Afət keçmiş duet ortağından DANIŞDI: “Onunla toya gedəndə narahat olurdum”

Afət Fərmanqızı son günlərin ən çox müzakirələrə səbəb olan, “tənqid atəşi”nə tuş gələn müğənnilərindən biridir. O, Nəsiminin “Sığmazam” qəzəlindən sonra Nizami yaradıcılığına müraciət etməsi ilə gündəmdədir. Həm sosial şəbəkələrdə, həm də efirlərdə fəal olan A.Fərmanqızının açıqlamaları da müzakirə predmentinə çevrilir.
“Sherg.az” da şou-biznesin  qalmaqallı müğənnisi Afət Fərmanıqızı ilə həmsöhbət olub. O, keçmiş duet ortağı meyxanaçı Asif  Məhərrəmovdan danışıb:

“Asiflə hazırda yaxın dostuq. Duetlərimizdən əlavə onun icazəsi ilə 6 mahnısını oxumuşam. İş birliyimizi dayandırmağın bir neçə səbəbi var. O zaman işlərim indiki kimi yaxşı deyildi. Həm də Asif  bəyin xarakterində bəzi nüanslara toxunmaq istəyirəm. Məsələn toya dəvət ediblər, saat 9-un yarısından 9-a qədər oxumalıyıq. Bir az gecikmə olub, 9-a 20 dəqiqə qalmış ifalara başlamışıq. Onda Asif  bəy gileylənirdi ki, vaxtımdam gedir, oxuyub çıxmalıyam. Onu da başa düşürəm.

Lakin toy məclisidir, kiminsə qohumu çox danışa bilir və sair problemlər olur. Bir sözlə səbirsizdir. Dueti də oxuyanda gərək ondan xeyir götürəsən, qazanc əldə edəsən.

Xalq  tərəfindən sevilməkdən əlavə bu məsələlər də vacibdir. Sevildikdən, tanındıqdan  sonra toya çağırırlar. Gördüm ki, Asif  bəy də  hövsələsizdir. Bu da meyxanaçıların xarakteridir, onlar dəqiq adamdılar. Digər tərəfdən də haqqını tələb edir. Amma məndən asılı deyil axı. Sonra şou-proqramlara gedirdik.

Olurdu ki, bizi səhnəyə gec çağırırdılar, əvvəlcə böyük sənətkar oxuyub, əlavə mahnı ifa edib, yenə səbirsizlənirdi. Asifə bəraət də  qazandırıram, amma elə məsələlər var ki, bizlik deyil.

Müğənni o zaman uğur qazanır ki, həm mahnısı sevilsin, həm də məclisdəki adamlarla dil tapa bilsin. Onunla toya gedəndə bir balaca narahat olurdum ki,  nə qədər vaxt deyilibsə, o qədər oxumalı olacağıq. Birdən vaxtdan  az  ya çox olar, deyəcək ki, oxumuram. Çəkilişlərdə də elə edirdi. Texniki bir problem yaranırdı.

Bizə deyiblər, çəkiliş 12-dən 2-ə qədərdir. Bu bir az deyiləndən çox çəkəndə Asif  çıxıb, gedirdi. O, dəqiq insandı. Biz də gərək getdiyimiz məclislərdə  insanları, problemləri yola verməyi bacaraq. Başqa cür mümkün deyil”.