İlginc İDDİA: “Türklər Qarabağın istənilən bölgəsində yerləşə bilərlər”


“Artıq Monitorinq Mərkəzi fəaliyyətə başlamalıdır. Lakin böyük ehtimalla Türkiyə 60 nəfərlə kifayətlənməyəcək”

“Rəsmi Ankaranın fəaliyyəti təkcə Ağdamda Monitorinq Mərkəzi ilə məhdudlaşmır”


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə birgə Qarabağda yaradılacaq Monitorinq Mərkəzinin detallarını açıqlayıb. Nazir bildirib ki, birgə Mərkəz üçün yer müəyyən edilib, konteynerlər gəlib və tikinti başlayıb: “İlk mərhələdə eyni sayda – 60 türk, 60 rus hərbçinin olacağı bir mərkəz qurulur.

Mərkəz Ağdamda yerləşir. Təmas xəttinə təxminən səkkiz kilometr məsafədədir. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də artıq getməyə başlayıb. Bura böyük bir qərargah deyil, Monitorinq Mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikitərəfli anlaşma edərək, lazımı dəstəyi hər zaman verə bilərik. Biz, həmçinin Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşma imzalanması üçün Moskvanı da təşviq edirik”.

Türkiyə XİN rəhbəri həmçinin Qarabağda Rusiya sülhməramlılarının sayının üçtərəfli birgə bəyanatda göstəriləndən çox olması iddialarına da cavab verib:

“Bu barədə Azərbaycandan bir şikayət gəlməyib. Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Azərbaycandan icazəsiz bunlar edilməməlidir. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.

Monitorinq Mərkəzinin fəaliyyəti barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Ərdoğanın çıxışlarında diqqət çəkən məqamlar var:

“Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında qeyd etdi ki, rus hərbçilərin bölgədə varlığı müvəqqəti xarakter daşımalıdır. Eyni sözləri Çavuşoğlu da söylədi. Artıq Mərkəz fəaliyyətə başlamalıdır. Lakin böyük ehtimalla Türkiyə 60 nəfərlə kifayətlənməyəcək”.

Analitik qeyd edib ki, Türkiyənin fəaliyyəti təkcə Ağdamda Monitorinq Mərkəzi ilə məhdudlaşmır:

“Azərbaycanın icazəsi ilə türkiyəli hərbçilər Dağlıq Qarabağın istənilən bölgəsində yerləşə bilərlər. Ağdamdakı Mərkəz vasitəsilə atəşkəsə riayət etmək üzrə nəzarət Türkiyədə qalacaq. Atəşkəs nə vaxt pozularsa, məlumatlar Mərkəzdə qeyd ediləcək. Həmçinin Türkiyə tərəfinin açıq bəyanatı var: hər hansı bir istiqamətdə separatçılar ələ keçərsə, onlar mütləq tərkosilah olmalıdır.
Rusiyalı sülhməramlılar onları tərk-silah etməsə belə, türk və azərbaycanlı hərbçilər bu işi görəcəklər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu