Köhnə “Sovetski”dən təzə REPORTAJ: Tarixin nəfəsi duyulur... – FOTOLAR 

Bakıya “Küləklər şəhəri” deyirlər. Doğrudur, paytaxtın küləkləri dillərə dastandır. Lakin mən Xəzərin köksündə özünə yuva quran bu şəhərə başqa ad verəcəm. Məncə, Bakı “Təzadlar şəhəridir”.

Ona görə ki, bir tərəfdə qədimilik, o bir tərəfdə müasirlik, bir yanda yoxsulluq, o biri yanda zənginlik, mərkəzində hay-küy, ətrafında dərin səssizlik hökm sürür. Bakının təzadlarını sadalamaqla bitməz. İndi isə sizə şəhərin ən ziddiyyətli yerlərinin birindən bəhs edəcəm.

Ora köhnə “Sovetski” məhəlləsidir. İndi həmin ərazidə “Mərkəzi park” yerləşir, əhatəsindəki dar küçələr isə olduğu kimi qalıb. Həmin tarixiliyi, səmimiliyi, doğmalığı ilə öz füsünkarlığını qorumağı bacarıb.

Bəlkə də, o balaca evlərin insanları müasir dövrə qalib gələ biliblər. Çoxdandır bu nağılvari məkana səfər etmək istəyirdim, nəhayət arzuma çatdım.

Mərkəzi parkın arxa tərəfindən həmin məhəllələrə doğru yol yoldaşım Məryəmlə irəlilədik. Rəngli qapılar, taxta balkonlar küçələrə bir başqa gözəllik qatıb- deyə düşünürdüm. Foto çəkə-çəkə gedirdik.

Elə bil kimsə məni 21-ci əsrdən götürüb, 100 il öncəyə aparmışdı. Yəqin orda keçirdiyim hissləri ən yaxşı bu cümlə ilə ifadə edə bilərəm. Hara getdiyimizi bilmədən gəzirdik.

Evlər demək olar eyni tiplidir: hamısının taxta qapısı var və evlər kərpic daşlardan inşa olunub. Bir az aşağıdan “Nizami” metro stansiyasına yol düşür. Ordan şəhərin yeni siması, çoxmərtəbəli binalar görünür.

Ona görə Bakıya “Təzadlar şəhəri” deyirəm axı...Heç şəhərin müasir görünüşü də məni səyahət etdiyim tarixi aləmdən qopara bilmir. Yenə gördüyüm hər evə, hər yaşlı binaya sevgi ilə baxıram.

Məryəmlə söhbətləşirik, onun da maraqlı fikirləri var. Deyir, “İçəri şəhər” metro stansiyasından çıxıb “Qoşa Qala” qapılarına tərəf gedəndə, həmişə Məhəmməd Əmin Rəsulzadə, yaxud da o dövrün adamları ilə qarşılaşacağını düşünüb. Həmsöhbətimin sözləri məni kövrəldir. Axı mən də belə xəyallara az qapılmıram. Məsələn Hüseyn Cavidin ev muzeyinin yanından keçəndə daim onu xatırlayıram. Sanki Cavid əfəndi qapıdan çıxacaqmış kimi ayaq saxlayıram. Bir neçə dəqiqə binanın qarşısında dayanıb, dahi Cavidin ruhuna sayğı göstərirəm. Belə yerlərdə tarixin nəfəsini duymaq, görmək lazımdır. Düşüncələr və ofsunlu ab-hava ilə ara məhəllələri dolanırıq. Küçənin adı gözümə sataşır : “Dalan”. Məhz bura yaraşan isimdir və bir ağ qapı diqqətimi çəkir, yaxınlaşıb baxıram. Demə bura Üzeyir bəyin evi muzeyidir. Bəli, dahi bəstəkar, himnimizin müəllifi həmin Üzeyir Hacıbəyovun. Əlimi divarına qoyub, bir-iki dəqiqə bu tarixi binanını seyr edirəm. Kim bilir, hansı möhtəşəm əsərlərin burda ərsəyə gətirib?-deyə fikirləşirəm.
Sanki Eyyub Yaqubovun kliplərindəymişcəsinə gəzintimizə davam edirik. Eyyub Yaqubov deməyimin də səbəbi var. Çünki Bakı haqqında ən gözəl mahnıları ondan eşitmişik. Elə “Dalanı” da  onun ifaları qulağımda səslənərkən kəşf elədim. “Səadətim doğma Bakı” deyirdi sənətkar. Bu əsnada sonu olmayan küçələrı, dar cığırları görüb təəccüblənirdim. Qəfildən dilləndim:

-Niyə məhəllələr bu qədər dardır?

-Bakının memarlıq quruluşu belədir. Məncə, şəhər küləkli olduğu üçün qorunmaq məqsədilə evlər sıx-sıx tikilib. Küçələr də ona görə  dalandır -  Məryəm cavab verdi.

-Memar olan sənsən. Yəqin ki, doğru düşüncədəsən.

Küçələrdən danışdım. Bir də bu yerlərin  insanları var. Köhnə Bakı adət-ənənələrinə, ləhcəsinə sadiq qalan adamlar... Onlarla da rastlaşdıq, deyəsən bizim təəccübmüzü görüb heyrətlənirdilər. Axı küçə sakinlərinin daimi yaşayış yeridir, yəni onlar üçün bir qəribəlik yoxdur.

Xülasə həm Məryəm, həm də mən  əsrarəngiz məkanın şəkillərini çəkib, səfərimizi yekunlaşdırırıq. Orda gördüklərimdən bir məqamı da yazım, sonra sizinlə də sağollaşaq. Deməli, küçələrin qədimiliyi öz yerində gözəldir.  O balaca evlərdən çıxan, böyük ürəklər də  var. Hamısı divarları, qapıları bayrağımızın rəngləri ilə boyayıb. Bir köhnə, xudmani evin üstündə general-mayor Polad Həşimovun və əfsanəvi qəhrəman Mübariz İbrahimovun rəsmləri asılıb. Yan-yörələrinə də “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları yazılıb. Demək olar hər xanədə  Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Bu nüansları qeyd etməsəm olmazdı. İndi çəkdiyimiz fotoları sizin öhdənizə buraxıram.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu