Boşananların sayı artıb

"Evində dinclik tapmayan şəxs ən asan olan yolu, problemlərdən qaçmağı seçir"

Ötən ilin 11 ayı ərzində ölkəmizdə qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən,  Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr ayları üzrə 32 437 nikah və 13 439 boşanma halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə düşən nikah sayı  3,5,  boşanmaların sayı isə 1,5 olub. 

Rəqəmlərin sayına nəzər salanda ortaya çıxan mənzərə insanlara heç də xoş təsir bağışlamır. Geridə qoyduğumuz il ərzində boşananların sayı nikah bağlayanların yarısını təşkil edir. 

Gənc yaşlarında ailə quran insanlar qısa müddətdən sonra bir-biri ilə yola gedə bilmədiyindən çıxış yolunu evliliyə son qoymaqda görür. Əvvəlki dövrlərə nisbətən indi boşanmalar adi hal alıb. Zaman keçdikcə rəqəmlərin bu qədər artması artıq həyəcan təbili çalmağa əsas verir.  Həmin problemin həllinə nail olmaq üçün əvvəlcə onun mənbəyinin nədən qaynaqlandığını araşdırmaq lazımdır.
 


Boşanma hadisələrinin artması və onun səbəbləri ilə bağlı "Şərq"ə danışan sosioloq Lalə Mehralı deyib ki, bir il ərzində xalqımız çox ağır dönəmdən keçdiyi üçün bu müddət ərzində insanlar arasında boşanmaya səbəb olan amillərdən biri psixoloji problemlərdir:

"2020-ci ildə həm dünyada, həm də ölkəmizdə hökm sürən koronavirus pandemiyası öz mənfi təsirlərini bütün sahələrdə həddən artıq dərəcədə göstərib. Xalqımız bir il müddətində olduqca çətin dönəmdən keçib. Pandemiya səbəbilə bir çox insanlar öz iş yerlərini itiriblər.

Bu da onların psixoloji durumuna bilavasitə təsir edib.  Belə psixoloji gərginlik yaşadığımız bir zamanda boşanmaların qaçılmaz olacağı istisna edilmir. İnsanlar stres, əsəb və digər mənfi emosiyalarla maksimum dərəcədə yüklənib. Hər kəs adətən rahatlığı evdə axtarır.

Evində dinclik tapmayan şəxs isə ən asan olan yolu, problemlərdən qaçmağı seçir. Heç kəs problemi həll etmək üçün qarşılıqlı söhbət etmir, yaxud terapiya keçmək istəmir. Nəticə etibarilə boşanan insanların sayı gündən-günə artır, çoxalır. 

Sosioloq digər səbəbi isə pandemiya dövründə vətəndaşların sosial problemlərinin artması ilə əlaqələndirib:

"Pandemiya dövründə insanların əksəriyyəti sağlamlığını qorumaq üçün evdə qalsalar da, digərləri iş yerlərini itirdiyi üçün buna məcbur olub.  Müəyyən işsizlik, maddi sıxıntılar səbəbindən insanlar arasında gərginlik halları daha da yüksəlib və dözümləri olduqca azalıb. Maddiyyatın səbəb olduğu problemlər də münasibətlərin qırılmasına gətirib çıxarır".  

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu