"Dostluq"dan başlanan yol uzun olacaq

"Türkmənistan Azərbaycan üzərindən enerji resurslarını Avropa bazarlarına çıxarmaq imkanı qazanacaq"


Yanvarın 21-də Aşqabadda “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənməsi ilə bağlı imzalanan Memorandum bir çox cəhətdən tarixi hadisədir. Anlaşma Mərkəzi Asiyanın enerji resurslarınının Azərbaycan vasitəsilə dünyaya çıxarılması ideyasının gerçəkləşdirilməsi yolunda ciddi bir mərhələ hesab olunur. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Bu isə neft-qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. “Dostluq” yatağı Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb.

Məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycanla Türkmənistan arasında ekspert qrupu yaradılıb. Dövlət başçılarının ardıcıl təmasları, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Nəticədə tərəflər arasında ortaq məxrəc tapılıb və anlaşma imzalanıb. 

Millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu “Şərq”ə vurğulayıb ki, “Dostluq” Memorandumunun əhəmiyyətini bir neçə bucaqdan izah etmək lazımdır. Deputatın sözlərinə görə, Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar” adlandırdığı yataqla bağlı uzun müddət ortaq məxrəcə gəlmək mümkün olmayıb:

“Əslində bu yatağı sovet dövründə Azərbaycan neftçiləri kəşf ediblər. Lakin hər iki ölkənin sərhədində yerləşdiyi üçün yatağın konkret hansı dövlətə aid olması ilə bağlı problem yaşanırdı. Nəhayət, anlaşma imzalandı və yatağın ortaq istifadəsinə qərar verildi. Bu da iki ölkə arasında münasibətlərin yeni mərhələsi deməkdir. Türkmənistanda yeni hakimiyyət formalaşdıqdan sonra Aşqabadla Bakı arasında yaxınlaşma dinamik xarakter aldı. 2008-ci ildən bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana üç dəfə səfər edib. Türkmənistan prezidenti isə Azərbaycana 6 səfər reallaşdırıb. Bu qarşılıqlı səfərlər ona dəlalət edirdi ki, Türkmənistanla Azərbaycan arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. 2018-cu ildə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsindən sonra Xəzər hövzəsi ətrafında yeni əməkdaşlıq imkanlarının ortaya çıxması haqqında fikirlər səsləndirilirdi. Xüsusən, Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq sıxlaşdı və “Dostluq” Memorandumunun imzalanmasına gətirib çıxartdı”.

E.Mirbəşiroğlu qeyd edib ki, bundan sonra Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlıq yeni müstəvidə cərəyan edəcək:

“Təbii ki, burada Azərbaycanın son hadisələr fonunda yüksələn nüfuzu, regional rolunun artması mühüm rol oynayır. Türkmənistan digər ölkələrlə də enerji sahəsində əməkdaşlığını sürdürür. Amma elə rəsmi Aşqabadın özünün etirafına görə, bu cür əməkdaşlıqlar Türkmənistanı heç vaxt tam qane etməyib. Məsələn, Türkmənistan Çinə qaz satsa da, həmişə bu sahədə ciddi problemlər, narazılıqlar olub. Çin 7 min kilometr boru kəmərinin çəkilişini üzərinə götürdüyü üçün aldığı qazın pulunu ödəməkdən imtina edir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq Türkmənistanın maraqlarına tam uyğundur”.

Parlament üzvü bəyan edib ki, Naxçıvanla Azərbaycan arasında quru əlaqəsinin bərpa edilməsi türk dünyası arasında kommunikasiya imkanlarını artıracaq:

“Türkmənistan Azərbaycan üzərindən enerji resurslarını Avropa bazarlarına çıxarmaq imkanı qazanacaq. Həmçinin, Əfqanıstan, Türkmənistan və Azərbaycan üzərindən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi bütövlükdə geniş bir coğrafiyada iqtisadi əlaqələr üçün ciddi perspektivlər açacaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu