Müharibə şəraitində psixoloji zədələr alan əsgərlərimiz çoxdur

Belə insanların yenidən cəmiyyətə adaptasiyası çox çətin olur

"Hətta psixoloji durumu normal olanlar belə reabilitasiya tədbirlərinə cəlb olunmalıdır"


Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir.
Lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur.

Bu, vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 nəfər mütəxəssis psixoloq dəvət olunub. 



Tanınmış psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə açıqlamasında bildirib ki, Vətən müharibəsindən qayıdan hər bir vətəndaşımıza mütləq psixoloji yardım göstərilməlidir. Psixoloqun sözlərinə görə, müharibənin dəhşətlərinə görmüş insanların yenidən cəmiyyətə adaptasiyası çox çətin olur:

"Parçalanmış insan cəsədləri görmüş  insanların gələcəkdə normal həyata qayıtmaqları və normal davranış sərgiləmələri üçün onlara uzun müddət lazımdır. Hər bir insanın psixologiyası individualdır və müəyyən psixoloji ruha malikdir. Onlar öz hallarına uyğun olaraq müharibə şəraitində zədələr alırlar. Bəzən hər şey həmin şəxsdə normal görünsə də, bu, tam əks də ola bilər.

Ona görə də bu çox həssas məsələdir. Əgər bu məsələnin üzərinə düşülməsə, bu hal onlarda uzun müddət davam edəcək və nəticədə cəmiyyətdə aqressiya və cinayətlərin sayı artacaq. Toplum olaraq isə çox aqressiv bir toplum formalaşacaq". 

Psixoloq qeyd edib ki, ümumiyyətlə, müharibədən sonrakı psixoloji şərait bir çox ölkələrdə hər zaman mövcud olub:

"Məsələn, ABŞ-da Vyetnam müharibəsindən sonra intihar edənlərin sayı müharibədə ölənlərdən çoxdur. Çox təəssüf ki, 44 günlük Vətən müharibəsindən sonra qalib hərbiçiləri arasında intihar hallarına rast gəlindi. Buna görə də psixoloji reabilitasiya tədbirləri sürətlənməlidir. Hətta psixoloji durumu normal olanlar belə reabilitasiya tədbirlərinə cəlb olunmalıdır.

Ən peşəkar psixoloqlarla, psixiatrlarla, psixoterapevtlərlə işlənilməlidir. Bu bir faktdır ki, bu gün müharibə şəraiti üçün ölkəmizdə bu sahədə psixoloqlar ixtisaslaşmayıb. Hərbçilərin psixoloji ruh halına uyğun kurslar, proqramlar tədris olunmalıdır.

Düşünürəm ki, necə ki, ölkəmizdə hərbi həkim, hərbi prokurorluq var, eləcə də hərbi psixoloq üzrə ixtisaslaşmış mütəxəssislər olmalı və onlar qazilərlə, müharibədə iştirak etmiş şəxslərlə işləməlidir.

Bu gün ölkəmizdə olan psixoloqlar müharibədən qayıdan insanlarla işləyə bilməz. Buna görə də, istər QHT-lər, istərsə də dövlət səviyyəsində müəyyən tədbirlər görülməsi vacibdir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu