Hədəf bəllidir !- “Bayden Ermənistana dəstək verəcək” - Aktual şərh

“Məqsəd Ermənistanı Rusiyadan qoparıb qərbyönlü bir dövlət yaratmaqdır”

 “Eyni zamanda erməni diasporunun fəallığını da yaddan çıxarmalı deyilik”

“Bölgəmizdə əsas regional oyunçular Türkiyə və Rusiyadır. Təbii ki, ABŞ-ın bu ölkələrə münasibəti ümumi olaraq bizə də təsir göstərəcək”


Gərgin mübarizədən sonra son 4 ildə ABŞ-a rəhbərlik edən Donald Trampı Co Bayden əvəz etdi. İndi bütün dünya ölkələrinin gözü Vaşinqtona dikilib. Yeni ABŞ hökumətinin Çin, Rusiya, İran və Türkiyə ilə münasibətlərdə hansı xətt tutacağı ciddi sual doğuran mövzulardandır. Müharibədən yeni çıxan Azərbaycan üçün də Bayden administrasiyasının regionda hansı siyasət aparacağı xüsusi əhəmiyyət kəsb edir.
Baydenin prezident olmasının Azərbaycan və Türkiyə üçün hansı siyasi təsirləri olacaq?

Mövcud prosesləri “Sherg.az”a şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, hazırda Rusiya və Ermənistan əlaqələrinin yaxşı olması aktual deyil:

“Bölgədəki hadisələrdən sonra Ermənistanın qərbyönümlü siyasəti daha da güclənəcək. Təbii ki, Bayden administrasiyası da bizim bölgə ilə əlaqədar məsələlərdə əsas dəstəyi Ermənistana verəcək.

Məqsəd və hədəf bəllidir: Ermənistanı Rusiyadan qoparıb qərbyönlü bir dövlət yaratmaq istəyir. Eyni zamanda erməni diasporunun fəallığını da yaddan çıxarmalı deyilik.

Çünki xüsusilə ABŞ Nümayəndələr Palatası və Senatında olan bəzi ermənipərəst sityasətçilər fəallaşacaqlar hətta fəallaşıblar da. Beləliklə, həmin qurumlar ermənipərəst qərarların qəbulunda yaxından iştirak edəcəklər.

Təbii ki, bu qərarlar əsasən Nümayədələr Palatası və Senatda qəbul olunacaq. Administrasiyada isə Azərbaycana və Türkiyəyə qarşı böyük təzyiqlərin olacağını gözləmirəm.

Lakin Parlament səviyyəsində təzyiqlərin şahidi olacağıq. Artıq Türkiyəyə qarşı tənqidi münasibətlər səslənir və bu daha da güclənəcək. Rusiyanı da yaddan çıxartmaq olmaz.

Rusiya və ABŞ  münasibətləri yenə də əvvəlki kimi və, bəlkə, daha kəskin şəkildə pisləşəcək. Məlumdur ki, bölgəmizdə əsas regional oyunçular Türkiyə və Rusiyadır. Təbii ki, ABŞ-ın bu ölkələrə münasibəti ümumi olaraq bizə də təsir göstərəcək”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu