Üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında görüş başa çatıb


Dünən Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirilib. 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gəliblər. Kremldə baş tutan görüş 4 saatadək davam edib və Qarabağın inkişafı ilə bağlı bəyanat imzalanıb. Həmçinin, görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatın reallaşdırmasının gedişatı nəzərdən keçirilib.

Regionun problemlərinin həlli üzrə sonrakı addımların müzakirəsi aparılıb. Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib. Rusiya rəhbəri Dağlıq Qarabağda vəziyyətin sabit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb. Vurğulayıb ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. 

“Biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik”

Rusiya prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib: “Biz hamımız sözsüz ki, bunda maraqlıyıq. Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb. Sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən, xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Bu halda xüsusi qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı. Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik. Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq. 

“Sülhməramlılarının 23 müşahidə məntəqəsi fəaliyyət göstərir”

Putin vurğulayıb ki, Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb: “Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir.

Hazırda regionda vəziyyət sakitdir. Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib. Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir.

Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar. Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib”. 

“Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir”

Azərbaycan və Ermənistan tərəfləri də görüşdən məmnunluq ifadə ediblər. Görüşün nəticələri ilə bağlı fikirlərini bəyan edən Prezident İlham Əliyev nəqliyyat kommunikasiyalarının açılmasının İrəvan və Bakının maraqlarına cavab verdiyini söyləyib. Dövlət başçısı vurğulayıb ki, imzalanan bəyanat niyyətimizdən bəhs edir. Çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi: “Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu