Sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub - Millət vəkili 

"Təqdirəlayiq haldır ki, dinamik inkişaf bu gün müharibə və pandemiya reallıqları fonunda da davam edir"

"Son 17 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb".

Bu barədə "Sherg.az"a millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilib:



"Xeyli iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə təqdirəlayiq haldır ki,  dinamik inkişaf bu gün müharibə və pandemiya reallıqları fonunda da davam edir. Bu xüsusda beynəlxalq təşkilatların, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir. Müstəqilliyin ilk illərində “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan verib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq ölkə sənayesinin inkişafı tamam yeni mərhələyə qədəm qoyub. Xüsusən qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldıb. Bu əsasda son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub".

Parlament üzvü vurğulayıb ki, dünyada bir çox ölkələrin sosial-iqtisadi layihələri ixtisar etdiyi zamanda ölkəmizdə bir sıra müəssisə istifadəyə verilir:

"Bir neçə gün bundan öncə Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı yuxarıda sadaladıqlarımızın bariz nümunəsidir. Bütün bunlar isə ilk növbədə yeni iş yerlərinin yaradılmasına, işsizlik həddinin azalmasına, eyni zamanda innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına birbaşa təsir göstərir.
Beləliklə, qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb. Əhalinin etibarlı sosial müdafiəsini təmin edib".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu