdırmışdılar. Başımın ağrısı dözülməz idi. Sonradan hospitaldan imtina edib, ağrıkəsiciləri cibimə qoyub döyüşə qayıtdım. Ümumiyyətlə, döyüş əhval-ruhiyyəmiz həmişə yüksək idi. Cənab prezident, Ali Baş Komandanın göstərişləri ilə ancaq irəli gedirdik. Şükür ki, dəmir yumruq kimi düşmənin başını əzə bildik.

Baş ağrılarım hələ də davam edir. Amma torpaqlarımızın azad olunmasında payım olduğuna görə özümü ən xoşbəxt bəndə sayıram”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu