Deputatdan sərt təpki: ““Dəmir yumruq” hər an işə düşə bilər”

“Ermənilər unutmamalıdırlar ki, yenidən onlara ciddi zərbə vura bilərik”

“Ona görə də separatçı ölkə rəsmiləri qanunsuz səfərlərlə bağlı addımlardan çəkinməlidirlər”

“Xalqımız tamamilə rahat olmalıdır. Ali Baş Komandanın rəhbərliyi altında müvafiq dövlət qurumları bu istiqamətdə lazımlı addımlar atır”

 “Ermənistan Baş naziri Nikol Paşinyan növbəti heyətini Dağlıq Qarabağa göndərir. Ermənistanın diaspor üzrə nümayəndələri - Zara Sinanyan və Sara Andcarqolyan yanvarın 22-24-də Dağlıq Qarabağda olacaqlar”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporanın imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir: “Rusiya Xarici işlər naziri Sergey Lavrovun ötənlərdəki çıxışının mətniqinə görə, bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər.


Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər. Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi, “Dağlıq Qarabağ Respublikasının” var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda, səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur”.



Düşmənin növbəti qanunsuz səfərini “Sherg.az”a dəyərləndirən millət vəkili Ramil Həsənin sözlərinə görə, Ermənistanın 30 il ərzində azərbaycanlıların şərəf və qüruruna toxunan addımlar atması, müxtəlif sərsəm açıqlamaları “Dəmir yumruğumuz” nəticəsində darmadağın oldu:

“Ötənlərdə Ermənistanın Xarici işlər naziri Ayvazyanın Qarabağa səfəri həqiqətən də bölgədə vəziyyətin yenidən gərgin xətlə inkişaf etməsinə yönəlmiş addımdır. Bu prosesdə sadəcə Ermənistanın deyil, həmçinin xarici qüvvələrin də müdaxiləsi istisnasız deyil. Azərbaycan və Türkiyənin bir platforma çərçivəsində atdığı addımlar beynəlxalq hüquq və normalara zidd deyil. Paşinyan separatçı addımlar atmaqla ölkəmizdə çaxnaşma yaratmaq istəyir. Ermənistan tərəfinin qanunsuz səfərləri Azərbaycana qarşı təzyiq metodu kimi ictimaiyyətimizdə gərginlik yaratmağa hesablanıb. Cənab Prezidentin həyata keçirdiyi hərbi-siyasi müstəvidəki mübarizə və 10 noyabrda imzalanan bəyanatın ruhuna ziddiyət təşkil edən addımlar qəti şəkildə pislənməlidir”.

Parlament üzvü vurğulayıb ki, Ali Baş Komandan hər zaman Ermənistan rəsmilərinin bölgəyə qanunsuz səfəri ilə bağlı xəbərdarlıqlar edib:

“Əminəm ki, Ermənistandakı əhali Azərbaycanın mətbuat orqanlarını izləyir. Onlar yaddan çıxarmasınlar ki, cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan Ermənistan hakimiyyəti və quldur dəstələri 44 günlük savaşda məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya gəldilər.

Ermənilər Azərbaycan Prezidentinin qanunsuz səfərləri ilə bağlı xəbərdarlıqlarını ciddi qəbul etməlidir. Bu xəbərdarlıqlar sadəcə siyasi və nəyinsə xətrinə olan sözlər deyil.

Ölkə başçısı 1 milyona yaxın vətəndaşımızı qaçqın durumuna salan mənfur düşmənin cavabını savaşda ikiqat verdi. Ermənilər unutmamalıdırlar ki, yenidən dəmir yumruğumuzla onlara ciddi zərbə vura bilərik.

Həmin “Dəmir yumruq” Prezidentimizin sözü ilə hər an işə düşə bilər. Ona görə də Ermənistan rəsmiləri qanunsuz səfərlərlə bağlı addımlardan çəkinməlidirlər. Ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq müvafiq tədbirlər görülür.

Xalqımız tamamilə rahat olmalıdır. Ali Baş Komandanın rəhbərliyi altında müvafiq dövlət qurumları bu istiqamətdə lazımlı addımlar atır və ölkəmizi qoruyurlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu