Şəhiddən ürəkdağlayan sözlər: “Ana, mənə lay-lay de, şəhid olacam...” - Fotolar

30 illik həsrətdən sonra şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etmək üçün sentyabrın 27-dən əks-əməliyyatlara başladı. 44 gün ərzində davam edən Vətən müharibəsində ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi qulluqçularımızın qanı bahasına zəfər qazandıq, tarix yazdıq. Haqqında söhbət açacağımız qəhrəmanlarımızdan biri də Vətən uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərərk şahidlik zirvəsinə ucalan Devran Naibovdur.  O, 1993-cü ildə Bərdə rayonunda anadan olub. Rayonun Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbini bitirən şəhidimiz Fizuli rayonunun Horadiz kəndində snayperə tuş gəlib və şəhadətinə qovuşub.
Şəhidimizin qardaşı Rüstəm Naibovla həmsöhbət olduq. Ürəyində Azərbaycan boyda sevgini gəzdirərək Vətənin özünə çevrilən Devran Naibovu qardaşının xatirələri ilə yad etdik.

-Rüstəm bəy, qardaşınız uşaqlığı barədə danışardınız...

-Devran uşaq yaşlarından ağıllı, ailə qədrini bilən olub. Hər kəsi dinləyib, hamının dərdinə şərik olmaq üçün əlindən gələni edirdi.

-Münasibətiniz necə idi, yola gedirdinizmi?

-O mənə qardaşdan da  artıq  olub. Məndən yaşca balaca olmasına rəğmən, sanki ailənin ağsaqqalı idi. Devran mənə  ata  əvəzi  olub...

-Sizinlə sirlərini bölüşürdümü?

-Bəli. Hərbi sirrini  bölüşməzdi, amma şəxsi  sirlərini  bölüşürdü. Çünki  biz  bu həyatda bir-birimizə dayaq olmuşuq, bir-birimizə söykənərək ayağa qalxmışıq...

-Ailədə neçə uşaqsınız?

-Hazırda 3 uşaq. Mən, bacım və 14 yaşlı qardaşım.

-Devranla bağlı xatirələriniz maraqlıdır...

-Əslində qardaşımla xatirələrimiz çox deyil. Çünki mən 12  yaşından maddi  vəziyyətimizlə bağlı işləmişəm, Devran isə oxuyub. Uşaq vaxtı Bərdədə Nüşabə qalasında oynayırdıq. Yadımdadır, hətta məni 3 metr hündürlükdən şüşə qırıntılarının içinə itəliyib yıxmışdı...

-Devranın ən böyük arzusu nə idi?

-Ən böyük  arzusu  Qarabağı azad  görmək və Xocalı  soyqırımının qisasını almaq idi.

-Onunla son dəfə nə vaxt görüşmüsünüz?

-2020-ci ilin iyul ayında məzuniyyətə gəlmişdi. Hətta divanda anamın dizi  üstünə uzandı. Dedi ki, “Ana, mənə lay-lay de, şəhid olacam”...

-Qarşımızdakı insan xüsusən də doğmamız nə qədər qüsursuz olsa da, bizə görə mütləq  yanlış cəhəti var. Bəs, siz Devranda nəyi dəyişmək istərdiniz ?

-Kaş ailəmizə, əsasən də anama və bacıma bu qədər bağlı olmazdı. İstəyərdim ki, onda bu xüsusiyyəti dəyişim.

-Devran hansı xarakterli insanları sevmirdi?

-Qardaşım içki içən, siqaret çəkən, ailəsini düşünməyən insanları  heç sevmirdi.  Mən siqaret çəkirdim deyə həmişə “onu çəkmə” - deyə məni danlayırdı. 

-İndi valideynləriniz necədir?

-Yaxşı deyillər. Anam psixoloji  sarsıntı keçirir, atam da onun kimi.

-İnsanlar, qohum-qonşu acınıza şərik çıxırlarmı?

-Bəli. Başda cənab Prezident olmaqla hər kəs acımızı bölüşür.

-Devranla sonuncu dəfə kim danışmışdı? Danışanda vəziyyəti haqda nə deyirdi?

-Axrıncı dəfə müharibədən bir gün qabaq danışdıq. 14 yaşında bir qardaşımız var. Anama dedi ki, qardaşımla birlikdə Bakıya getsin. Təbii ki, heç birimiz getmədik, hamımız evdə qaldıq. Anam xəstədi, həyəcanlanıb pis olmasın deyə elə demişdi . Amma müharibənin olacağını söyləməmişdi. Təkcə mən bilirdim ki, müharibə olacaq. Sentyabrın 15-dən bilirdim bunu...

-Devran hansı istiqamətlərdə gedən döyüşlərdə iştirak edib?

-Çox döyüşlərdə olub. 2016-cı ildə 4 günlük müharibədə veteran idi. İkinci Qarabağ müharibəsində isə əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. Həmçinin Murov yüksəkliyindəki qızğın döyüşlərdə də iştirak edib. Horadiz kəndinə hücum olanda Devran şəhadətinə qovuşdu.

- Ölüm xəbərini ilk kimdən eşitdiz?

-Evdəkilərdən başqa hamı qardaşımın öldüyünü bilirdi, tək bizim xəbərimiz yox idi. Amma oktyabrın 8-də səhər saat 6-da  eşitdik...

 Söhbətləşdi: Yeganə Bayramova