Vüsal Qasımlı: “İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq”


“Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. 

O bildirib ki, hazırda dünyada iqtisadi artım templəri aşağıdır, inflyasiya zəifdir, bərabərsizlik artır, iqtisadiyyatın struktur irəliləyişləri əhəmiyyətli deyil, çünki, koronavirus böhranı əslində iqtisadi deyil, tibbi təhdid idi ki, sonradan pandemiyaya və iqtisadi böhrana gətirdi:

“İqtisadiyyat 2021-2022-ci illərdə bərpa olunacaq, amma yüksək artım trayektoriyasına keçid hələ ki, proqnozlaşdırılmır. Bu arada dünyada idarəetmə modelləri üç istiqamətdə haçalanıb: totalitar rəqəmsal diktatura, sosial rifah dövləti 3.0 və kvazi-dövlət rəqəmsal sistemləri.

Keynsin dediyi kimi dövlətlər “mümkünsüz trillema”da üç hədəf - azadlıq, səmərəlilik və ədalətlilik arasında seçim edirlər. Xüsusən də, ərazi bütövlüyünün bərpası, korona ilə mübarizədə son mərhələ - vaksinasiyaya ilk keçən ölkələrdən bir olmaq, aşağı neft qiymətləri şəraitində makroiqtisadi və ictimai-siyasi sabitliyi təmin etmək və yeni regional geosiyasi və geoiqtisadi arxitekturanın müəyyənləşdirilməsini Prezident İlham Əliyevin idarəetməsinin aktivinə yazmaq olar.

Ölkə başçısı Azərbaycanda optimal idarəetməni qurduğundan biz dünya üçün “Böyük Depressiya”dan sonra ən böyük böhran ili - 2020-ci ili imkana çevirməyi bacardıq. Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyəti ilə xüsusən də Azərbaycandakı bazar modelinə sosial rəng qatması ictimai müqavilə və harmoniya üçün vacibdir”.

İcraçı direktorun sözlərinə görə, 2020-ci ildə rastlaşdığımız çağırışlar həyatımızda izlərini saxlasa da, yeni reallıqda daha üstün pillədə dövlət və xalq olaraq inkişafımız təmin edilib: 

O, Azərbaycanın “likvidlik tələsi”nə düşmədən inkişafını necə təmin edə biləcəyinə də toxunub. Bildirilib ki, Azərbaycanda 2018-ci ildən başlayan monetar yumşalma “likvidlik tələsi”nə düşmədiyimizi göstərir, çünki, 2018-ci ildәn bәri pul tәklifi 50 faizdən çox artsa da, manatla yeni kreditlәr üzrә orta faizlәr 5,5 faiz azalıb:

“Real sektorda pandemiyanın tәsiri ilә güclәnәn risklәr faizlәrin daha çox azalmasını mәhdudlaşdırıb. Yəni, pul təklifinin artması manatla faizləri azaltdığından “likvidlik tələsi”ndən danışmaq tezdir. “Likvidlik tələsi” o zaman baş verir ki, pul təklifinin artması faizləri aşağı endirə bilmir, iqtisadi artım səngiyir. Həm də, bizdə iqtisadi artımın drayverləri olan qeyri-neft sənayesi, aqrar sahə, informasiya və rabitə xidmətləri daha çox məhsuldarlığın hesabına artır. Yəni, pul kütləsinin artımı məhsuldarlığı olan sahələrin artımını dəstəkləyir.

Məsələn, indiyədək sənaye parklarında yaradılan müəssisələrə 3,5 milyard ABŞ dolları investisiya yatırılıb, 3,3 milyard manatlıq satış həyata keçirilib və 25 faiz məhsul ixrac olunub. Azərbaycanda qeyri-neft sənayesinin üstün artımı sərmayələrin keyfiyyətli iqtisadi artımı və məhsuldarlığı dəstəklədiyini göstərir. Xüsusən də qeyri-neft sektorunun sənayedə xüsusi çəkisi son 10 ildə 15 faizdən 25 faizə çatıb. 2021-ci ildən başlayaraq da iqtisadi artımın bərpası zamanı pul kütləsinin artımını məhsuldarlığın yüksəldilməsinə yönəltmək lazımdır. Aşağı məhsuldarlıqlı artım qısamüddətlidir və dövlət dəstəyi aradan qalxan kimi dayanır”.

İqtisadiyyatda likvidliyin idarә olunması mәqsәdilә Mәrkәzi Bankın depozit hәrracları, notların yerlәşdirilmәsi, sterilizasiya portfelinin durasiyası və digər alətlərdən istifadə etdiyini deyən iqtisadçı əlavə edib ki, bu il əsas hədəflər pul siyasәtinin transmissiya effektini güclәndirmәk, pul bazarını fəallaşdırmaq vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәkdir:

“Çünki gəlirlilik əyrisi iqtisadiyyatın vəziyyətini və perspektivini göstərir, əyri yüksələn trendə malikdirsə iqtisadi artım proqnozlaşdırılır və əksinə. Bir həqiqəti yaddan çıxarmayaq ki, yumşaq monetar siyasət bəlli bir həddə qədər aşağı inflyasiya ilə müşayiət oluna bilər. “Qırmızı xətti” keçəndən sonra monetar genişlənmə makroiqtisadi sabitliyə təhdid olmaqla yanaşı, həm də aktivlərin qiymətini artırmaqla cəmiyyətdə qeyri-bərabərliyə rəvac verə bilər. Buna görə də kontr-tsiklik siyasət tələb edir ki, iqtisadi artım bərpa edildikcə, hökumət investisiyanın ilk mənbəyi və Mərkəzi Bank da pul emitenti kimi ekspansiyanı səngitsinlər. Bütün hallarda iqtisadi artımı dəstəkləmək üçün yalnız pul təklifi yetərli deyil, bundan başqa institusional təkmilləşmə, bazarlara çıxış və insan kapitalının inkişafı zəruridir”.

Vüsal Qasımlı qeyd edib ki, dördüncü sənaye inqilabının çağırışlarına, bio, rəqəmsal və fiziki texnologiyaların tətbiqinə nail olmaq üçün ölkə prezidenti müvafiq publik hüquqi şəxs də yaratdı. Davamlı və keyfiyyətli iqtisadi artım üçün Azərbaycan da Klaus Şvabın dediyi kimi “böyük yenilənmə”yə hazır olmalıdır. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu