Nazir: “Operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib”


“102” Xidmətinə daxil olan məlumatlar əsasında 2 min 288 cinayətin “isti izlər”lə, eləcə də “Təhlükəsiz şəhər” sisteminin imkanları ilə 477 cinayətin üstü açılıb. 

Bu sözləri Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bu gün nazirliyinin 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, “102” Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə axtarışda olan 94 avtomobil saxlanılıb.  

Hesabat ilində həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kiloqram narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. 

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlərdən danışıblar.  

İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov 2020-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdırıb, tədbir  iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

V.Eyvazov nazirlik sistemində maddi texniki təminatın, xidmət şəraitinin daha da yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi üçün dövlət tərəfindən hərtərəfli köməklik göstərildiyini məmnunluqla qeyd edərək, bu ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab                İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, qanunla müəyyən olunmuş vəzifələr bundan sonra da yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu