Gəncədə xatirə kompleksinin yaradılması vacib məsələdir

Müharibə zamanı dağıntıya məruz qalmış binanın bir tərəfini muzey kimi saxlamalıyıq

"Gələcəkdə işğal muzeylərini tələbələr, şagirdlər  ziyarət edəcəklər. Eksponatlarla yanaşı, həmin video-çarxlar vasitəsilə də şəhidlərimizi tanıyıb, tarixi savaşımızı öyrənərlər"

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı Qarabağda işğal muzeylərinin, erməni terrorundan zərər çəkən  Gəncədə isə xatirə kompleksinin hazırlanacağını söyləyib.
Ölkə başçısı deyib ki, azad edilən ərazilər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır: “Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin. Misal üçün, Ağdam, Füzuli və digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş  bütün şəhərlərdə işğal muzeyləri yaradılmalıdır. Memorial komplekslərlə, zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. İndidən bu muzeylərin konsepsiyasını işləyin”.

Prezident həmçinin bildirib ki,  həmin muzeylərdə Ermənistanın işğalçılıq siyasəti də əks olunmalı, hər rayonun, şəhərin təqdimatı orda göstərilməlidir. Beləliklə xaricdən gələn qonaqlar bizim hansı vəhşilərlə mübarizə apardığımızı, ölkəmizi və Cənubi Qafqazı  hansı bəladan xilas etdiyimizi görəcəklər. 

İlham Əliyev Gəncə şəhərində xatirə kompleksinin yaradılacağını xüsusi vurğulayıb. Ali Baş Komandan evləri dağılan vətəndaşlara yeni mənzillərin tikiləcəyini, dağıntı olan ərazinin xatirə kompleksinə çevriləcəyini deyib:

“Fikrimcə, artıq orada təmizləmə işlərinə də start verməliyik. Bir müddət o yerlər  xarici jurnalistlərin, diplomatik missiyaların nümayəndələrinin gedib, orada erməni vəhşiliyini görmələri üçün dağıdılmış vəziyyətdə qaldı. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirdilər. İndi isə Gəncə şəhərində dağıdılan çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə başlanılmalıdır. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. Xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim şəhidlərimizi unutmasın. Biz onların əziz xatirəsini əbədiləşdirməliyik”- deyə ölkə başçısı qeyd edib. 



Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin professoru Sabir Məmmədli “Şərq”ə açıqlamasında Prezidentin qaldırdığı məsələlər haqqında danışıb. Professor xatirə kompleksinin və işğal muzeylərinin əhəmiyyətindən söz açıb:

“Dünyanın bir sıra ölkələrində müharibədən sonra xatirə kompleksləri, muzeylər yaradılır. Orda savaşda canla-başla vuruşan əsgərlərimiz haqqında məlumatların  əks olunması məqsədəuyğundur. İşğaldan azad edilən rayonlar, Qubadlı, Laçın, Kəlbəcər erməni vandalizminə qarşı tarixi savaş məkanıdır. 

Həmin ərazilərdə vaxtilə Sultan bəy də daşnaklarla mübarizə aparıb. O yerlərdən ermənilər daim Azərbaycan ərazisinə hücum edib. Tarixə nəzər salsaq görərik ki, Qaçaq Nəbi də Qubadlıda savaşıb. Ona görə yaradılacaq muzeylərdə xalq qəhrəmanlarına da yer verilməlidir. Bəlkə də müəyyən əşyalar da tapıla bilər. İstərdim ki, Laçındakı muzeydə Sultan bəyin mübarizə yolundan bəhs edən materiallar olsun. Yeni nəsil həmin eksponatlardan  Laçının tarixini öyrənsinlər, yaddaşlarında qalsın.

Sonra Birinci Qarabağ müharibəsində vuruşan igidlərimizi də unutmayaq. Onların şücaətindən də bəhs olunsun. İkinci Qarabağ savaşında əsgərlərimiz böyük hünər  göstərib, torpaqlarımızı işğaldan azad etdilər. Bununla yanaşı sosial şəbəkələrdə, mətbuatda savaşçılarımızın xatirələri, şəhidlərimizin son videoları, son sözləri yayıldı. Məsələn, bir şəhidimizin şəhadətindən öncə  ailəsi üçün çəkdiyi video var idi. Oğluna öz adının verilməsini istəyirdi. Həmçinin Xudayar Yusifzadənin ürəklərdə silinməz izlər qoyan ifası, gülər üzü ilə lentə aldığı videosunu da misal göstərmək olar. Bütün bunlar da işğal muzeylərində yer alsın. 

S.Məmmədli qeyd edib ki, muzeylər ənənəvi deyil, müasir tələblərə uyğun hazırlanmalıdır:

“Çünki dövr dəyişir, texnologiyalar inkişaf edir. Gələcəkdə işğal muzeylərini tələbələr, şagirdlər  ziyarət edəcəklər. Eksponatlarla yanaşı həmin video-çarxlar vasitəsilə də şəhidlərimizi tanıyıb, tarixi savaşımızı öyrənərlər.

O cümlədən Gəncədə də xatirə kompleksi yaradılacaq. Mediada belə bir təklif irəli sürmüşdüm ki, dağıntıya məruz qalmış binanın bir tərəfini muzey kimi saxlasınlar. Fikrimcə,  bütövlükdə kvartal dağınıq formada qalmasın. Çünki şəhərin görünüşünə də təsir edəcək. Lakin kiçik hissəsini saxlamaq olar.

Hadisələrin dəhşətini,  insanların iztirabını göstərəcək eksponatlar olmalıdır. Düşmənin Gəncəni raket hücumu ilə hədəf aldığı anlardan video-görüntülər var. Birbaşa real rolikləri göstərək ki, hər kəs əyani formada o vəhşəti görsün. Xatirə komplekslərinə, muzeylərə gələn şəxs qısa müddət də olsa  müharibənin ab-havasını duysun.

Savaşın çətinliyini hiss etsin. Onu da deyim ki, illər ötəcək. Müəyyən əsərlər, romanlar yazılacaq. Onları oxuyan gələcək nəsil əsərin hansı hissəsinin real, hansının bədiiləşdirilmiş olduğunu aydınlaşdırmaq istəyəcək.

Ona görə video-roliklər nümayiş etdirilməlidir ki, gənclər reallıqla tanış olsun. O zaman əsgərlərimizin necə ürəklə, cəsarətlə döyüşə yollandığını, erməni terrorizminə məruz qalmış mülki əhalinin ağrısını görüb, duyacaqlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəbova Yazarın yazıları
menu
menu