"Şərait olmalıdır ki, insanlar elektromobillərə keçid etsin"

"Ölkəmizdə sürətli şəkildə şarj stansiyaları tikilməli, infrastruktur qurulmalı, şəbəkə genişləndirilməlidir"

Son zamanlar işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədi ilə alternativ olaraq elektromobillərin sayı çoxalır. Elektromobillər əsasən inkişaf etmiş və daha sivil toplumların formalaşdığı ölkələrdə sürətlə artır. Buna misal olaraq ABŞ, Norveç, Niderland, İngiltərə, Fransa, Yaponiya, Sinqapur kimi ölkələri misal çəkmək olar. Azərbaycanda da son illər bu avtomobillərə maraq artmaqdadır. Lakin bir çox problemlər hələ də qalmaqdadır.

Bununla bağlı avtomobil üzrə ekspert Fərid Hüseynov "Şərq"in suallarını cavablandırıb. Ekspert maraqlı məqamlara toxunub. 

- Fərid bəy, sizcə, elektromobilləri sürməyə dəyərmi?

- Əlbəttə. Burada bir neçə faktor rol oynayır. Avtomobilin alış qiymətini ilkin olaraq nəzərə almasaq, o zaman elektromobil istifadə olunduğu müddətdə sürücünün avtomobil üçün düşündüyü xərclərini azaldır. Belə ki, elektromobillərdə ənənəvi avtomobillərdə olduğu qədər dövri baxım xərcləri yoxdur, yəni "yağ dəyişmə" tipli. Başqa bir səbəb EM-lərin daha tez sürətlənməsidir ki, bir çox sürücü bu cəhəti bəyənir. Yanacaq xərci də ciddi şəkildə azalmış olur. Bunlar alıcılıq üçün təkan verəcək faktorlardır. Bunların hamısını bir kənara qoysaq, onda fərqli bir səbəb gələcəkdə hamımızın EM sürəcəyimizə zəmin yaradır. Bu da ekoloji faktordur. EM-lər avtosənayenin gələcəyidir, bu qaçılmazdır və sürətlə aydınlanan reallıqdır. Bu gün az qala hər avtoistehsalçının elektriklə işləyən modeli var və model cərgələrini sürətlə elektrikləşdirirlər, buna məcburdurlar. Əvvəla İEÖ-lərin qanunları, sonra isə bazar bunu tələb edir. Kim sürətlə bu yeniliyə uyğunlaşa bilməsə, bazar payını itirmə riski var. Məsələn, Avropa Birliyi daxilində istehsalçıların cərimələnmə riski də var. 2019-cu ilin yanvar ayından AB daxilində istehsalçılara belə bir tələb qoyulub ki, il ərzində satılan avtomobillərin ortalama qaz tullantısı 100 km-ə 95 qramı keçməməlidir. Əgər keçərsə, əlavə hər qrama görə 95 avro cərimə ödəyəcək. İlk baxışda ciddi rəqəmə oxşamır, amma əslində böyük rəqəmdir.  "Porsche" kimi perfomans avtomobilləri istehsalçısı belə hər modelini sürətlə hibridləşdirdi və tam elektrik modeli satışa çıxardı. Yəni EM-lər bu gün zövq və seçim məsələsi ola bilər, amma sabah məcburiyyət olacaq.

- Bu avtomobillərin ölkəyə gətirilməsi üçün əsas çətinliklər nələrdir?

- Bu sualın cavabını vermək üçün bir neçə il geriyə gedib, yəni 2019-cu ilə qədərki gömrük rüsumlarımıza baxmalıyıq. 2019-cu ilə qədər EM-lər üçün ənənəvi avtomobillər kimi həm idxal rüsumu, həm aksiz vergisi, həm ƏDV ödənməli idi və bu da qiyməti şişirdirdi. Ümumiyyətlə, aksiz vergisini əslində mühərriki olmayan (EM-lərdə enerjini təkərlərə ötürən konverter olur, neçəsə litrlik DYM yoxdur, aksiz vergisi DYM həcminə görə hesablanır) avtomobil üçün necə hesablayırdılar, necə təyin edirdilər kimi suallar var. Hökumətin yeni qərarı ilə 2019-cu il 1 yanvar tarixindən gətirilən EM-lər üçün aksiz vergisi və ƏDV ödənmir, avtomobil dəyərinin 15 faizi idxal rüsumu olaraq ödənir və gömrükdə rəsmiləşdirilir. Amma bu qərar ölkədə EM-ləri artırmadı, məşhurlaşdırmadı. 

- Niyə? 

- Əvvəla ona görə ki, bu gün EM-lərin alışı bahadır. Çünki litium-ion batareyaları baha başa gəlir. Texnologiya kütləviləşdikcə qiymətlər aşağı düşəcək. Digər səbəb isə Azərbaycanda EM-ləri şarj etmək üçün lazımi infrastrukturun olmamasıdır. Əgər vətəndaş EM alsa belə onu lazım olduğu vaxtda və yerdə şarj etmək imkanı yoxdur. Şarj şəbəkəsi Bakıda 10-a qədər yerdə var, bu özü çox azdır. EM idarə edən vətəndaş Bakıda birtəhər şarj stansiyası tapsa da, şəhərdən kənara çıxa bilmir. Çünki heç yerdə stansiyalar yoxdur. Bu da avtomobilin qiymətindən də çox ciddi məsələdir. Hökumətin bu sahədə hansısa planı var. Əlavə olaraq SOCAR elan edib ki, ölkə üzrə öz YDM-lərində elektrik şarj stansiyaları quracaq. Amma bu proses çox ləng gedir və təbii olaraq ölkədə EM-ləri heç çür təşviq edə bilmir. Daha ciddi təşviqat aparılması lazımdır. Amma hələ ki, ciddi boşluqlar var. Bu günləri benzinin qiyməti qalxır, amma vətəndaş əvvəl qiymətə görə, sonra isə şarj edə bilməməyə görə keçid etmir və ciddi tərəddüd edir. 

- Avropada elektromobilləşmə prosesi sürətlə gedir. Bəs hansı səbəbdən ölkəmizdə  bu proses ləng gedir?

- Alış qiyməti və ölkəmizdə infrastruktur kasadlığı bu gün üçün əsas səbəblərdəndir. Məsələn, vətəndaş Bakıda yaşayır, valideynləri Gəncədə. Vətəndaş ayda bir dəfə Gəncəyə səfər edir. Bakıda tam şarj etdi, yola çıxdı. Uzaq yolda 100 km limitlə sürdüyü üçün şarj ciddi azaldı, yolun yarısında şarj stansiyası yoxdur. Şarj tam bitsə, bu zaman avtomobil yolda sönüb qalacaq. Bunu bilən heç bir vətəndaşı EM almağa sövq etmək olmaz. Buna görə də vətəndaş üçün əvvəlcə şərait yaradılmalıdır. 

- Müsbət nəticələrin olması üçün hansı arzuolunan addımların olması zəruridir?

- Əvvəl hibridlərə gömrük güzəşti tətbiq edilməlidir ki, vətəndaşlar ənənəvi avtomobillərdən "yarı elektriklərə" keçidə başlasın. Sürüb görsün ki, sistem necə işləyir, müsbəti-mənfisi nədir. Yəni insanlara yoxlamaq fürsətini qazandırmaq lazımdır. Güzəştdən sonra isə EM almaq istəyənlər üçün subsidiyalar tətbiq edilməlidir. Subsidiyasız müsbət hansısa nəticəni gözləmək sadəlövhlük olar. Həm alış üçün subsidiya, həm də istifadə müddətinin ilk bir neçə ilində bu və ya digər rüsum-vergidən azadolmalar tətbiq edilməlidir.

Məsələn, EM alan şəxs həm dövlətdən alış üçün subsidiya alır, həm yol vergisindən, həm də avtomobilin qeydiyyat rüsumlarından azad edilir. Bu tip paketlər olmadan Azərbaycan və onun kimi ölkələrin çoxunda ciddi elektrikləşməyə keçid görə bilməyəcəyik. Biz Avropa Birliyi deyilik ki, ciddi və işlək qanunlar qəbul edək, istehsalçıları cərimələyək ki, siz bizim havamızı çirkləndirirsiniz. Və atmosferi ciddi şəkildə çirkləndirən avtomobillərə yüksək məbləğli cərimələr tətbiq edilsin. Bu günləri ölkədə saysız-hesabsız köhnə dizel avtomobilləri var.

Təəssüf ki, Avropada 3 il əvvəl qəbul edilən yeni sərt qərarlardan sonra Birlik ərazisindən çölə "atılan" dizelləri biz daşıyıb ölkəmizə gətirdik. Bir qurum belə buna qarşı çıxmadı, qabağını almadı. Yəni Azərbaycan Avropanın "çox çirkli" hesab etdiyi, ömrü az qala bitmiş maşınları qəbul etdi öz ərazisinə, "metallomu" yığdıq bura.

Ölkəmizdə sürətli şəkildə şarj stansiyaları tikilməli, infrastruktur qurulmalı, şəbəkə genişləndirilməlidir. Misal olaraq, Almaniya kimi ölkə 2020-ci ilin sonuna qədər ölkə ərazisində dövlət hesabına 40  ədəd hidrogen yanacaqdoldurma məntəqəsi tikdi. Hidrogen də elektrik kimi avtomobillərdə alternativ yanacaq növüdür.

Ciddi potensialı var. Bir neçə istehsalçı artıq 6-7 ildir ki, hidrogenlə işləyən modelləri İEÖ-lərdə satırlar. Yuxarıda  adları çəkilən ölkələrin hamısında başqa maraqlı bir cəhət var: şarj stansiyaları təkcə dövlət tərəfindən deyil, həm də özəl şirkətlər, müxtəlif sahibkarlar tərəfindən qurulur.

Məhz elə bu səbəbdən də şəbəkə sürətlə genişlənir, infrastruktur artıq var. Hesab edirəm ki, bizdə bunlar olmalıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu