Qarabağda saxlanmış terrorçulara nicat yoxdur

10 noyabrdan sonra ərazilərimizdə əlində silah olan erməni cinayətkar sayılır

"Rəsmi Bakı ortaya arqumentlər qoyur və hesab edir ki, kütləvi şəkildə ərazimizə soxularaq diversiya fəaliyyəti göstərən şəxslərə hüquqi yanaşma tam fərqli olmalıdır"


Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada keçirilən üçtərəfli görüşdən sonra erməni “əsirlərlə” bağlı narazılığı düşmən ölkənin mediasında geniş müzakirə olunmaqdadır. Erməni mətbuatı və siyasi şərhçilər Hadrutda Azərbaycan hərbçilərinə hücum etmiş terrorçu qruplaşma üzvlərini “hərbi əsir” kimi qələmə verərək onların geri qaytarılmasını tələb edirlər. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində terror-təxribat və diversiya əməllərini törətmiş 62 nəfər erməni müharibə “əsiri” kimi Ermənistana təhvil verilə bilməz. Onlar qanuni ərazilərimizdə terror aktına əl atdıqları üçün Azərbaycan məhkəmələrində cavab verəcəklər və öz cəzalarını alacaqlar.

Rəsmi Bakı 10 noyabr Bəyanatının bütün şərtlərinə, o cümlədən əsirlərin qaytarılmasını əks etdirən 8-ci maddəyə tam əməl edir. Ötən müddət ərzində 44 günlük müharibədə əsir və girov götürülən bütün ermənilər Ermənistana qaytarılıb. Lakin Azərbaycan ərazisində bizim hüquq-mühafizə orqanlarımız və silahlı qüvvələrimizdən başqa əlində silah olan kəs terrorçudur. Xarici ölkələrdə terrorçularla necə rəftar edilirsə, Azərbaycanda da münasibət eyni olmalıdır. Xatırladaq ki, 2020-ci il noyabr ayının 26-da Xocavənd rayonunun Sur kəndində ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında daha 1 hərbi qulluqçumuz həlak olub, “Azercell” şirkətinin əməkdaşı isə ağır yaralanıb. Ermənistan tərəfi, xüsusən Baş nazir Nikol Paşinyan 44 günlük müharibənin yenidən başlamasını istəmirsə, ölkəsində və bölgədə sabitlikdə maraqlıdırsa, Azərbaycanın şərtlərinə qeyd-şərtsiz əməl etməlidirlər. Əgər Yerevan bir daha bu cür təxribatların yaşanmaycağına söz verərsə, müəyyən məsələlərə yenidən baxıla bilər. Bu arada İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva da təxribatçı ermənilərlə görüşüb və onların vəziyyəti ilə maraqlanıb. Ermənilər saxlanma şəraitindən, rəftardan, qidadan və tibbi xidmətdən şikayət etməyiblər.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov “Şərq”ə deyib ki, erməni diversantlar 10 noyabr atəşkəs anlaşmasından sonra təxribata cəhd etdikləri üçün Azərbaycan hərbçiləri tərəfindən kütləvi halda saxlanılıblar. Hüquqşünasın sözlərinə görə, rəsmi Bakı maksimum çalışır ki, erməni terrorçuların “əsir” və “girov” kimi qeyd-şərtsiz Ermənistana təhvil verilməsinə mane olsun:

“Ermənistan tərəfi onları “əsir” kimi qələmə verərək geri qaytarılmasına çalışır. Onlardan başqa davranış gözləməyə dəyməz. Üçtərəfli Bəyanatın müvafiq bəndinə əsasən, Dağlıq Qarabağdakı bütün silahlı birləşmələr bölgəni tərk etməliydi. 10 noyabrdan etibarən Qarabağda əlində silah ələ keçirilmiş, mövqelərimizə hücum etmiş istənilən erməni cinayətkar sayılır.

Cəzaları isə Azərbaycan qanunları çərçivəsində verilir. Rəsmi Bakı ortaya arqumentlər qoyur və hesab edir ki, kütləvi şəkildə ərazimizə soxularaq diversiya fəaliyyəti göstərən şəxslərə hüquqi yanaşma tam fərqli olmalıdır”. 

Hüquq müdafiəçisi Vətən müharibəsi dövründə itkin düşmüş 64 Azərbaycan hərbçisinin axtarışlarının davam etdiyini də söyləyib: “Bu mələsə gizli saxlanıla bilməz, axtarışlar davam edir.

Hökumətimiz, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya sülhməramlıları prosesin iştirakçısıdır. Ancaq bu cür axtarışlar müəyyən vaxt aparır. Hələlik 64 nəfərdən neçəsinin hərbi əməliyyatlar zamanı şəhid olması, əsir və ya itkin düşməsi ilə bağlı dəqiq məlumat yoxdur. Bu barədə indiki məqamda nəsə demək çox çətindir”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu