"Şuşanın havasındandır..."

Bəyimxanım Cavanşir – Verdiyeva: "Görürsüz, şəhərə ayaq basan əsgərlərimizin hamısı oxuyurdu"

"Mehriban Əliyeva çox zövqlü xanımdır, inanıram ki, Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində əsas aparıcı qüvvə olacaq"

Mayın 7-si idi. Yuxuda gördüm Şuşadayam... Ayağımın altında Şuşanın daş yoludu. Şuşanın daşları da başqadı. Yağış yağanda par-par parıldayır. İnanmadım. Başımı qaldırdım, başımın üstündə Gəncə qapısını gördüm, bilirsiz bəlkə də, Şuşaya bir neçə tərəfdən giriş var, biri də Gəncə qapısındandı, dedim, ay Allah, mən Şuşadayam?!. Yuxumu Zöhrə xanıma danışdım (Zöhrə Abdullayevanı nəzərdə tutur – red.) . O da Şuşalıdı axı... O vaxt hələ Şuşa işğalda idi. Noyabrın 8-i Şuşa azad olundu. Deməli, Şuşa mənə yuxumda xəbər vermişdi, azad olacağını... 

Xan Şuşinskinin – Xan əminin qızı – Bəyimxanım Cavanşir–Verdiyeva danışır bunları. Daha bu xanıma Xan qızı deyə müraciət edəcəyik. Əvvəldə görkəmli sənətkarımız Xan Şuşinskinin adını ona görə xatırlatdıq ki, Şuşanın Xan qızı Natəvanı var. Bu da Azrbaycan üçün bir fəxarət, həm də bir lütfdür. Bir Xan qızı tarixdən bizi boylanırsa da, biri aramızdadır. Allah can sağlığı versin. Xan qızı adına layiqdir Bəyim xanım. Davranışı, nəzakətli danışığı, təmkini daxili mədəniyyətinin alicənab nəslə mənsub olmasının göstəricisidir, zahiri də bu göstəriciləri tamamlayır. Məlumdur ki, Xan Şuşinski Pənahəli xanın soyundandı. Soyadı Cavanşir olub. Sonra, təbii sovetləşmə zamanı xan soyunu arxa plana keçirməli olub, görkəmli xanəndəmiz, muğam ustadımız Xan əmi də Şuşinski təxəllüsünü seçib. Bəyimxanım bunları efirdə, verdiyi müsahibələrdə danışıb. Bizim ona budəfəki müraciətimiz “Şuşanı necə görmək istərdiniz?” mövzusu  ətrafında fikirlərini dinləmək istəyimizlə bağlı idi. O da ürəyindən keçənləri dilə gətirdi: 

- Əvvəla onu deyim ki, çox xoşbəxtəm. İllərin Şuşa həsrətinə son qoyuldu. Mədəniyyət mərkəzimiz, gözəl Şuşamız özümüzə qayıtdı. Mən cənab Prezidentə təşəkkür edirəm, öz qətiyyəti sayəsində, ordumuz gücü ilə Şuşanı Azərbaycana qaytardı. Mən şəhidlərimizin ruhu qarşısında, onları böyüdüb boya-başa çatdıran valideynləri qarşısında, qəhrəman əsgərlərimizin, Şuşamızı güllədən, silahdan da ziyadə yalın əllə, ürəklərindəki təpərlə azad edən əsgərlərimizin qarşısında baş əyirəm. Bundan böyük xoşbəxtlik təsəvvür etmirəm. Çox sevinirəm... 

- Bəyimxanım, cənab Prezident Şuşanı mədəniyyət mərkəzi elan etdi. Bir sıra işlərin görüləcəyini bəyan etdi. “Vaqif Poeziya günləri”nin, “Xarıbülbül” festivalının bərpa olunacağını söylədi və bir çox layihələrin icra olunacağının anonsunu verdi. Sadəcə, istədik, sizin də fikirlərinizi öyrənək. Bir şuşalı kimi, həm də Xanın qızı kimi ürəyinizdən keçənləri bizimlə bölüşəsiniz. Şuşanı necə görmək istərdiniz? 

- Pənahəli xan Şuşanın təməlini qoyanda bunu yalnız bir istehkam, qala olaraq nəzərə almayıb. Pənahəli xan Şuşanın həm də məskunlaşma yeri kimi təməlini “atıb”. Demək, Şuşa qalasına dövrün görkəmli sənətkarlarını, musiqiçiləri, hər sahənin bilicilərini, ziyalıları toplayıb, həm də zahirən surəti gözəl insanları toplayıb. Şuşa mədəniyyəti, Şuşa incəsənəti, Şuşa insanları belə formalaşıb. Ən yaxşıları seçib Şuşa üçün. Şuşa təbiətinin füsunkarlığı, təkrarsızlığı bəllidir. Görürsünüz, Şuşaya ayaq basan əsgərlərimizin hamısı oxuyurdu. Şuşanın havasındandı bu. Mən İsveçrənin Sürix şəhərində olmuşam, adətən tərifləyirlər oranın havasını, amma Şuşanın havası orda da yoxdu. Şuşanın havası ancaq Şuşadadı. Prezidentimizin dediyi kimi, Şuşa abadlaşacaq, dirçələcək. Biz Şuşanı tanıtmalıyıq, dünyanın mədəniyyət mərkəzi kimi tanıtmalıyıq, təkcə Azərbaycanın, ya da Qafqazın deyil. Mən bir dəfə demişəm, Şuşa üçün Qafqazın konservatoriyası deyirlər, Şuşa təkcə Qafqazın deyil, bütün Şərqin konservatoriyasıdır. Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlər saymaqla bitməz... 

- Bəyimxanım, hamımız Prezidentin Şuşaya səfərini izlədik. Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün abidələri Şuşaya qayıtdı, Prezident, birinci vitse-prezident Mehriban xanım da abidələrin açılışını etdilər. Təbii ki, abidələr layiq olduqları yerdə qoyulacaq, ev-muzeyləri də bərpa ediləcək. Başqa nələrin edilməsini istərdiniz? Fikrinizdə nəsə varmı? 

- Mən düşünürəm ki, Şuşada konservatoriya açılmalıdır. Həm də paytaxtdakı Azərbaycan Milli Konservatoriyasının filialı deyil, birbaşa konservatoriyanın özü. Çünki paytaxtdakı konservatoriyanın əsasını qoyan dahilər elə Şuşalıdılar. Milli konservatoriyamızın binası Bakıda idisə də, beşiyi Şuşa idi. Şuşada idi. İndi də elə olmalıdır. Kök Şuşadır. Mənbə Şuşadadır. Məsəl var, Qarabağda analar segah üstə lay-lay deyir. Uşaqlar da şikəstə üstə ağlayırlar. Bunlar elə-belə, söz xatirinə deyilməyib. Şuşanın havasıdır oranın insanlarına segah, şikəstə oxutduran. Şuşada təbii ki, musiqi məktəbləri, bəlkə də musiqi kolleci olacaq. Amma konservatoriya mütləq olmalıdır. Azərbaycan musiqisi paytaxtdan yox, Şuşadan dünyaya yayılmalıdır. Şuşa təkcə musiqi, muğam beşiyi deyil. Yəqin bilirsiniz, Azərbaycan xalçaçılıq məktəbinin ustadı Lətif Kərimov da şuşalı olub. Azərbaycan xalça sənəti onsuz da dünyada məşhurdu. Amma biz Şuşanı həm də Azərbaycan-Qarabağ xalçaçılıq məktəbinin ayrılmaz bir parçası kimi tanıtmalıyıq. Şuşada xalçaçılıq məktəbi yaradılmalıdır və bu sənət növü inkişaf etdirilməlidir. Qarabağ mətbəxinin özü, tanınmağa layiqdir. Qarabağ mətbəxi bütün digər regionlardan fərqlənir. Öz xüsusiyyətləri olan bir mətbəxdir. Biz Şuşaya təkcə incəsənət, mədəniyyət mərkəzi kmi deyil, həm də elm ocağı kimi baxmalıyıq. Azərbaycanın görkəmli alimlərini yetirib Şuşa torpağı. Qəhrəmanlar yetirib bu torpaq. 

- Məsələn, Qəbələdə beynəlxalq musiqi festivalları keçirilir. Son bir ili nəzərə almasaq, pandemiya səbəbindən, neçə illərdir Qəbələ qonaqlar qarşılayır. Belə səpkili festivallar da yəqin ki, Şuşada təşkil olunacaq. 

- Sözsüz. Üzeyir bəyin, Zülfüqar bəyin, Niyazinin, Süleyman Ələsgərovun... adlarını sadalaya bilmədiyim neçə-neçə dahi sənətkarımızın xatirəsinə musiqi festivalları keçirilə bilər. Atam Xan Şuşinskinin bu il 120 illiyidir. Onun da ruhu şaddır. Doğma Şuşasına doğma sahibləri qayıdıb. Xan Şuşinskinin də yubiley tədbirləri yəqin ki, keçiriləcək. Mehriban xanım Əliyeva çox zövqlü xanımdır. Mən inanıram ki, muğam sənətimizi, milli-mənəvi dəyərlərimizin qorunmasında bilavasitə iştirak edən Mehriban xanım Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsində əsas aparıcı qüvvə olacaq. Şuşa muzeylər, sənətkarlıq şəhərinə çevriləcək. 

- Həm şuşalılar, həm də ümumən qarabağlılar, işğaldan azad edilmiş bölgələrin sakinləri deyir ki, yurdumuza qayıdanda tanış mənzərələri görmək istəyirik. İlk baxışda, ilk addımda buranın bizim vaxtilə tərk etdiyimiz yurd yerimiz olduğunu yenə görkəm istəyirik. Necə etmək olar ki, Şuşaya yol alan adam məhz Şuşaya ayaq basdığını hiss etsin? Şəhərin girişindəki məlum “Şuşa yazısından savayı... 

- Gəncəyə gedənlər oranın Nizami yurdu olduğunu irəlilədikcə hiss edirlər, Nizaminin “Xəmsə” qəhrəmanları insanları qarşılayır, yola salır. Demirəm, Şuşaya gəlib-gedəni Üzeyir bəy, Pənahəli xan, yaxud Xan qızı Natəvan qarşılasın. Çünki Şuşanın o qədər görkəmli şəxsiyyətləri var ki, hamısının abidəsini qoymaq, hamısını şəhərin girişində nümayiş etdirmək mümkünsüzdür. Amma indi müasir texniki vasitələr var, müxtəlif üsullarla işıqlandırma, nümayiş etdirmə, aydınlatma işləri aparmaq mümkündür. Elə bir layihə olmalıdır ki, özündə bütün Qarabağı əks etdirsin və Şuşa da daxil, bütün Qarabağın Azərbaycana aid olduğunu əks etdirsin. Milli ornamentlər mütləq olmalıdır. Şuşanın alınmasında igidlik göstərənlərin xatirəsinə abidə-kompleks mütləq olmalıdır. Şuşa unikal şəhərdir. Biz bu unikallığı qoruyub saxlamalıyıq. Və dünyaya göstərməliyik. Şuşanın təbiəti görün necə məxsusidir ki, xarıbülbül çiçəyi yalnız orda bitir. Şuşa işğal olunmuşdu, təbiət də küsmüşdü, xarıbülbül də küsmüşdü. İndi Şuşanın əzəli sakinləri qayıdır, xarıbülbül yenə çiçək açacaq.     
              
- Hazırlaşırsınız, Şuşaya getməyə? 

- Əlbəttə, icazə verilən kimi gedəcəyik. 

- Eviniz qalır? 

- Yox. Dağıdılıb. Babamın 3 kəndi olub Şuşa ətrafında. Sonra təbii ki, ailənin əlindən alınıb. Sonralar atam Şuşada Üzeyir bəyin qardaşı Zülfüqar bəyin evini almışdı. Üzeyir bəyin evinin qonşuluğunda 2 mərtəbəli ev idi. Çuxurməhlə adlanan yerdə. Evimizə qonaqlar çox gəlirdi. Ümumiyyətlə, Şuşada hansı evin yanından keçirdin, mahnı, musiqi sədaları gələrdi... 

- Səhv etmirəmsə, siz Xan Şuşinski Fondunun rəhbərisiniz... 

- Bəli. Fond 10 ildir fəaliyyət göstərir. Bizim xarici səfərlərimiz olub. İngiltərə, Fransa, İtaliya, Avstriyada səfərdə olmuşuq. Sərgilər, konsertlər təşkil etmişik. Həmişə belə səfərlərə gedəndə Qarabağla bağlı kitablar, fotolar aparırdım özümlə, ürək ağrısı ilə sərgilər təşkil edirdik. Şükür Allaha ki, qalib ölkənin vətəndaşıyıq artıq.

İnanın, Prezidentin Şuşaya səfərini göz yaşlarıyla izləyirdim, həm də qürurlanırdım ki, Şuşa artıq bizimdir. Biz ora qayıtmışıq. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu