Qərbi azərbaycanlıların təşəbbüsü DƏSTƏKLƏNDİ: Hadruta köç... !

“Hələ müharibə yekunlaşdığı gündən qərbi azərbaycanlıların Hadruta köçmək fikri var”

“Mən də vətəndaşlıq mövqeyi göstərərək deyirəm ki, insanların təşəbbüsünü bəyənirəm, alqışlayıram”

Göyçə mahalı Basarkeçər rayonu (Ermənistan Respublikası Vardenis rayonu) Nərimanlı kəndindən 1988-ci ildə qaçqın düşən 600-ə yaxın ailə Qarabağın işğaldan azad edilən Hadrut qəsəbəsinə köçmək istəyir. Bununla bağlı kənd sakinləri adından prezident İlham Əliyevə müraciət olunub. 

Müraciətdə qeyd edilib:

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasi və diplomatik arenadakı fəaliyyətinizi, daxili və xarici siyasətinizi dəstəkləyir, rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm qələbəsini alqışlayırıq. Bizim sizdən xahişimiz budur ki, Dağlıq Qarabağın tezliklə məskunlaşması, dərin kökləri olan adət - ənənələrimizin itməməsi, insanlarımızın yadlaşmaması naminə 600-ə yaxın Nərimanlı ailəsinin Hadrut qəsəbəsində məskunlaşmasına sərəncam verəsiniz”.

Kənd sakinlərinin təşəbbüsünü “Sherg.az”a dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, hələ müharibə yekunlaşdığı gündən qərbi azərbaycanlıların Hadruta köçmək fikri var:

“ Hətta mənə bir nəfər ağsaqqal müraciət edib, istəyini bildirmişdi. Dedi, səsimizi çatdırsanız sevinərik, Hadrutda yaşamaq istəyirik. İndi də Basarkeçər rayonundan belə bir təşəbbüs gəlib. Onu da deyim ki, Nərimanlı Göyçə mahalının ən böyük kəndlərindən biridir. Bu alqışlanası addımdır. Biz də sadəcə rəyimizi bildiririk. Lakin ora kim köçəcək, məsələ necə həll olunacaq bunlar dövlət başçımızın göstərişindən sonra bilinəcək. Mən də vətəndaşlıq mövqeyi göstərərək deyirəm ki, insanların təşəbbüsünü bəyənirəm, alqışlayıram”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu