Sevinməyə dəyməz

Pandemiya gələcəkdə görmə qabiliyyətinə təsir göstərəcək

Türkiyəli həkimlərin həyəcanını bizim həkimlər də təsdiqləyir


Pandemiya  uşaqların səhhətndə bir sıra problemlərə səbəb olacaq.  Koronavirus azyaşlılardan yan keçir deyə, sevinirik. Amma fəsadları qarşıdakı illərdə özünü mütləq göstərəcək. Məsələn, görmə qabiliyyətində. Türkiyəli həkimlər həyəcan təbli çalır ki, onlayn dərslərə qoşulan uşaqlar görmə zəifliyi problemi yaşaya bilər. Çünki gün ərzində bir neçə saat onlayn dərslərə qoşulma göz sağlamlığını təhdid edir. Türkiyəli həkim, göz xəstəlikləri üzrə uzman doktor Əlvan Yalçın Türkiyənin  “ATV Səhər” proqramında valideynlərə bəzi tövsiyələr verib. “Dünənədək uşaqlara ekrandan uzaq durun, deyirdik. Bu gün isə uşaqlar saatlarla kompüter ekranı, planşet qarşısında əyləşmək məcburiyyətindədirlər. Belə vəziyyət gələcəkdə uşaqlarda görmə zəifliyi xəstəliyini yüksəldə bilər” söyləyən həkim, onlayn dərslərin gözlərə mənfi təsirini azaltmağın yollarını anladıb: 

- Kompüter qarşısında çox əyləşmək, fərqi yoxdur uşaq dərsə kompüterlə qoşulur, smartfon və ya planşetlə, ekrana uzun müddət fasiləsiz baxmaq gözlərdə quruluq, qaşınma, allergiya, kiprik iltihabı, qızartı, sulanma kimi hallar yaradır ki, bunlar da zaman keçdikcə görmə qabiliyyətinin zəifləməsinə, müxtəlif göz xəstəliklərinə səbəb ola bilər.  Ata-analara məsləhət görərdik ki, uşaq onlayn dərs çalışırsa, ekranla arasında 1 – 1.5 metr ara məsafəsinin olmasına diqqət etsinlər. Bu ölçülər ekranın ölçüsünə görə dəyişə bilər. Əgər uşaq böyük ekran qarşısında əyləşirsə, gözün istiqaməti üzrə baxış bucağı 15 dərəcənin altında olmalıdır.

Pəncərədən, ya da yuxarıdan ekrana işıq düşməsinin qarşısı alınmalıdır, əks halda ekran həddindən artıq işıqlanacaq və bu da uşağın ekrana daha zəndlə baxmasına səbəb olacaq ki, nəticədə göz daha tez yorulacaq, quruluq, qaşınma əlaməti də artacaq. Uşağın əyləşdiyi oturacaq da rahat olmalı, qarşı tərəfə çox əyilmənin qarşısı alınmalıdır. Uşaq elə əyləşməlidir ki, dizlər  90 dərəcədə bükülmüş olsun. Lazım gələrsə uşağın qolunun altına əlavə masa və ya kətil də yerləşdirmək olar. Bu, uşağın ekran qarşısında rahat əyləşməsini təmin edər. Gözlüklərdən istifadə etmək olar. Daha uyğunu mavi filtrli gözlüklərdir. 

Pediatr Vaqif Qarayev də “Şərq”ə açıqlamasında onlayn dərslərin uşaqlarda görmə zəifliyinə səbəb ola biləcəyini istisna etmədi: 

- Son vaxtlar uşaqların kompüter-planşetə çox baxması səbəbindən gözdə problemlər yaranır. Xüsusilə görmə zəifliyi halları artıb. Yəni problem təkcə onlayn dərslə bağlı deyil. Ümumiyyətlə, son illərin problemidir. 

Dərsə gəldikdə, məhdudiyyət qoymaq da mümkün deyil. Oxumalıdı da bu uşaqlar. Amma deyə bilərəm ki, bəli, görmə qabiliyyəti ilə bağlı problemlər qaçılmaz olacaq. Valideynlər mümkün qədər diqqətli olsalar, bu problemlərdən qaçmaq olar. 

Görürsən uşaq 2 saat onlayn dərsə qoşulub, dərs bitən kimi də planşetdə, smartfonda oyun oynayır, nə bilim, müxtəlif videolar izləyir, telefon əlindən düşmür. Belədə əlbəttə, göz də yorulacaq, beyin də. Dərsi də yaxşı qavramayacaq.

Yorğun beyin fənni necə qavraya bilər?!. Gərək valideynlər uşaqlara nəzarət etsin. Müəllimlər də onlayn dərs keçirlərsə, arada fasilə versinlər. Göz yorğunluğunu azaltmaq, beynə istirahət vermənin müxtəlif üsulları var. Mütəxəssislər bilir bunları. Məsələn, gözlərə istirahət vermək üçün azı 10 dəqiqə uzaq məsafəyə baxmağı tövsiyə edirlər. Yaşıllığa, ağaclara, axar suya.

Kimin yan-yörəsində sakitlik gətirəcək nə varsa. Adi dibçəklər, güllər, çiçəklər, bəzən insanı çox sakitləşdirir, onlara baxanda gözlər istirahət edir. Müəllimlər də buna çalışmalıdır. Elə edək ki, pandemiyadan sonra uşaqlarda sağlıq problemləri artmasın.

Dərs zamanı kompüter qarşısında düzgün əyləşmək, beli əyməmək, ekrana yaxın oturmamaq da vacib şərtlərdir. Uşaqları vaxtaşırı göz müayinəsindən  keçirmək lazımdır ki, hər hansı problem yaranıbsa, vaxtında aradan qaldırılsın. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu