Qardaşımız yaralarımızı sarıyacaq: Türkiyədən 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı və erməni təcavüzünə son qoyuldu.



Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə,  müharibənin törətdiyi fəsadlar qazilərimizə, o cümlədən doğmalarını itirmiş şəhid ailələri, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara öz mənfi təsirini göstərib. Belə ki, bu faktorlar insanlarda posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, suisidal fikirlər, aqressiya, zərərli vərdişlərdən asılılıq və digər bu kimi halların yaranmasına səbəb olur.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza 24 saat fasiləsiz təcili psixoloji yardımın göstərilməsi fəaliyyətini davam etdirir. 

Bununla yanaşı, müharibənin fəsadları nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyə Respublikasından 20 nəfər klinik-psixoloq və psixoterapevt dəvət olunub. Qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin azərbaycanlı məsləkdaşları ilə birgə fəaliyyət göstərməsi nəzərdə tutulub. Səfər zamanı həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsi aparılacaq. Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

"İnanırıq ki,  bir-birimizə mənəvi dəstək olaraq müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldıracağıq", - deyə FHN-nin məlumatında bildirilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu