"Dostluq" bağları gücləndirəcək

Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi günün tələbidir

“Xarici işlər naziri Ceyhun Bayramovun Orta Asiya ölkələrinə edilən səfərinin məqsədi türk dövlətlərinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsinə xidmət edir”.

Bu sözləri “Şərq”ə millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində bizə dəstək verən ölkələrə nəzər yetirəndə aydın şəkildə müşahidə olunur ki, əsasən türk dövlətləri bir-birini dəstəkləyirlər: “Xalq arasında belə bir deyim var: - “Türkün dostu türkdür ”. Türk dövlətləri eyni soykökə, oxşar mədəniyyətinə və eyni dil qrupuna daxildirlər.

Tarixin dərinliyinə ensək, türk toplumlarının əvvəllər də vahid şəkildə olduğunu görərik. Qloballaşan dünyada daha güclü olmaq və sözünün kəsərini artırmaq üçün türk dövlətlərinin yenidən birləşməsi, beynəlxalq arenada vahid mövqedən çıxış etməsi olduqca vacibdir.

Məhz 21 yanvarda Türkmənistan və Azərbaycan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair imzalanan Memorandumun da məqsədi Orta Asiyanın türk respublikası ilə dostluğu və əməkdaşlığı gücləndirməkdir.

Bu anlaşma ilə Xəzərdə karbohidrogen resurslarının işlənməsi ilə əlaqədar ziddiyyətlər aradan qalxdı. “Dostluq“ yatağından əldə olunan mənfəət Türkmənistan və Azərbaycan dövlətləri arasında bölünəcək. Bu yataq Xəzərdə işlənən ilk birgə layihə olmaqla iki ölkə arasındakı dostluğun və qardaşlığın möhkəm təməlidir.

Ümumiyyətlə, Xəzərin hüquqi statusu müəyyən olunandan sonra Xəzər dənizi sülh, dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq dənizi olub. İndi icra olunan birgə layihələr bu dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcək”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu