Bakının nəqliyyat problemi həll olunmur

SMS icazələr ləğv edildi, paytaxtda böyük sərnişin sıxlığı yaşanır

Metronun qapılarını üzümüzə elə bağlayıblar ki, sanki bir də açılmayacaq

Həyat normal, alışdığımız günlük qaydasına düşür. Virusa yoluxma sayındakı müsbət dinamika, sağalanların sayının yoluxanların sayını üstələməsi, ölüm sayının da minimuma enməsi insanların üzünü güldürür və gələcəyə ümidləri, inamı artırır. Müşahidə edilən bu müsbət tendensiyanın yaranması əsasən dövlətin qəbul etdiyi qərarlara bağlıdır. Bugünkü vəziyyət göstərir ki, Azərbaycan dövləti, pandemiyanın mümkün təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın timsalında düzgün qərarlar qəbul edib. Hər nə qədər biz vətəndaşlar müəyyən hallarda narazılıq etsək də, qərarların məhz vətəndaşların mənafeyinə hesablandığını etiraf etməliyik. Əlbəttə ki, bu məsələdə dövlət maraqlarının nəzərə alınması da vacibdir. Artıq hər kəsə məlumdur ki, koronavirusa yoluxmuş bir insanın müalicəsi üçün dövlət nə qədər vəsait xərcləyir.

Ona görə də qəbul edilən qərarlarda əsas istiqamət yoluxmanın qarşısını almaq, daha az insanın yoluxmasına nail olmaqdır. Buna nail olmaq üçün də ölkə üzrə tətbiq edilən xüsusi karantin rejimi mərhələli şəkildə yumşaldılır. Operativ Qərargah keçirdiyi brifinqlər zamanı bu barədə bəyan edirdi, bildirirdi ki, xüsusi karantin rejiminin yumşaldılması və nəhayət tamamilə ləğvi pandemiyanın dinamikasından asılı olacaq. Qərarlar vəziyyət nəzərə alınaraq dəyişəcək. 2021-ci ilin ilk sevindirici xəbəri bu oldu ki, yanvarın 18-dən xüsusi karantin rejimində bəzi yumşalmalara gedildi. SMS icazə və e.gov.az portalı vasitəsilə icazə sistemləri ləğv edildi, kosmetik xidmət göstərən salonlar açıldı. Yanvarın 25-dən isə kafe və restoranların, kiçik ticarət obyektlərinin fəaliyyəti bərpa ediləcək. İri ticarət mərkəzləri, “moll”arın fəaliyyətinə isə hələ icazə verilmir. Həmçinin təhsil müəssisələrində də əyani dərslərə hələ başlanmır. Lakin qısaca əlavə edək ki, Təhsil Nazirliyi də fevralın 1-dən etibarən əyani dərslərin mərhələli şəkildə bərpasının mümkünlüyünə dair anons verib. Deməli, həqiqətən də yaza doğru həyatın yavaş-yavaş axarına düşəcəyinə ümidlər böyükdür. Qalır, bircə nəqliyyat problemi! Nə sirdisə, bu məsələ heç cür həllini tapmır.            

Avtobuslarda sıxlıq davam edir

Vəziyyət belədir: Pandemiyanın ilk vaxtlarında metrosuzluğu kompensasiya etmək və ictimai nəqliyyatın yerüstü növünə tələbatı ödəmək məqsədilə “metro-ekspress” avtobuslar xəttə buraxıldı. İlk vaxtlarda “M1”, “M2” avtobuslar üzərlərinə qoyulan vəzifəni yerinə yetirdilər. Bu vəziyyət SMS icazə sistemi qüvvədə qaldığı vaxtlara aiddir. Elə ki, SMS icazə müəyyən mərhələdə ləğv edildi, yenə avtobuslarda sıxlıq yarandı, sərnişinlər arasında narazılıqlar artdı.

Hər kəsi bu sual düşündürürdü ki, metro yoluxma olmasın deyə qapadılırsa, avtobuslardakı bu sıxlıq yoluxmanı artırmırmı? Sualın belə bir cavabı da var; metro qapalı məkandır, süni havalandırma sistemi ilə işləyir, ona görə yoluxma riski artıqdır. Qəbul edirik. Bəs avtobuslarda sosial məsafənin sıfıra enməsi, kondisionerlərin işləməsi yoluxma  riskini eynilə artırmırmı? Bəlkə, yoluxma sərnişinlərin heç o qədər də eyninə gəlmir. Sərnişinlər sadəcə, rahat, gecikmədən mənzil başına və ya iş yerinə çatmaq istəyir və bu, onların hüququdur. Nisbətən müsbət mənzərə paytaxtda komendant saatı tətbiq ediləndə göründü. 

Bakı Nəqliyyat Agentliyi xətlərdəki əlavə avtobusların sayını artırdı, sərnişinlərin vaxtında mənzil başına çatdırılması təmin edildi. Lakin komendant saatı ləğv edilən kimi xəttə buraxılan əlavə avtobuslar da “buxarlandı”. “Baku Buss” şirkəti də nədənsə, “M1”ləri kartsız avtobusların öhdəsinə verdi. Bu avtobus sürücüləri isə özlərini külli ixtiyar sahibi hesab edir. “M1” və “M1-a” avtobuslarda “ekspress” anlayışı sıfırdı. Bütün dayanacaqlarda saxlayır, sərnişin toplayır, 1 saatlıq yolu 2 saata qət edirlər.

“M2”lər də 15-20 dəqiqə intervalla gəlir. Yenə sərnişin sıxlığı və narazılıq müşahidə olunur. Xüsusilə də yanvarın 18-dən etibarən SMS icazə sisteminin ləğvi ilə artan sərnişin sayı fonunda. Maraqlıdır ki, Bakı Nəqliyyat Agentliyi sərnişin sayının artdığını etiraf edir. Amma avtobusların gecikməsini yollardakı tıxaclara bağlayır. Avtobuslararası intervalın çox olmasının, “Baku Buss M1”lərin hara “buxarlanması”nın, kartsız, əlavə xətt avtobusları sürücülərinin niyə “bezpredel”lik etməsinin üzərində isə dayanmır. Bu vəziyyət nə qədər davam edəcək?       
 
BNA sərnişin artımını etiraf edir, lakin...

Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev qeyd edib ki, ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxtdakı  marşrutlarda sərnişin sayı artıb. Bu da əsasən Bakıda tətbiq edilmiş sms-icazənin ləğv edilməsi ilə bağlıdır: "Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır. Yanvarın 18-dən etibarən ölkədə sms-icazə sisteminin ləğv edilməsi ilə bağlı məlumat daxil olan kimi yenidən nəqliyyat üzrə işlər təşkil olundu, yanvarın 18-də sms - icazə ləğv edilən gün Bakıda sərnişin sayında 12 faiz artım oldu. Yanvarın 18-i ilə əvvəlki həftənin eyni gününü müqayisə edərkən, sərnişin sayında 200 min nəfər artım olub. Amma buna baxmayaraq, sərnişin daşınmasında hansısa ciddi narazılıq müşahidə olunmadı. Çünki əvvəlcədən plana uyğun olaraq həm marşrut xətlərindəki avtobusların, həm də ehtiyat avtobusların sayı artırılmışdı. Ona görə də həmin gün sərnişin sıxlığı ilə bağlı hansısa problem olmadı. Yanvarın 25-dən etibarən Bakıda əksər xidmət və ticarət obyektləri fəaliyyətini bərpa edəcək. Bunun üçün də növbəti həftə üçün yeni nəqliyyat planı hazırlanır. Plana uyğun olaraq xətdə və ehtiyatda olan avtobusların sayı müəyyən edilir, exspres avtobusların intervalı da buna uyğun olaraq hesablanacaq".

M.Ağayev hava şəraiti və sərnişin sayının artması ilə əlaqədar şəxsi avtomobil sürücülərinə də müraciət edib:

"Şəxsi avtomobil sürücülərindən xahiş edirik ki, yollarda vəziyyəti nəzərə alsınlar, avtobusların hərəkətinə şərait yaratsınlar, avtobus dayanacaqlarında avtomobillərini qanunsuz park etməsinlər. Bu cür hallar həm onlar üçün inzibati məsuliyyət yaradır, həm də avtobusların intervallarında gecikmələrə səbəb olur. Bakıda hazırda metronun fəaliyyət göstərmədiyi vaxtlarda avtobusların fəaliyyəti və vaxtında dayanacaqlara çatması vacibdir". 
BNA rəsmisinin açıqlamasının özünü hansı dərəcədə doğruldacağını gözləyək. Hər necə olsa, sayılı günlər qalır yanvarın 25-nə. 
Metro niyə tələbələri gözləyir? 

Hər nə qədər çalışdımsa, metro ilə bağlı mərhum aktyorumuz Fazil Salayevin ifasındakı komik səhnəcikdən yan keçə bilmədim. Bəziləri xatırlayır bəlkə. Aktyorun canlandırdığı sərxoş sərnişini milisioner metroya buraxmır. Sərnişin soruşur; “orda vaqonların biri gedir, biri gəlir, hə?” Milisioner təsdiqləyir. Sərnişin sonra eskalatorun hərəkətini soruşur; adamlar aşağı enir, yuxarı qalxır, hə?”. Milisioner, bu dəfə təəccüblə, vətəndaş, siz heç vaxt metroya minməmisiniz?!. Rəhmətlik də fağır-fağır, həm də ah çəkərək həsrətlə “qoyursunuz ki?!” deyir. Pandemiya başlanandan biz metro istifadəçilərinin halı rəhmətlik Fazil Salayevin sərxoş sərnişininin halı ilə eynidi. Sanki bu şəhərdə metro adlı nəqliyyat vasitəsi yerli-dibli olmayıb. Metronun qapılarını üzümüzə elə bağlayıblar, sanki bir də açılmayacaq. Yəni qərar qəbul edənlərin avtobuslardakı sıxlıqdan, basabasdan xəbərləri yoxdur? Yerüstü nəqliyyatın yükünü metro ilə paylaşmağı niyə təkidlə istəmirlər? Bu gün (yanvarın 22-si) təhsil naziri orta məktəblərdə dərslərin fevralın 1-dən başlanacağını deyib, ali məktəblərin də fevralın 15-dən tələbələri qəbul edəcəyi ehtimalını irəli sürüb. Bu xəbərlə bərabər metropolitenin də fəaliyyətini bərpa edəcəyi proqnozları gəlməyə başlayıb. Belə çıxır ki, metronun fəaliyyəti  tədrisə bağlıdır. Şagirdlər, tələbələr dərslərə başlayacağı təqdirdə metro da işləyəcək.

Deməli, tələbələrdən qeyrisi... ağır ifadə yazmaq istəmirəm, vətəndaş deyil? Gərək tələbə olsun ki, metro da işləsin? Deməli, metropoliten ziyanla işləmək istəmir. Tələbələrsiz sərnişin sıxlığı olmayacaq və gəlir də az olacaq deyə, fəaliyyətini bərpa etmir. Və ictimai maraqlara, vətəndaş hüquqlarına zidd gedir.  

Yerüstü nəqliyyatla yeraltı nəqliyyat paralel işləməlidir 



Nəqliyyat məsələləri üzrə mütəxəssis İlqar Hüseynli “Şərq”ə açıqlamasında ictimai nəqliyyatdakı problemlərin pandemiya dövründə daha qabarıq göründüyünü bildirdi: 

- BNA ictimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri kimi avtobusların say azlığını göstərir və bildirir ki, yeni alınmış avtobusların ölkəyə gətirilməsini və xəttə buraxılmasını gözləyirlər. Yeni avtobusların ölkəyə gətirilməsində isə məlum səbəblərdən yubanmalar var. Biz ötən dəfə İctimai Televiziyanın efirində də bu məsələyə toxunduq.

Mən fikrimi bildirdim və dedim ki, sərnişin sıxlığının azaldılması üçün marşrut xətləri arasında koordinasiya olmalıdır. Günün pik saatları üçün çevik qrafik tərtib edilməli və buna riayət edilməlidir. Pik saatlarda hansı xətlərdə sərnişin seyrəkliyi müşahidə olunursa bu qısa zamanda müəyyənləşməli və həmin marşrut xətlərindəki avtobuslar sıxlıq müşahidə edilən xətlərə keçirilməlidir. Avtobuslar tələbatın az olduğu xətlərdən tələbatın çox olduğu xətlərə verilməlidir.

Bunu sərnişinlər müşahidə edir. Dayanacaqda dayanan sərnişin görür ki, 10 dəqiqədi öz xətt avtobusunu gözləyir, o gəlmir, amma başqa xətt avtobusu içərisində 3-5 sərnişinlə ard-arda gəlir. Deməli, avtobuslar xətlərə sərnişin sıxlığı nəzərə alınmaqla təyin edilməyib. İkincisi, avtobuslararası intervallar mütləq azaldılmalıdır.

Avtobusların say azlığı bəhanə edilməməlidir. Çünki biz komendant saatı müddətində xətlərə kifayət qədər avtobus buraxıldığını gördük. O zaman mümkün idisə, indi niyə mümkün olmasın? Əsas problemlərdən biri metropolitenin fəaliyyətini bərpa etməməsidir.

Biz hər zaman bildiririk ki, metropoliteni əvəz edə biləcək nəqliyyat vasitəsi yoxdur. Bir halda ki, SMS icazə ləğv edilir və iş yerləri açılır, sərnişin sıxlığının artacağı labüddür və bunu təkcə yerüstü nəqliyyatla aradan qaldırmaq mümkün deyil. Sərnişin sıxlığı risk faktorudur. Riskləri balanslaşdırmaq üçün də yeraltı nəqliyyatla yerüstü nəqliyyat paralel işləməlidir.

Sərnişin sıxlığı hər iki nəqliyyat növü arasında paylaşılmalıdır. Metronun zərərlə işləməsi ehtimalını qəbul edirik. Lakin pandemiya daha təhlükəlidir. Hesab edirəm ki, dövlət metronun xərclərini bağlamalıdır. Bunun üçün metroya əlavə dotasiya ayırmaq olar.

İş yerləri açılırsa, sərnişin sıxlığı qaçılmaz olacaq. Bunu yalnız metronun fəaliyyəti ilə balanslaşdırmaq mümkündür. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu