Kiberhücumlar xəbər saytlarını çökdürə bilər

"Bu gün ölkə mediasını götürsək, yalnız 4-5 xəbər saytından başqa digər media qurumlarının saytlarının təhlükəsizlik tədbirləri çox aşağıdır"

Ölkə vətəndaşları artıq informasiya cəmiyyətində yaşayırlar, bilik və informasiya resursları cəmiyyətin əsas varlığına çevrilib. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çəkir. Tədricən müasir cəmiyyətin dayaqları bundan asılı vəziyyətə düşüb.

Bu səbəbdən informasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, vacib bir amildir. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi bir dövrdə informasiya təhlükəsizliyinin təmin olunması mühüm məsələ kimi qarşıda durur. Bu gün bütün dünya dövlətləri informasiya təhlükəsizliyinin təmin olunması üçün yollar axtarır, bu sahədə davamlı tədbirlər həyata keçirir.

Azərbaycan informasiya təhlükəsizliyinin pozulması nümunələri ilə tez-tez üzləşir. Çünki Azərbaycan ümumiyyətlə dünya informasiya məkanına bu cür müdaxilələrdən sığortalanmayıb. Azərbaycana qarşı əsasən Ermənistanın informasiya strukturları, habelə xaricdə (əsasən Rusiyada) ermənipərəst, erməni lobbisinin idarəsində olan qruplar, fərdlər həyata keçirir. Yalnız Ermənistan deyil, Rusiya, Çin, ABŞ və digər ölkələrindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınır. Birmənalı şəkildə aydındır ki, nə qədər ki, virtual informasiya mühiti var, informasiya müharibəsi mövcudluğunu daim saxlayacaq. Bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ölkəmizin ən mühüm prioritet istiqamətlərindən biridir. Bu yaxınlarda BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, yaxın gələcəkdə insanlar kiberhücumlara qarşı daha geniş mübarizə aparmalı olacaqlar.

Bəs ölkəmizdə olan onlayn media qurumları kiberhücumlardan necə qorunur? Gələcəkdə media qurumlarının fəaliyyəti bu istiqamətdə necə tənzimlənməlidir? 

Sualımızı cavablandıran "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas "Şərq"ə açıqlamasında bildirib ki, saytların kibertəhlükəsizliyi çox önəmli məsələdir. Texnobloqer diqqətə çatdırıb ki, bu günləri Azərbaycan mediasının ən böyük çətinliyi və əskikliyi ondan ibarətdir ki, istər onlayn media olsun, istərsə də televiziya və radio mediası, yalnız reytinq arxasınca qaçır:

"Bu günləri media orqanlarımız İP xətrinə xəbərlər istehsal edir. İlk növbədə media üzərinə düşən məsuliyyəti hiss etməli və cəmiyyətin inkişafı üçün dayanıqlı əsas olmalıdır. Lakin təəssüf ki, indi bir çox media rəhbərləri, jurnalistlər  şou effekti yaradaraq insanları hansısa məlumatı oxumağa sövq edirlər. Nəticədə mediada faydalı və texnoloji məzmunun yeri çox az olur. Birmənalı şəkildə qəbul olunmalıdır ki, reytinq arxasınca qaçmaqla ölkə mediasını inkişaf etdirmək olmaz. Bu günləri ölkəmizdə izləyici kütləsi çox keyfiyyətlidir.  Bu kütlə ilə sosial mediada çox gözəl informasiya müharibəsi aparmaq olar. Bildiyimiz kimi, informasiya müharibəsi iştirakçıları tutarlı arqumentlər gətirməyi bacarmalı, xarici dil bilməli, debat qabiliyyətləri olmalıdır. Yəni aqressiv rəylər yazmaqla, düşməni söyməklə heç bir informasiya müharibəsinin iştirakçısına çevrilmək olmaz. Bizim əsas məqsədimiz qlobal arena və beynəlxalq mediada haqq tərəfimizi müdafiə etməkdir. Təbii ki, beynəlxalq mediada haqq tərəfimiz yayıldığı halda ölkəmizə qarşı kiberhücumların da sayında kəskin artım olacaq. Bildiyimiz kimi, bu gün ölkəmizdə çoxsaylı media saytları fəaliyyət göstərir. Demək olar ki, hər bir qəzetin onlayn versiyası da mövcuddur. Sual yaranır ki, bunlar gələcəkdə kibertəhlükəsizlikdən qoruna biləcəklərmi? Təbii ki, xeyr. Çünki ilk növbədə təhlükəsizliyin təmin olunması üçün hər bir saytı bir serverdə deyil, bir neçə serverdə saxlamaq lazımdır. Təəssüf ki, bu, əksər xəbər saytlarında yoxdur. Həmçinin xəbər saytlarında "Backapp"lardan mütləq şəkildə istifadə olunmalıdır. Onu da qeyd edim ki, əvvəllər kiberhücumlar daha çox həvəskarlar tərəfindən olurdu, lakin indi dövlətlərin özləri kiber dəstələr hazırlayır və məqsədli şəkildə hücumlara əl atırlar. Buna görə də xəbər saytları müharibə mərkəzi hesab olunduğu üçün onlara hücum daha kəskin olur. Kibertəhlükəsizliyin düzgün qurulmaması  informasiya müharibəsini uduzmaq deməkdir".   

Müasir dövrdə texnologiyalar müharibəsinin getdiyini vurğulayan İT üzrə mütəxəssis Sadiq Mirzəyev "Şərq"ə  açıqlamasında qeyd edib ki, Azərbaycan xəbər saytları kibertəhlükəsizlik istiqamətində işlərini daha da gücləndirməlidir:

"44 günlük Vətən müharibəsi dönəmində xəbər saytlarına edilən kiberhücumların şahidi olduq. Ümumiyyətlə, bu gün ölkə mediasını götürsək, yalnız 4-5 xəbər saytından başqa digər media qurumlarının saytlarının təhlükəsizlik tədbirləri çox aşağıdır, hətta deyərdik ki, çox zəifdir. Hücum edən tərəflər adətən DDoS hücumları həyata keçirirlər ki, bununla da həmin xəbər saytlarını tamamilə çökdürmək mümkündür. Düşmən bu saytlara girərkən, orada boşluq tapan kimi  avtomatik serverin içinə girir. Nəticədə burada istədiyini edə bilir. Məsələn, istəsə burada "Database" silə bilər, istəsə xəbərə girərək Ermənistanın bayrağını qoya bilər və s. Ümumiyyətlə, belə deyək ki, sındırılmayacaq deyilən bir şey yoxdur. Sadəcə olaraq, minimum təhlükəsizlik tədbirləri var. Buna görə də, xəbər saytları onlara təklif etdiyimiz təhlükəsizlik məsələlərini icra etsinlər. Onu da qeyd edim ki, ilk öncə saytlar hazırlanan zaman ilk olaraq onun təhlükəsizliklə bağlı problemləri həll edilməlidir.  Hesab edirəm ki, xəbər saytlarında bu məsələlərə xüsusi diqqət yetirilməsi, mütəxəssisin sayta daim diqqət etməsi və daha keyfiyyətli resursların hazırlanması vacibdir. Ən başlıcası isə hostinqlərin keyfiyyətli olmasına xüsusi diqqət yetirilməlidir".

Tanınmış jurnalist Azər Həsrət "Şərq"ə açıqlamasında internet mediasının da keçici olduğunu bildirib:

"Düşünmürəm ki, qarşıdakı illərdə davamlı şəkildə mütləq internet mediadan istifadə etməli olacağıq. Yəqin ki, gələcəkdə daha nələrsə icad olunacaq. Ancaq bu günə nəzər salsaq görünən odur ki, işimizi internet medianın üzərindən qurmalıyıq. Bunun üçün isə təhlükəsizlik məsələlərini kökündən həll etməliyik. Ən başlıcası, Azərbaycan internet media qurumlarının serverləri ölkəmizdən kənarda yerləşməməlidir. Bu birinci şərtdir. Niyə? Ona görə ki, xarici ölkələrdə yerləşən serverlər güvənli deyil.

Məsələn, günün birində hansısa dövlətdə qanun qəbul edilə bilər, yaxud da ki, bizim dövlətimizin o dövlətlə müəyyən problemi yarana bilər və ya sanksiyalar tətbiq oluna bilər. Nəticədə biz əlimiz çatmayan serverlərdən məhrum ola bilərik. Bu günləri Azərbaycanın bir sıra media qurumlarının resursları xaricdə yerləşir.

ABŞ Prezidenti Donald Trampın sosial media hesablarının qapanması məsələsinə gəlin diqqət yetirək. Nələr yaşandı? Sosial medianın sahibi istədiyi kimi onu bağladı və bununla da məsələ bitdi. Heç kim də heç nə edə bilmədi. Bizim də resurslarımız Amerikada, Avropada serverlərdə yerləşir. Kimsə xoş gəlmədikdə bizim xidmətimizi dayandıra bilər və faktiki olaraq biz heç nə edə bilməyəcəyik. Yaxud da ki, edəcəyik, amma bu, zaman alacaq. Təbii ki, nəticədə biz çox şey itirəcəyik. O baxımdan serverlərin Azərbaycanda yerləşməsi əsasdır".

Ekspert qeyd edib ki, dövlətin müvafiq xidmətləri təhlükəsizlik məsələlərinə nəzarət etməlidir:

"Çünki qəzetlərin, saytların və ayrı-ayrı informasiya resurslarının hazırda elə də güclü texniki komandası yoxdur. Bu günləri bu sahədə mütəxəssis tapmaq çətindir. Açığı deyim ki, qəzetlərimizin elə imkanları yoxdur ki, yüksək məbləğlərdə maaş versin və o xidmət üçün kimlərisə bu işə cəlb etsinlər. Çünki bu xidmət həqiqətən də çox bahalı bir xidmətdir. Və o işlə məşğul olan adamlar da ucuz qiymətə heç yerdə işləmirlər. Hətta onların bir çoxları Azərbaycanı belə tərk ediblər. Tutaq ki, onlara burada 500-1000 manat təklif edirlər.

Həmin adamlar gedib Cənubi Koreyada 10 -20 min dollar maaşla işləyir. Eləcə də Amerikada, Avropa ölkələrində. Kibertəhlükəsizlik yüksək maaş tələb edən iş olduğuna görə, o cür işçiləri qəzetlərin təmin etməsi mümkün deyil. Bu baxımdan düşünürəm ki, dövlət proqramı olmalı və ümumi dövlət təhlükəsizlik xidməti tətbiq edilməlidir. Bizim hər hansı problemimiz çıxanda dövlətə müraciət edilməlidir.  Düzdür, indi elə bir xidmət var. Amma yetərlidirmi? Fikrimcə, yetərli deyil.

İkinci tərəfdən isə, ümumiyyətlə, Azərbaycan özünün internet müstəvisindəki mövcudluğunu bütün mümkün hücumlardan qorumaq üçün dövlət səviyyəsində tədbirlər görməlidir. Bu zaman müsbət nəticə əldə etmək mümkün olacaq".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu