Rusiya “suyu bulandırır”! - Köhnə ssenari yeni “personaj"larla... - Öhdəliyini unudur!

“Rəsmi Moskva öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, Türkiyə və Azərbaycan 11 yanvar anlaşmasının reallaşmasına  imkan verməyəcək”

“Habelə rəsmi Moskvanın forpostu ilə heç bir nəqliyyat və  iqtisadi əlaqə yaradılmayacaq”

“Belə gedişat isə rəsmi İrəvanı heç bir şəkildə qane edə bilməz”

“Çünki Paşinyan hakimiyyəti Ermənistanı xilas etməyin yeganə yolunu haqlı olaraq qonşu ölkələrlə əməkdaşlıqda görür”


Məlumdur ki, nə Rusiyanın  Ermənistanı tam məhv olmaqdan xilas etdiyi 10 noyabr razılaşmasında, nə də Rusiyanın öz forpostunu blokadadan çıxarmağa çalışdığı 11 yanvar bəyanatlarında Qarabağa hər hansı statusun verilməsi, erməni silahlılarının Azərbaycan ərazisində qalması barədə  bənd yoxdur. Rusiya sülhməramlılarının missiyası isə hansısa silahlı qrupun Ermənistandan Azərbaycana soxulmağının qarşısını almaqdan ibarət olmalıydı.

Lakin hərbi əməliyyatlar yekunlaşdıqdan sonra Qarabağa göndərilmiş terrorçu qruplar bir neçə təxribata cəhd etdilər. Müzəffər ordumuzun işğaldan azad etdiyi ərazilərdə noyabrın sonu, dekabrın əvvəlində  Ermənistandan məqsədyönlü şəkildə göndərilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verildi. Rəsmi məlumatlara görə, saxlanılanların hər biri noyabrın 26-da Ermənistanın Şirak vilayətindən hərbi xidmət adı ilə çağırılaraq xüsusi terror təlim keçirilib.  Onlar Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhaliyə qarşı terror aktları törətmək məqsədilə bu ərazilərə yeridilib.




 Bu barədə “Sherg.az”a danışan siyasi analitik Züriyə Qarayevanın sözlərinə görə, diversiya cəhdləri nəticəsində itkilər vermişik: 

“Bəs 10 noyabr bəyanatı və hərbi əməliyyatların dayandırılmasından sonra bu terrorçular Azərbaycan ərazisinə niyə göndərilmişdi? Həqiqət budur ki, Ermənistanın xəyal etdiyi status  bəyannamədə olmadığından, hər cür manipulyasiya ilə bu "status" imicini formalaşdırmağa çalışırlar. Silahlı diversantların Qarabağın ermənilər yaşayan bölgəsinə qanunsuz gətirilməsi, Ermənistanın yüksək çinli məmurlarının Xankəndiyə qanunsuz səfərləri, alban monastırlarını qanunsuz olaraq  özlərinin dini ayin ocaqları kimi təqdim etmə cəhdləri və Madrid prinsiplərini qabartmaları sözügedən ssenarinin  tərkib hissələridir. Halbuki separatçıların qondarma liderlərini İrəvana da çağıra bilərdilər. Həmçinin silahlıların oraya gətirilməsi noyabr bəyannaməsinə ziddir, Azərbaycanın və Rusiyanın arxiv sənədlərində ermənilərin  özününküləşdirdikləri monastırlar alban məbədləri kimi göstərilir, Madrid prinsiplərinin  "bufer zona" adlandırdıqları  hissəsini şanlı ordumuz artıq həll edib. "Dəhliz" məsələsini isə münaqişə tərəfləri qismən qəbul etmədiyindən onların üzərinə heç bir məsuliyyət qoyula bilməz...”.

 Ekspert, həmçinin hərbi əsirlərlə bağlı məsələyə də toxunub: 

“Bu  gün Ermənistan mediasında müxtəlif fikirlər və ziddiyyətli rəqəmlər səsləndirən rəsmilər həmin terrorçulardan fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Ermənistanın bəzi rəsmiləri 62, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri Davi Şahnazaryan isə  235 nəfərin saxlanıldığını iddia edir. Hətta sosial şəbəkələrdə ermənilərin yazdıqlarına görə, 500-dən artıq erməni hərbçi saxlanılıb. Azərbaycan müxtəlif rəsmi səviyyələrdə açıq şəkildə bəyan edib ki, üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib. Bu gün Ermənistanın azad olunmasını istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlı heç bir əlaqəsi yoxur. Həmin şəxslərin Azərbaycan ərazisinə müharibə zamanı yox, hərbi əməliyyatlar bitdikdən sonra göndərildiklərini Rusiya rəsmiləri də təsdiq edir. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, noyabrın sonunda erməni hərbçilərindən, çağırışçılardan ibarət böyük bir qrup ora göndərilib və onlar- 62 nəfər dekabrın əvvəlində əsir düşüblər. Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını istədiyi şəxslər hərbi əsir sayılmırlar”.

Z.Qarayevanın fikrincə, 11 yanvar bəyanatının şərtlərinə əməl edilməməsi ən çox düşmənin ziyanınadır: 

“Sülhməramlı missiyasının 10 noyabr bəyanatındakı tələblərini yerinə yetirməkdə maraqlı olmayan Rusiya 11 yanvar bəyannaməsinin də yerinə yetirilməsini gözləməməlidir. Unutmayaq ki, Qərbə inteqrasiyaya meyli olan Gürcüstan öz ərazisini Rusiyaya bağlaya bilər.  Kremlin üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi fonunda rəsmi Ankaranın da Mehri dəhlizi üçün eyni statusu, yəni Rusiya və Ermənistanın nəzərəti olmadan gediş-gəlişin təmin olunmasını istəməsini tam təbii və haqlı qarşılamaq lazımdır. Görünən odur ki, Rusiya öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, Türkiyə və Azərbaycan 11 yanvar anlaşmasının həyata keçməsinə imkan verməyəcək. Habelə rəsmi Moskvanın forpostu ilə heç bir nəqliyyat və  iqtisadi əlaqə yaradılmayacaq.

Belə gedişat isə rəsmi İrəvanı heç bir şəkildə qane edə bilməz. Çünki Paşinyan hakimiyyəti Ermənistanı xilas etməyin yeganə yolunu haqlı olaraq qonşu ölkələrlə əməkdaşlıqda görür”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu