Mühüm İSMARIC: “Qarabağa nəzarətlə bağlı plan tərtib olunsun”

Dünən Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakıyla Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə liderlərin duruşundan tutmuş mimikalarına qədər hər şey Azərbaycanın qalib kürsüsündə olduğunu göstərdi. Ermənistan məğlubiyyətin gətirdiyi əzginliyi bir daha gizlədə bilmədi.

4 saatlıq görüşdən sonra  tərəflər arasında 4 bəndlik yeni bəyanat imzalanıb. Sənədə əsasən Naxçıvanla Azərbaycan arasında nəqliyyat, kommunikasiya əlaqələrinin qurulması üçün işlər görüləcək. Bu sahədə tikintinin həyata keçirilməsi, mövcud risklərin dəyərləndirilməsi məsələsi ilə bağlı hökumətlərarası işçi qrupu fəaliyyət göstərəcək.

İstənilən halda bəyanatın imzalanması Azərbaycan tərəfi üçün bir uğurdur. Çünki Ermənistan 10 noyabr bəyanatının reallaşması istiqamətində müəyyən əngəl törədən addımlar atırdı. Qarşı tərəf müxtəlif bəndlərlə, əsasən da 8-ci bəndlə manipulyasiya edirdi ki, bu bənd tamamilə təmin olunmasa, digər bəndlərin həyata keçirilməsi mümkün olmayacaq.

Bu nöqteyi-nəzərdən bizim üçün Naxçıvanla əlaqənin qurulması və Naxçıvanın blokadadan çıxarılması  vacibdir. Həmçinin Naxçıvan üzərindən Türkiyə ilə əlaqələrin yaradılması iqtisadi-ticari maraqların dövriyyəyə buraxılması, sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə perspektivdə əhəmiyyətli olacaq.

Görüşün tərəflər üçün verdiyi vədləri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayevin fikrincə, bəlkə də Ermənistanla sərhədlərin aradan qaldırılmasına gecikmişik:

“Hələ 10 noyabrdakı üçtərəfli bəyanatın səhəri günü söyləmişdim ki, artıq Qarabağa nəzarət prosedurları müəyyən olunan kimi Azərbaycan və Türkiyə  tez zamanda Ermənistanla sərhədləri açmalıdır. Eyni zamanda bütün kommunikasiyalar bərpa edilməlidir.

Bunu vacib hesab etməyimin səbəbləri var: Ermənistanda mövcud olan faşist partiyalar öz xalqını köməksiz kimi təqdim edərək hakimiyyətlərinin ömrünü uzadırlar.

Moskvadakı görüşdə də Ermənistan tərəfi bu məqamı qabartmaq istəyirdi. Guya erməni xalqına işgəncələr verilir, onlar sıxışdırılır. Ermənistan belə mövzuları gündəmə gətirərək özünə reytinq qazanmaq istəyir. Düşmən imkan vermir ki, bölgədə sülh və əmin-amanlıq bərqərar olsun”.

Analitik söyləyib ki, bölgədə ticarət və kommunikasiya əlaqələri bərpa olsa, ermənilər görəcəklər ki, onlar tarix boyu Osmanlı imperiyasının tərkibində işlər görüb, fərqli sənətkarlıqla məşğul olublar:

“Necə olur ki, min illər boyu Osmanlı imperiyası və Azərbaycan onlara heç nə etmədi. Guya 20-ci əsrin 90-cı illərində ermənilərə qarşı soyqırımı törətdik. Deməli, Ermənistan rəhbərlərinin də böyük səhvləri  olub. Sonuncu dəfə  Ermənistan Prezidenti Armen Sarkisyan bununla bağlı açıqlama verdi. Həmin açıqlamadakı bir neçə nüansı qabartmaq istəyirəm:

O, qeyd etdi ki, tarixən bütün imperiyalar erməni xalqından öz maraqları üçün istifadə ediblər. Həqiqətən də ermənilər başqa imperiyanın əlində alət olublar. 1990-cı illərdə bölgədə imperialist marağı olan ölkələrin maraqlarını həyata keçirmək üçün Azərbaycan xalqına xəyanət ediblər.

 A.Sarkisyan etirafında həmçinin deyir ki, onların uzun illər boyu öz dövlətləri olmayıb. Nəhayət, sovetlər birliyinin köməkliyi ilə gerbi olan bir dövlət qurublar. Əslində belə açıqlama verməklə bir daha etiraf etdilər:

Qarabağın tarixən onlara məxsus olduqlarını söyləsələr də, tarix boyu öz dövlətlərinin olmadığını deməklə yalan söylədiklərini təsdiqləmiş oldular”.

T.Rzayev qeyd edib ki, bölgədə ticarət əlaqələrinin qurulması Azərbaycan üçün əhəmiyyətlidir:

“Çünki Türkiyə və Gürcüstanla Mehri dəhlizi vasitəsilə əlaqə qurmalıyıq. Qoy ermənilər də bizim vasitəmizlə Rusiya və İrana getsinlər. İstənilən halda bu əlaqələrin inkişafı göstərəcək ki, Ermənistanda olan faşist partiyalar əhalidən öz maraqları üçün istifadə ediblər.

Bütün ermənilər Rusiya, Gürcüstan və Ukraynada Azərbaycan şirkətlərində işləməyə çalışırlar.

Əminəm ki, ermənilər imkan düşən kimi gəlib Azərbaycanda da yaşamaq istəyərlər. İlk növbədə Qarabağda erməni silahlı birləşmələrinin çıxarılması və bölgəyə nəzarət proseduru müəyyən edilməlidir. Bundan sonra bütün kommunikasiyalar açılsa, yaxşı olardı. Yəni sonradan bir problem çıxmasın.

Bu gün yollar açıldı və sabah bir mübahisə olanda Azərbaycan və Türkiyə yenidən sərhəd bağlayacaq? Bir sözlə, problemi birdəfəlik, köklü və ədalətli şəkildə həll etmək lazımdır.

Fikrimcə, kommunikasiyaların açılması istənilən halda müsbət addımdır. Lakin çox yaxşı olardı ki, Qarabağa nəzarət prosedurları ilə bağlı ən azından yol planı tərtib olunsun”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu