Moskva görüşündə Türkiyə niyə masada olmadı? – ŞƏRH

“Dünən Ərdoğan qeyd etdi ki, münaqişə Türkiyənin dəstəyi ilə çözüldü”

“Hiss olunurdu ki, qardaş ölkə rəhbəri  da masada olmaq istəyir”

“Rusiya masadadırsa, Türkiyə də olmalıdır, bunu təmin etməliyik”


Vətən müharibəsinin başa çatdığı 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatı imzalandı. Bu sənəd Cənubi Qafqazda yeni mərhələnin əsasını qoydu. Nəhayət Ermənistan hərbi-siyasi arenada Azərbaycan qarşısında diz çökərək rəsmi Bakının şərtlərini qəbul etməli oldu. Bu bəyanatın imzalanmasından 2 ay sonra- yanvarın 11-də Moskvada üç ölkənin başçısı görüşdü. Üçtərəfli görüş və imzalanan 4 bəndlik yeni bəyanat xüsusi aktuallıq təşkil edir.

Moskva görüşündə Ermənistanın heç bir şərtinin qəbul edilməməsi, sözsüz ki, ölkəmizin diplomatik uğuru sayıla bilər. Bəzi ekspertlər hesab edirlər ki, bağlı qapılar arxasında baş tutan müzakirələrdə Azərbaycan 10 noyabr bəyanatının dəqiqliklə icrasını tələb edib. İmzalanan yeni sənəddə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımların müəyyənləşdirildiyini qeyd edə bilərik. Məsələn, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizin açılışı ilə bağlı işçi qrup yaradıldı.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Kremldəki üçtərəfli görüşün maraqlı və vacib detallarını “Sherg.az”a açıqlayıb. Analitik bildirib ki, bütün istədiklərimizi bir görüşlə əldə edə bilmərik:

“Əsas tələblərimiz odur ki, Qarabağdakı ermənilər tərkislah edilsin, Laçın sərhəddini nəzarətə götürək və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olsunlar. Ermənistan tərəfi isə bu tələbləri yerinə yetirmir deyə proses uzanır. Bizim üçün önəmli olan Naxçıvan dəhlizinin açılmasıdır.

Ümumiyyətlə, Ermənistan Moskvada istədikləri nəticələri əldə edə bilməzdi. Ermənistanın baş naziri bu görüşə getmək istəmirdi. Paşinyan iki mövzunu - status  və əsirləri müzakirə etməyə can atırdı. Bu mövzular müzakirə edilmədi, qətiyyətli mövqeyimizi ortaya qoyduq. Əsirlərin dəyişməsini onsuz da müharibə vaxtı həyata keçirmişik.

10 noyabrdan sonra ələ keçən silahlı separatçılar bizim üçün əsir sayılmır, onlar terrorçudurlar. Onları asanlıqla təslim edə bilmərik. Qarabağın statusu da bizim üçün maraqlı deyil. Status heç vaxt olmayacaq. Paşinyan ortaq mətbuat konfransında ona görə bu mövzuları dilə gətirdi ki, erməni auditoriyasına məsələləri qaldırdığını göstərsin”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistan görüşdə heç bir nəticə əldə etmədi:

“Bizim isə əldə etdiyimiz nəticə dəhlizin açılması ilə bağlıdır. Lakin təsəvvür etmək bir qədər çətindir ki, bir ölkə qarşı tərəfə ərazi iddiasından vaz keçib iqtisadi əlaqələri necə bərpa etməlidir? Bu, mənim üçün bir qədər müəmmadır. Lakin artıq dəhliz fəaliyyətə keçəcək. Dəhlizin açılması Azərbaycan, Rusiya, Türkiyə, İran, hətta Ermənistanın maraqlarına xidmət edə bilər.

Çünki Gürcüstanla Rusiya arasındakı münaqişəyə görə Gürcüstan üzərindəki dəmir yolu qapalıdır. İndi imkan var ki, Azərbaycan üzərindəki dəmir yolu ilə Rusiya öz mallarını Ermənistana, Ermənistan da Rusiyaya daşısın. Bu, Ermənistanın maraqlarına xidmət edir. Lakin bizim üçün önəmli olan siyasi məsələlərin həllidir. Yəni Ermənistan ölkəmizə qarşı ərazi iddiasından vaz keçsin və birmənalı olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanısın”.

Politoloq həmçinin vurğulayıb ki, Türkiyə mütləq danışıq masasında olmalıdır:

“Ölkə başçısı İlham Əliyev də bu məsələ barədə fikirlərini bildirib. Təəssüf ki, qardaş ölkə hələ danışıqlar masasında əyləşməyib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan dünən Qarabağla bağlı ciddi fikirlər səsləndirdi. O qeyd etdi ki, 30 ildə böyük dövlətlər Qarabağ məsələsini həll etmədi, amma Türkiyənin dəstəyi ilə münaqişə çözüldü.

Hiss olunurdu ki, Ərdoğan özü də masada olmaq istəyir. Həqiqətən də Türkiyə 44 günlük müharibədə bizə kifayət qədər dəstək verdi. Regionun iki əsas və aparıcı dövləti var: Rusiya və Türkiyə. Bu iki dövlət proseslərə təsir göstərir. Rusiya masadadırsa, Türkiyə də olmalıdır.

Son zamanlar belə bir fikir yaranıb ki, biz artıq bir millət və bir dövlət kimi çıxış etməliyik. Bu prinsipi rəhbər tutaraq gələcəkdə Türkiyənin masada olmasını təmin etməliyik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu