Azərbaycan, Türkiyə və Pakistan üçlüyü !- “Güc mərkəzinə çevrilə bilərlər”

“Azərbaycana düşmən mövqe sərgiləmək istəyən ölkələr Pakistan kimi nüvə dövlətini gözünün  qarşısına gətirməli olacaq”


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın Pakistanda rəsmi səfərdədir. Bu səfər 2010-cu ildən bəri Xarici İşlər Nazirliyi səviyyəsindən ölkəmizdən Pakistana ilk səfərdir. Səfər zamanı C.Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb. Bu ölkənin XİN başçısı qeyd edib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.
“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”.
Azərbaycanın strateji tərəfdaşı olan ölkələr sırasında Rəsmi İslamabadı xüsusilə vurğulamaq lazımdır. Məlumdur ki, Pakistan 44 günlük müharibədə ərazi bütövlüymüzü dəstəkləyərək daim Azərbaycanın yanında oldu. Bu baxımdan ikitərəfli münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir.



Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında Pakistanla Azərbaycanın mənəvi bağlarının çox güclü olduğunu söyləyib.
Analitik vurğulayıb ki, ölkəmizin iş adamları ən çətin dönəmlərdə Pakistan xalqına köməklik göstəriblər:

“Pakistan toplumu və dövləti bu yaxşılıqları unudan deyil. İkinci Qarabağ müharibəsində Pakistanın siyasi-mənəvi dəstəyini gördük. Fikrimcə, nüvə silahına sahib olan müsəlman Pakistanının Azərbaycan və Türkiyənin yanında olması gücümüzə güc qatar”.

N.Mirinin fikrincə, qardaş Türkiyə və Pakistan əməkdaşlığının daha da gücləndirilməsi həm islam, həm Azərbaycan üçün ən strateji addımlardan biridir:

“Hazırda Azərbaycan, Türkiyə və Pakistan üçlüyünün varlığı regionda ciddi mənada çəkindirici geosiyasi məqam kimi çıxış edir. Azərbaycana düşmən mövqe sərgiləmək istəyən ölkələr Pakistan kimi nüvə dövlətini gözünün  qarşısına gətirmək məcburiyyətində qalacaq.

Gələcəkdə bu birlik həqiqətən də regionda və Mərkəzi Asiyada ciddi bir güc mərkəzinə çevrilə bilər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu