Heç vaxt unutmayacağıq

Xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Keçmiş sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi qara hərflərlə tarixə düşüb. Sovet qoşunlarının, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular.

Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib. Onlardan 112-si SSRİ-nin müxtəlif
şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var. 

O zaman yalnız Ümummilli Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləşmişdir. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verilmişdi. Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilib. 2006-cı il yanvarın 19-da ölkə başçısı İlham Əliyevin fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün “Prezident təqaüdü” təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilib. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Eyni zamanda dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. 

Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə bildirib ki, xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir. Tarixçi-alim vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixinə ayrıca bir səhifə kimi yazılıb:

“O məşum gündə Azərbaycanı müstəqil, suveren dövlət olaraq görmək istəyən vətən övladları sovet imperiyasına qarşı öz etirazlarını bildirdi. Əliyalın şəkildə tankların, silahlı əsgərlərin qarşısına çıxmaqdan çəkinmədilər.

Hər il ənənəvi olaraq 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi respublikamızın hər yerində anılır. Orta və ali məktəblərdə 20 Yanvar hadisəsi ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlər keçirilir. Pandemiya dövründə dərslərin onlayn keçirilməsi 20 Yanvar faciəsi ilə bağlı anım mərasiminin yeni formatda keçirilməsini aktuallaşdırır.

Faciənin 31-ci ildönümündə ənənəvi ədəbi-bədii kompozisiyalarla yanaşı, hər bir fənn müəllimi mövzu barədə ayrıca məlumat verməlidir. Çünki digər faciələrimizdən fərqli olaraq, 20 Yanvar başqa bir anlam daşıyır. Bu tarixi günün məramı xalqımızın azadlıq istəyi ilə bağlı olduğu üçün, ona fərqli yanaşma tələb olunur. Həm də tədbirlərin təşkilində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsini xüsusi yad etmək lazımdır.

Tanınmış ziyalıların, tarixçi-alimlərin, şair və yazıçıların, millət vəkillərinin onlayn anım tədbirlərinə qatılması, şagirdlərə 20 Yanvar mövzusunda onlayn dərslərin keçirilməsi vacibdir. Bu günü unutmamalı və unutdurmamalıyıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu