Şəhid tankçının həyat yoldaşı: “Çətin vaxtımda yuxularıma girir və deyir ki...”

Hər ölümün eyni olmadığını gərək etiraf edək. Böyük şair Hüseyn Cavid demiş, ölüm var ki, həyat qədər dəyərli... Deyəsən, belə ölüm şəhidlikdir. Bir kor gülləyə qurban gedirsən, amma qanın vətən torpağına tökülür, adın dillərdə dastan olur. Bundan gözəl nə ola bilər? Yəqin, heç nə. Ona görə də şəhidlik zirvəsinə ucalanları Yaradanın sevimli bəndələri də adlandıra bilərik.



Belə bəndələrdən biri də 1997-ci il dekabrın 26-da Cəlilabadda anadan olan İbrahim Əzizovdur. O, 2004-cü ildə Soltankənd kəndindəki tam orta məktəbə qəbul olub. 2015-ci ildə həmin məktəbi bitirib və hərbi xidmətə yollanıb. 2017-ci ildə xidmətini tamamladıqdan sonra Sumqayıtdakı şirkətlərdən birinə işə düzəlib. 

Bundan sonrasına isə şəhidimizin xanımı Tünzalə Abbasovanın “Sherg.az”a dediklərilə davam edək: 

“Biz 2018-ci ildə ailə həyatı qurduq. Bir ildən sonra qızımız dünyaya gəldi. 2020-ci il sentyabrın 21-də hərbi komissarlığa çağırıldı və Beyləqana göndərildi.

Tankçı olub. Hələ 2016-cı ildə Lələtəpənin azad olunmsında şəxsən iştirak etdiyinə görə onunla ikiqat qürur duyurdum. Müharibədə olanda danışırdıq. Amma qısa. Çünki səs eşitməyimi istəmirdi.

Həm də çox sual verirdim. O isə nə yalan danışır, nə də yayına bilirdi. Döyüşmədiyini, mühafizəçi olduğunu deyərək məni aldadırmış. Halbuki həmin anlarda savaşın düz ortasında imiş”.



Xanımı son telefon danışıqlarını belə xatırlayır: 

“Tez- tez zəng edirdi. Bir dəfə soruşdum ki, üşüyürsən? “ Yox” dedi. Mən də o gedəndən üşüdüyümü bildirdim. Axırıncı dəfə çox az danışdıq. Bunu mən istədim.

Özünə də dedim: “Ermənilər telefonla danışanları vururlar”. Bir neçə gün zəng edə bilməyəcəyi, telefonlarının olmadığı barədə xəbərdarlıq etdi. Nigaran qalmamağımı tapşırdı.

Sağollaşanda mənə “aşkım” deməyini xahiş etdim. Demədi. Səsinin tutulduğunu hiss etdim. Ətrafda çoxlu adam olduğunu, indi bu sözü deyə bilməyəcəyini söylədi. Beləliklə, bir-birimizi Allaha tapşırdıq və sağollaşdıq”.



 Həmsöhbətimiz, həmçinin həyat yoldaşına daim sadiq qalacağını vurğulayıb: 

“Cəsədini görəndə inanmaq istəmirdim. Elə bilirdim ki, öpəcəm və oyanacaq. Sentyabrın 21-də necə yola salmışdımsa, elə idi. Üzü yenə gülürdü. Ən çətin vaxtımda yuxularıma girir və mənə “ölməmişəm, sağam” deyir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu