Prezidentin səfəri həm də bir mesajdır: “Şuşa bir daha işğal altına düşməyəcək”

Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşaya səfər ediblər. Ali Baş Komandan illər əvvəl ulu öndər Heydər Əliyevlə birlikdə şəkil çəkdirdiyi ərazidə olub. Cənab Prezident və ailəsi Şuşadakı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri, Qazançı kilsəsi və erməni vandalizminə məruz qalan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə də baş çəkiblər.
Ali Baş Komandan üçrəngli bayrağımız qaldırıldıqdan sonra hərbçilərlə söhbətləşib. Ölkə başçısı qeyd edib ki, heç kim bu torpaqları bizə elə-belə verməyib:

“Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

Tarixi səfərlə bağlı təəsüratlarını “Sherg.az”la bölüşən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev bildirib ki, Ali Baş Komandanın Şuşaya səfəri möhtəşəm bir hadisədir:

“Cənab Prezidentin qalib bir Sərkərdə kimi Azərbaycanın döyünən ürəyi sayılan Şuşaya səfəri böyük əhəmiyyət kəsb edir. Şuşaya səfər, oradakı tarixi və dini abidələrimizin ziyarəti, şəhərdəki ümumi vəziyyətin öyrənilməsi çox vacibdir. Bu səfər Azərbyacana qarşı çıxan, erməni təfəkkürü ilə yaşayan və “düşmənin dəyirmanına su tökən” qüvvələrə mesajdır: Şuşa bir daha işğal altına düşməyəcək və hər zaman Azərbaycanın baş tacı olub, belə olmağa davam edəcək. Məlumdur ki, kim Şuşaya nəzarət edirsə, Qarabağa və ətrafdakı digər bölgələrə də o nəzarət edir. Bu baxımdan ölkə başçısının məhz Şuşaya səfəri simvolik hadisə kimi tarixə düşdü”.

T.Gəncəliyev Şuşada doğulan və həyatının 12 ilini orada keçirən bir şəxs kimi tarixi səfərdən qürur hissi keçirdiyini qeyd edib:

“Hər zaman başqa ölkələrin paytaxtlarına baxıb onlar haqqında danışırdıq. Artıq buna ehtiyac qalmayacaq. Paris, Vyana və Avropanın zəngin ənənələri olan digər şəhərlər kimi artıq Şuşa da Azərbaycanın mədəni tarixi şəhəri kimi üst səviyyədə olacaq.

Çünki Ali Baş Komandan bu işə öz enerjisini sərf edirsə, həqiqətən də nəticələr möhtəşəm olacaq. Şuşa Azərbaycanın mədəniyyət beşiyi kimi daim başı uca formada öz mövcudluğunu davam etdirəcək. 30 il ərzində Şuşanın başını qara buludlar almışdı.

Simvolumuz olan Xarı Bülbülün başı bükük idi, əvvəlki kimi çiçək açıb, pərvazlana bilmirdi. Lakin cənab Prezidentin bu səfəri bədbin keçmişimizin silinməsi və parlaq gələcəyimizin göstəricisidir. Şuşa əsrarəngiz bir şəhər kimi tarixdə öz sözünü deyəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu