Hər şey Qarabağın tanıdılmasına xidmət edir

"Dünyanın hava marşrutunda yer almaq, xəritədə əks olunmaq deməkdir"

"Füzuli beynəlxalq hava limanı iqtisadi yox, siyasi-ideoloji baxımdan çox önəmlidir"

Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri çərçivəsində Füzuli beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq hava limanı bu il ərzində istifadəyə verilməlidir ki, xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Qarabağa, Şuşaya rahat şəkildə gələ bilsinlər. Ölkə rəhbəri hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində işlərə tezliklə başlanmasına da göstəriş verib. 

Prezidentin Füzuli beynəlxalq hava limanına diqqətlə yanaşmasını “Şərq”ə dəyərləndirən iqtisadçı Fuad İbrahimov bildirib ki, Füzuli beynəlxalq hava limanı iqtisadi yox, siyasi-ideoloji baxımdan çox önəmlidir. Ekspert vurğulayıb ki, ermənilər işğaldan sonra Xocalı hava limanını yararsız vəziyyətə salıb, dağıdıblar:

“Xankəndidəki aeroportu bərpa edərək beynəlxalq uçuşlara hazır vəziyyətə gətirmişdilər. Ancaq Azərbaycan rəhbərliyinin siyasi iradəsi nəticəsində ermənilərin çirkin niyyəti baş tutmadı. O baxımdan Qarabağda, konkret Füzulidə inşa ediləcək beynəlxalq hava limanı böyük önəm daşıyır. Əlbəttə, iqtisadi baxımdan indiki məqamda əlverişli olmaya bilər.

Amma ideoloji cəhətdən faydalı və zərurətdir. Qarabağda beynəlxalq aeroportun tikilməsi və istifadəyə verilməsi dünyanın hava marşrutunda yer almaq, xəritədə əks olunmaq deməkdir. Bu isə Qarabağın tanıdılmasına xidmət edir.

Hava limanı xarici ölkə vətəndaşlarının, turistlərin ən tez zamanda işğaldan azad edilmiş ərazilərə səfəri və erməni vəhşiliyini, düşmənin burada törətdiyi vandalizmi öz gözləri ilə görməsinə yardımçı olacaq.

Həm də əcnəbilər hava limanları ilə bağlı axtarış verdikləri zaman qarşılarına Azərbaycanın Füzuli şəhəri, dolayısı ilə Qarabağ və Şuşa çıxacaq.  

Qısa zamanda beynəlxalq hava limanının tikilib istifadəyə verilməsinin özü belə kiçik bir ölkə üçün baş ucalığı və diqqət çəkən məqamdır”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu