"Şuşa yazılan yerdən hücuma keçdik"

"Bu gün, sabah ölərəm deyib, irəliləyirdik. Vətən uğrunda canımızdan keçməyi seçmişdik"

"Əvvəlcə şəhərə girmək çətin oldu. Ancaq düşmənin texnikaları vurulandan sonra təkrar hücum etdik. Bu zaman düşmənlə əlbəyaxa vuruşduq. Onlar döyüş qabiliyyətlərini itirmişdilər. Qaçmağa çalışırdılar"

Böyük zəfərə iki gün qalmış müjdəli xəbəri aldıq. Noyabrın 8-də göz bəbəyimiz - Şuşamız 28 illik əsarətdən qurtuldu. Bizim üçün zəfərin adı da Şuşa oldu.
Axı Şuşaya sevgimiz bir başqadır. Bu şahanə torpaqda doğulan da, doğulmayan da özünü o yurdda böyümüş kimi hiss edir. Səbəbini bilmirəm, lakin həqiqət budur. Şuşa doğmadan doğma, əzizdən əzizdir.

Şuşa döyüşlərinin də Vətən müharibəsində xüsusi yeri var. Çünki İbrahim xanın, Batmanqılıncın, Natəvanın, Üzeyirin, Xan əminin yurdu nə topla, nə də mərmiylə azad olunub. Əlbəyaxa döyüşlərlə, bizim igidlərin biləklərinin gücü ilə geri qaytarılıb. Şuşa fatehləri isə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılarıdır. General-leytenant Hikmət Mirzəyevin ərənləri qayalara, dağlara dırmaşıb, Şuşaya daxil olublar…Təbii orda baş verənləri savaşçılarımız daha yaxşı bilər.

Ona görə XTQ-lərdən bəhs etdim ki, həmin canlı əfsanələrdən biri ilə həmsöhbət olduq. Sosial şəbəkələr sağ olsun, bu fatehlə yolumuzu kəsişdirdi. XTQ olduğunu görcək profilini izləməyə başladım. Cəsarətimi toplayıb “Salam” yazdım. Çox gecmədi cavab gəldi. Və gözlədiyimdən daha səmimi, daha müdhiş müsahibə alındı. Söhbətimizi oxuyacaqsınız. Lakin igidin adını qeyd etməyəcəm. Həm də tarix yazanların kimliyini soruşarlarmı heç? Onun adı qəhrəmandır, poladdır, mübarizdir, bir sözlə Vətəndir, Vətən!

Gəlin, “Şərq”də isimsiz savaşçımızın döyüş yolu ilə tanış olaq.
 
- Döyüş yolunuz hardan başladı?

- Biz general-mayor Polad Həşimov şəhidlik zirvəsinə ucaldığı gündən hazırlaşmağa başladıq. O vaxtdan sentyabrın 27-nə qədər hazır vəziyyətdəydik. Nəhayət, müharibə başlayanda Goranboy, “Camış” dağdan Kəlbəcər istiqamətində irəlilədik. Düşmənin 20 km yaxınlğına qədər irəlilədik. Kəlbəcəri götürüb, yüksəklikdən aşağıya, yəni Cəbrayıla tərəf gedəcəkdik.

- Sonra nə etdiniz?

- Düz üç gün orda qaldıq. Artilleriya atəşinin altdaydıq, hər tərəfimiz düşmən postları idi. Havanın dumanlı olması bizə kömək edirdi, görünmürdük. Lakin yemək təminatımız tükənmişdi. Təsəvvür edin, sentyabrın 27-si yediyimiz yeməyin üstündə idik.

- Yəni üç gün ac qaldınız?

- Bəli. Həm ac idik, həm də yağışda islanmışdıq. Yüksəklik olduğu üçün hava da soyuqdu.

- Nə deyim, borcunuzdan çıxa bilmərik…

- Zatən bu bizim borcumuz idi.

- Var olasız. Davam edin, ardı maraqlıdır. Nələr baş verdi?

- Sentyabrın 30-u ordan geri çəkil əmri verildi. Oktyabrın 1-i Lələtəpədən girdik. Postları təmizləyə-təmizləyə addımladıq. Cəbrayılın kəndlərini azad etdik. Onu da deyim ki, kəndlərdən əsər-əlamət qalmamışdı , xarabalığa çevrilmişdi. Biz irəliləyən zaman düşmən artilleriya ilə atəşə tuturdu, şəhidlərimiz və yaralılarımız vardı. Həm də çox dərinliyə getdiyimizə görə təminat gələ bilmirdi. Ac-susuz qalırdıq. Əslində aclıq elə də önəmli deyil. Lakin bir gündən artıq susuz qalanda halsızlaşırdıq. Azad etdiyimiz mövqelərdə tapdığımız suyu, qidanı bölüşürdük.

- O tapdığınız tikəni birlikdə böldüyünüz, illərdir çiyin-çiyinə xidmət etdiyiniz silahdaşlarınızın yanınızda şəhid olması necə acı hissdir. Yaşayan, yəni siz bilərsiz…

- Əlbəttə. Əslində mən soyuqqanlıyam. Bilirdim ki, bizi hər şey gözləyir. Evə sağ qayıdacağıma belə ümidim yox idi. Hər çətinliklə barışmışdım. Həm də döyüş meydanında elə də təsir etmir. Ancaq indi işdə şəhadətə ucalan yoldaşlarımı görməyəndə acı çəkirəm. 

- Allah hamısına rəhmət eləsin.

- Amin.

- Döyüşə qayıdaq. Cəbrayılın özünə nə vaxt daxil oldunuz?

- Hə. Oktyabrın 3-ü səhərə kimi yol getdik. Hava yağışlı idi, ətrafdan düşmənin səsi gəlirdi. Eşidirdik ki, texnikaları hərəkət edir. Nəhayət, ayın 4-ü, səhər saat 10 radələrində Cəbrayıl düşmənlərdən təmizləndi.

- Maraqlıdır, heç istirahət edirdinizmi? Yoxsa dayanmadan irəliləyirdiniz?

- Oktyabrın 5-i bizi Beyləqana qaytardılar. 7-nə kimi dincəldik. Sonra döyüş meydanına geri döndük. Bu dəfə hədəf Füzuli idi. Rayonun kəndlərini düşməndən azad edə-edə gedirdik. Digər istiqamətlərdən də başqa dəstələrimiz irəliləyirdilər. Artıq 1 həftədən çox idi ki, təminat gətirilməsi mümkün  deyildi. Yenə də şəhidlərimiz, yaralılarımız oldu. Silahdaşlarımız gözümüzün önündə şəhadətə ucalırdılar.

- Bəs şəhidləri yardım gələnə qədər necə saxlayırdınız?

- Biz irəli getməliydik. Bir yerdə gizlədib, koordinatlarını bizimkilərə ötürürdük. Yol açılan kimi gəlib, aparırdılar...

- Qaldığımız yerdən davam edək. Ən son Füzulidə idiniz...

- Deməli, 16 oktyabrda Füzuliyə girdik. Orda da hər yer dağılmışdı. Bir xeyli düşmən bizi gözləyirdi. Özü də texnikalarla, tanklar, döyüş maşınları və BTR-lərlə... Başımıza yağmayan mərmi qalmamışdı, minamyotlar, toplar, qradlar... Buna baxmayaraq düşmən çox sayda itki verərək geri çəkilməyə məcbur oldu. Tankları, kamazları vuruldu. Düzdür, Füzuli döyüşlərində şəhidimiz çox oldu. Yenə də hədəfimizə çatdıq. Sonra bizə bir gün istirahət verildi. Elə Füzulidə dincimizi aldıq. Oktyabrın 19-da Şuşaya yola düşdük. 40 kilometrlik məsafə qət etməliydik. Havalar da soyuyurdu, gecələr soyuqdan çətinlik çəkirdik. Dua edirdik ki, səhər tez açılsın (təbəssüm edir). Gecə-gündüz demədən irəliləyirdik.

- Ona görə də sizə Şuşa fatehləri deyirlər...

- Elədir. Amma özünü reklam edən də çoxdur (gülümsəyir)

- Ola bilər. Yenə də sizin haqqınızdır.

- Hə. Şuşanın kəndlərini azad edə-edə addımlayırdıq. Noyabr ayının 5-də Laçın dəhlizini tutmuşduq. Ermənilərə heç yerdən kömək gələ bilməzdi. Digər dəstələrimiz isə Daşaltıdan və Şuşanın arxa tərəfindən, qayalıqlardan, düşmənin ağlına gəlməyən nöqtələrdən hücum ediblər. Biz də yolu götürmüşdük. Lakin düşmən hücuma keçirdi. Yenə artilleriya ilə atəş açırdılar. Özümüz də halsız idik, yemək yemirdik. Dərələrdən axan sudan içirdik. Artıq digər çətin relyefi o biri dəstələr keçmişdi. Biz də Şuşa yazılan yerdən hücuma keçdik. Arxa və qabaq girişdən ikitərəfli hücum etdik.

- Ən heyrətləndiricisi isə əlbəyaxa döyüşlərdir...

- Onlar bütün güclərini girişə qoymuşdular. Tank, döyüş maşınları çoxsaylı heyət şəhərin qapısını müdafiə edirdi. Bizim isə əlimizdə atıcı və tank əleyhinə silahlar vardı. Əvvəlcə şəhərə girmək çətin oldu. Ancaq düşmənin texnikaları vurulandan sonra təkrar hücum etdik. Bu zaman düşmənlə əlbəyaxa vuruşduq. Onlar döyüş qabiliyyətlərini itirmişdilər. Qaçmağa çalışırdılar.

- Bir erməni əsgəri müsahibəsində igidlərimizin şücaətini etiraf edib. Deyirdi ki, hətta qolları belə qopsa üstümüzə gəlirdilər. Siz də ətindən ət də getsə döyüşə davam edənlərdən birisiz. Bəs savaş anındakı  psixoloji durumunuzu sözlərlə ifadə edə bilərsinizmi?

- Şəxsən mən geriyə dönməyi düşünmürdüm. Hər gün, yaxud da 2 gündən bir şəhid verirdik. Biz də bu gün, sabah ölərəm deyib, irəliləyirdik. Vətən uğrunda canımızdan keçməyi seçmişdik. Mən 28 ildir Qarabağı azad edəcəyimiz zamanı gözləyən biri kimi sevinirdim. Əlbəttə, bir tərəfdən də ailəmin yanına sağ qayıtmaq istəyirdim. Amma geriyə dönəcəyimə az da olsa ümidim yox idi. Ona görə heç kimdə qorxu hiss olunmurdu. Bilirdik ki, yaralı halda qalıb, şəhid olacağıq. Kömək çata bilməyəcək. Ona görə yaralılar da yoldaşlarına yardım edirdi. Bir az qorxu da vardı. Qorxusuz insan olmur. Ən çox qorxduğum şey parça-parça olmaq idi. Ailəmə basdırmaq üçün nə isə aparmalarını istəyirdim. Çünki elə yoldaşlarımız paramparça hala düşdü ki, onlardan nə tapsaq yığdıq torbaya.

- Dəhşətdir...

- 7 noyabr axşam saatlarında Şuşaya girdik. Düşmən artilleriya ilə atəş edirdi. Artıq Şuşaya hava hücumu oldu, qırıcıları bombalamağa başladıq. Ayın 8-i radioda eşitdim ki, cənab prezident Şuşanın azad olunma xəbərini xalqa çatdırır. Biz hələ müharibənin bitəcəyini bilmirdik. Ordan istiqamət Xankəndi idi. Ayın 7-dən 9-na kimi Şuşanı müdafiə etdik, hələ qoşunlarımız gəlməmişdilər. 9-u gecə irəliləyib, Şuşakəndi düşməndən təmizlədik. Noyabrın 10-da atəşkəsin elan olunduğunu eşitdik. Nə baş verdiyini bilmirdik. Bir yandan da 44 gündə çəkdiyimiz əziyyətin bitməsindən dolayı sevinirdik. Sonra öyrəndik ki, digər rayonlarımız sülh yolu ilə qaytarılacaq.

- Burda da ab-hava təxmini eyni idi. Şükür ki, indi hər şey qaydasındadır. Təbii sizlərin və şəhidlərimizin sayəsində.

- Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün Hərbi hospitala getmişdim, acınacaqlı vəziyyətdir. Yaralılar hərəsi bir tərəfdə növbə gözləyirlər. Mən sağlam adam 3 saat gözlədim həkim qəbuluna düşmək üçün.

- İnşallah, hər şey yaxşı olacaq.

- Sağ olun...

- Az qala soruşmaq yadımdan çıxacaqdı. Şuşa şəhərini görəndə nələr hiss etdiniz?

- Çox sevinirdim. Şəhər gözəl görsənirdi. O alınmaz qala bizdə idi. Şuşa bir az dağıntılara məruz qalıb, bəzi evlər uçub. 9-u axşam Şuşadan çıxıb, 12-si geri qayıtdıq. Geri dönəndə gördük ki, daha çox dağılıb. Marketlər, mağazalar uçmuşdu. Maşınlar sökük-sökük idi. Quzu yeyən kim, kabab bişirən kim, tiktok çəkən kim, divarlara bölgələrinin adını yazan kim... (Təbəssüm edir)

- Demək olar hamısını gördük biz də...

- Başqa sualınız var? Müharibəni təkrar yaşadım sanki...
- Üzrlü sayın, bunu fikirləşməmişdim. Yaranızı qanatdım, bağışlayın.

- Eybi yox. Əsas söhbətimizin bir köməyi oldu sizə?

- Əlbəttə. Özü də çox.

- Demək pis çıxmasın. Bayraq ordeni, Şuşa, Cəbrayıl, Füzuli və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunmuşam. 2016-cı il Aprel döyüşlərində də iştirak etmişəm.

- Niyə pis çıxsın ki? Haqqınız, halalınızdır. Təbriklər...

- Çox sağ olun.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm. Suallarımla yaranızı qanatdımsa, bağışlayın məni. Hiss olunur ki, müharibənin acı reallıqları psixoloji durumunuza təsir göstərib...

- Qardaş dediyim dostlarım şəhid oldular. Onların yoxluğu çətindir. Bir sırada durub, zarafatlaşdığım adamlar yoxdur. Sosial şəbəkələrdə fotolarını gördükcə ürəyim yanır. Əsəblərim korlanıb, xırda bir şeydən də özümdən çıxıram. Psixiatrın müayinəsində idim. Bir-iki dərman yazdı, dedi düzələcək.

- Yaxşı olar, inşallah. Bir də unutmadan deyim, sizə sözüm var. Tarixi 10 dekabr paradı zamanı Hikmət paşanın başçılığı ilə Xüsusi Təyinatlıların bir hissəsi xalqın qarşısına çıxdılar. Mən xüsusilə XTQ-lərə diqqət etdim. Sanki gözlərinizdə bir dərinlik var. Gördüklərinizi, bütün ağrılarınızı bir quyuya atıb o baxışlarda gizlətmisiz. Dediyim odur ki, yaşadıqlarınızı, acılarınızı duyuruq...

- İndi də elədir. Dəyişən bir şey yoxdur.

- Allah yar və yardımçınız olsun. Tarixə düşəsi söhbətdir. Artıq yekunlaşdıraq. Sizi də yordum. 

- Xoşdur...

- Bir də varsa,  müharibə zamanı çəkdiyiniz fotoları göndərə bilərsinizmi zəhmət olmasa.

- Telefona baxaram. Erməni leşlərinin şəkillərinə ehtiyac var?

- Yox. Müsahibəmizi onların mənfur simaları  ilə korlamayaq...

- Oldu (gülümsəyir) Bir neçə şəkil göndərdim. Elə çox yoxdur. Bunlar Laçın dəhlizində və Şuşanın girişində çəkilib.

- Sağ olun...

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu