İran Azərbaycanda yeni körpü salır

"Embarqolardan, siyasi münasibətlərinə görə basqılardan əziyyət çəkən İran müəyyən mənada vəziyyətini daha da yaxşılaşdırmağa çalışır"

Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək. Bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib. M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq. O, əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil. İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir. 

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında qeyd edib ki, bu layihənin icra edilməsi Azərbaycandan çox İrana lazımdır. R.Abasbəyli vurğulayıb ki, Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü hazırda mövcuddur, lakin istifadədə olan körpü ticarət əlaqələrində ötürücülük qabiliyyəti baxımından o qədər əlverişli deyil:

"Məhz elə bu səbəbdən də Bakıdan başlayan Astara magistralının yeni inşa edilməsi nəzərdə tutulan körpü vasitəsilə İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşdirilməsi planlaşdırılır. Məhz bu layihə vasitəsilə də İran Azərbaycanın coğrafi potensialından yararlanmaq istəyir.

Belə ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qədər də aktiv loqistik statusa gətirilməsi, onsuz da ağır durumda olan, embarqolardan, siyasi münasibətlərinə görə basqılardan əziyyət çəkən İran müəyyən mənada vəziyyətini daha da yaxşılaşdırmağa çalışır.

Düzdür, rəsmi olaraq 2020-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsində azalma müşahidə edilməyib.

Buna baxmayaraq vətəndaşların sərhədlərdən keçərək səfər etməməsi İran üçün böyük iqtisadi itkilərə səbəb olub. Təkcə 2019-cu ildə Azərbaycandan İrana tibbi məqsəd üçün 200 mindən çox vətəndaşımız səfər edib. 2020-ci ildə bu rəqəm demək olar ki, sıfıra bərabər olub. Bundan başqa kiçik ticarət dövriyyəsi üzrə göstəricilər də sıfırlanıb. Belə bir durumda Gürcüstan, Türkiyə, Rusiya kimi bazarlara qədər gedib çıxa biləcəyini düşünən İran tərəfi yeni körpünün inşası məsələsində daha çox maraqlı görünür". 

İqtisadçı-ekspert layihənin Azərbaycan üçün də xüsusi iqtisadi əhəmiyyətinin olduğunu  qeyd edib:

"Bu, ilk növbədə İranla ticarət əlaqələrini bir qədər də inkişaf etdirməklə, Azərbaycanın tranzit potensialını yüksəltməklə bağlıdır. Azərbaycanın əsas müəllifi və ev sahibi olduğu Şimal-Cənub-Qərb transit-logistika marşrutlarında iştirakçılardan biri olaraq İran da pay sahibinə çevrilir. Azərbaycan bu tranzitlər üzrə daha çox hərəkət iştirakçısı cəlb etməkdə, regiondakı iqtisadi və geosiyasi gücünü bir qədər də artırır".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu