“Şuşa səfəri Ermənistana və onun havadarlarına ünvanlanmış bir mesaj idi” - Ramid Hüseynov 


“Şuşa Azərbaycan xalqı üçün böyük tarixi, mədəni və mənəvi dəyərlərə sahib, özündə çox zəngin tarixi irsi təcəssüm etdirən bir şəhərdir. Strateji cəhətdən çox fərqli bir coğrafi mövqeyə, çətin, keçilməz bir dağ relyefinə malikdir. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi bütünlükdə Qarabağın azad edilməsi hesab edilirdi. Azərbaycan Ordusunun böyük peşəkarlıq göstərərək, çox kiçik silahlardan istifadə etməklə şəhərin azad edilməsində də böyük bir məna vardı”. 

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Ramid Hüseynov deyib. Politoloq qeyd edib ki, bu şəhərin zəngin maddi və mənəvi dəyərlərinin xəsarət almaması, məhv olmaması məqsədini daşıyırdı:

“Yanvarın 14-də ölkə başçısı, cənab İlham Əliyevin Şuşa şəhərinə səfər etməsi və ordakı tarixi abidələri ziyarət etməsi, tarixi məkanlarda olması çox mühüm əhəmiyyətə malik idi. Müharibədən sonrakı dönəmdə, cərəyan edən geosiyasi proseslərin fonunda reallaşdırılan səfər həm də Azərbaycan cəmiyyəti üçün siyasi, mənəvi və psixoloji məqamları özündə təcəssüm etdirdi. Nəzərə alsaq ki, səfərin məhz Moskva görüşündən sonra gerçəkləşməsi, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Ordusununun əsgər və zabitləri, habelə dağıdılmış tarixi abidələr qarşısında çıxışı və verdiyi mühüm bəyənatlar düşünürəm xüsusi önəm daşıyırdı”. 

R.Hüseynov qeyd edib ki, Ermənistanın hələdə təxribatçı, məkirli niyyətlərinin davam etdiyi, o cümlədən, sülhməramlı qüvvələrin öz missiyalarından kənara çıxdıqları və bəyənatdan kənar addımlar atdıqları bir dönəmdə bu bəyənatların verilməsi Ermənistana və onun havadarlarına ünvanlanmış bir mesaj idi:

“Dövlət başçısı Azərbaycan dövlətinin mövqeyini, dəyişməz iradəsini bir daha region dövlətlərinə və dünyaya çatdırdı. Qeyd etmək lazımdır ki, Şuşanın yenidən bərpa edilməsi, dirçəldilməsi ilə əlaqədar hazırlanmış planlar, atılmış addımlar onu göstərir ki, şəhər Azərbaycan üçün hərbi və siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan onun qorunması, müdafiə edilməsi Azərbaycan Ordusunun qarşısında mühüm vəzifə kimi dayanır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu