Üşümə xəstəliyi !- Niyə yaranır və necə qurtulmaq olar? - İZAH  

Bəzi insanlarda tez-tez üşümək kimi sağlamlıq problemi var.  Çox vaxt “soyuqdandır” deyib, buna ciddi yanaşmırıq. Davamlı üşüməyin səbəbləri müxtəlifdir. Qış aylarında soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin ilkin göstəricisi üşümə, titrətmə və yüksək tempraturdur. Müalicə alınmadığı təqdirdə bu problemdən əziyyət çəkmə müddəti arta bilər.


Üşüməyə səbəb olan digər amil anemiyadır. El arasında “qansızlıq” kimi tanınan anemiya xəstəliyi geniş yayılıb. Önəmli sağlamlıq problemi olan anemiya xəstəliyinə qadınlarda daha tez-tez rast gəlinir. Bu xəstəlik müalicə olunmadıqda halsızlıq, tez yorulma, sürətli ürək döyüntüsü kimi problemlər artmağa başlayır.



Həkim-terapevt Fəxriyyə Əhmədova “Sherg.az”a açıqlamasında bildirib ki, səbəbsiz üşümə hər hansı xəstəliyin simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmaq olmaz. Həkim qeyd edib ki, artıq çəki də insanlarda üşümə problemi yaradır:

“Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür. Qalxanvari vəzi xəstəlikləri də üşümənin əsas səbəblərindəndir. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Həmin funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur”.

F.Əhmədova vurğulayıb ki, arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma da insanın tez-tez üşüməsinə imkan yaradır:

“Bu vəziyyətdə insan qida ilə az kalori alır. Bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür. Qan dövranı pozulmaları da vacib səbəblərdən biridir. Şəkərli diabet xəstəliyi ürək-damar sistemini zədələyir. Nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Bununla da insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır”.

Soyuğa qarşı allergiyası olan insanlar da tez-tez üşümə ilə rastlaşır. Belə şəxslərdə soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Həmin insanlar soyuq havada hətta isti geyindikdə belə daim üşüyür”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu