Sabir Rüstəmxanlıya dəstək gəldi

Sosial şəbəkələrdə türk soylu millətlərin çevrəsini genişləndirməliyik

"Müasir dövrdə internet resurslarından yararlanmalıyıq"

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib. Deputat türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb: “Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir-birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.

Sabir Rüstəmxanlı bu işin artıq başlandığını söyləyib: “Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla əlaqələrimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”. 



Parlament üzvünün təklifi ilə bağlı “Şərq”ə danışan türkoloq-alim, Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi Faiq Ələkbərli deyib ki, türk xalqlarının sıx əməkdaşlığına nail olmaq üçün mümkün vasitələrin hamısından istifadə etmək lazımdır. Alimin sözlərinə görə, türksoylu millətlərin müxtəlif sosial şəbəkə platformaları üzərindən münasibət qurması, əlaqələri daha da inkişaf etdirməsi faydalı və zərurətdir:

“Ümummilli məsələlərdə, türk xalqlarının sevincli və kədərli günlərində daim ünsiyyətdə olmalıyıq. Şəxsən öz adıma deyim ki, tvitter, feysbuk, instaqram kimi sosial səhifələrimin dostluq siyahısında bütün türk xalqlarının nümayəndələri var.

Onlarla mütəmadi danışığımız olur, fikir mübadiləsi aparırıq. Türkiyə ilə Azərbaycan arasında sosial platformalar üzərindən əməkdaşlıq yüksəkdir.

Yaxşı olar ki, özbək, qazax, türkmən və tatarlarla yanaşı, başqırdlar, çuvaşlar, uyğurlar, eyni zamanda Kərkükdə, Hələbdə və güneydəki soydaşlarımızla da əlaqələrimizin masştabını genişləndirək.

44 günlük Vətən müharibəsində sosial şəbəkələrdə türk dünyasının birliyinin, türk xalqlarının həmrəyliyinin şahidi olduq.

Demək olar ki, bütün türksoylu millətlərin nümayəndələri birmənalı öz qardaşlarının, Azərbaycan xalqının yanında dayandılar. Hörmətli Sabir bəyin dediyi kimi, bu sahədə fəaliyyətimizi daha da dərinləşdirməliyik.

Müasir dövrdə internet resurslarından yararlanmalıyıq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu