Paşinyan imicini xilas etməyə çalışır

O, Moskvada narazılıqlarını bildirməsəydi, Yerevana qayıda bilməzdi

"Məhz özünə qarşı aqressiyanı nisbətən yumşaltmaq üçün “status” məsələsini gündəmə gətirdi"

Öz ampluasından kənara çıxmağı bacarmayan Ermənistan baş naziri Nikol Paşinyanın Moskvadakı üçtərəfli görüşdə də sərsəm iddialarından vaz keçməyib. Müzakirələrdən narazı qalan Paşinyan “Dağlıq Qarabağ münaqişəsi"nin hələ nizamlanmadığını deyib. Vəziyyətdən şikayətlənən baş nazirin qənaətincə, atəşkəs rejimini təmin etmək mümkün olsa da, həll edilməsi zəruri olan çox məsələlər qalmaqdadır. Paşinyana görə, ilk növbədə çözülməsi vacib olan problemlərdən biri Dağlıq Qarabağın “statusu”dur.

Baş nazir Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqları davam etdirməyə hazır olduğunu da bəyan edib. Şübhəsiz, bizim üçün, elə Rusiya üçün də artıq “status” məsələsi tamamilə bitib. Dövlət başçısı İlham Əliyevin qəti və konkret mövqeyindən sonra bu məsələ müzakirə predmeti olmaqdan çıxıb. Ekspertlərin fikrincə, Paşinyanın “Qarabağın statusu” ilə bağlı dedikləri daxili auditoriyaya oynamaqdır. O, Ermənistan vətəndaşlarına, ələlxüsus dünya ermənilərinə nümayiş etdirir ki, erməni “maraqları”na xəyanət etmir. Əksinə, hər fürsətdə onları qorumağa və gerçəkləşdirməyə çalışır. 

Paşinyanın tarixin zibilliyinə getmiş məsələləri yenidən gündəmə daşımasını “Şərq”ə dəyərləndirən millət vəkili Tahir Kərimli bildirib ki, 10 noyabr Bəyanatından sonra belə bir görüşün baş tutması çox vacib idi. Deputatın sözlərinə görə, Azərbaycan ictimaiyyəti bəzi suallara cavab tapa bildi:

“Üçtərəfli görüş 4 saat çəksə də, tərəflər arasında ikitərəfli müzakirələr də olub. İctimaiyyətə sadəcə birgə kommunikasiya xətlərinin bərpası, iqtisadi əlaqələrin qurulması ilə bağlı informasiyalar verilib. Ancaq heç kim şübhə etmir ki, müzakirələr çərçivəsində bütün qaranlıq məqamlar öz əksini tapıb, kənarda qalan məsələ olmayıb. Ermənistan baş nazirinin görüş sonrası narazılığı, şikayətləri göstərir ki, danışıqlar Azərbaycan tərəfinin xeyrinə başa çatıb. Belə məqamda Paşinyanın narahatlığı başadüşüləndir. Paşinyan birgə bəyanat zamanı “status” və “əsir” məsələsini qaldırarkən Putin çevrilib tərs-tərs ona baxdı.

Aydın görünür ki, Kreml də Paşinyanın istək və təkliflərinə ciddi yanaşmır. Rusiya rəhbərliyi anlayır ki, Paşinyan cığallıq etməklə ilk növbədə səbri tükənmiş erməni cəmiyyətini sakitləşdirməyə çalışır. Ermənistanda baş nazirə qarşı kəskin etirazlar var. Onun Moskvaya səfərini əngəlləmək istəyən kütlə var idi.

Baş nazir Kremldə mətbuat önündə bu cür ifadələr səsləndirməsəydi, bəlkə də Yerevana qayıda bilməzdi. Məhz özünə qarşı aqressiyanı nisbətən yumşaltmaq üçün “status” məsələsini gündəmə gətirdi. Həm də öz imicini xilas etmək naminə təşəbbüs göstərdi. Erməni lobbisinə də mesaj verdi ki, guya, baş nazir əlindən gələni edir, müqavimət göstərir və s”. 

Parlament üzvü vurğulayıb ki, münaqişə çoxdan başa çatıb və bundan sonrakı siyasi-iqtisadi proseslərə ciddi hazırlıq gedir:

“Üçtərəfli işçi qrupunun yaradılması qarşıda quruculuq mərhələsinin olmasından xəbər verir. Ekspertlər 1 ay ərzində təkliflərini hazırlayıb ölkə rəhbərlərinə təqdim edəcəklər. Əslində, bölgədə kommunikasiyaların bərpası Rusiya və Azərbaycanla yanaşı, Ermənistan üçün də faydalıdır. Əfsuslar olsun ki, Yerevan hökuməti bu reallığı dərk etmək istəmir.

Lakin Ermənistan rəhbərliyinin cəhdləri əbəsdir. Artıq düyməyə basılıb və geriyə yol yoxdur”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu