Saç şampunu seçərkən bu amilə mütləq diqqət edin – Mühüm tövsiyə  

Saçlar yalnız görünüş deyil, həm də sağlamlığın bir göstəricisidir. Müntəzəm və keyfiyyətli saç baxımı olmadan sağlam və parlaq saçlara sahib olmaq qeyri-mümkündür. Şampun saçlara qulluqda əsas vəzifəsini yerinə yetirir, sadəcə saçları deyil, baş dərisini də təmizləyir. Lakin şampunun düzgün seçilməsi vacib məsələdir.

Bəs, bunun üçün nələrə fikir vermək lazımdır?



Sualımızı cavablandıran həkim- trixoloq Aytəkin Quliyeva “Sherg.az”a bildirib ki, şampunların PH dəyərini bilmək çox zəruridir:

“PH keyfiyyəti müəyyən etmək üçün şampunun qabındakı bilgiləndirmə etiketinə baxmaq lazımdır. PH göstərilmədiyi təqdirdə bunu necə təyin etmək olar? Təəssüf ki, çoxları laboratoriya təcrübələri olmadığına görə şampun seçimində yalnız "prob" metodundan istifadə edir.

Saçlar daranandan sonra sərt və kobud olarsa, yaxşı daranmazsa, deməli çox qələvi şampun seçimi edilib”.

Həkim vurğulayıb ki, saçlar tez kirlənib, yağlanırsa, şampun çox turş mühitlidir:

“PH-ı 7-dən aşağı olarsa, turşu mühitli şampundur, 7-dən yuxarı PH isə qələvi şampundur. Quru, zəifləmiş və zədələnmiş, rənglənmiş saçlar üçün turş mühitli, yəni yumşaq şampunlar tövsiyə olunur. Yağlı saçlar üçün neytral və ya qələvi tarazlığı olan (PH 6-8) şampunlardan istifadə etmək tövsiyə olunur”.

Trixoloq sonda qeyd edib ki, uşaqlar üçün pH 6-8 olan və yalnız neytral şampunları seçmək lazımdır:

“Bəzi insanlar saçını sabunla yuyur, sabunun saçını daha həcmli və dolğun göstərdiyini söyləyirlər. PH-ı yüksək təmizləyicilər saçın üst qismindəki qapaqları açaraq saçı daha qabarıq göstərir.

Ancaq sağlıqlı saçın qapaqları qapalı olmalıdır. Açıq qapaqlar saçın xarici faktorlara qarşı dayanıqlığının itməsinə səbəb olur və saçı daha mat və solğun göstərir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu