Proses başlanıb ! - “Rusiyada növbəti inqilabın anonsları verilir”

“Navalnı post-Putin dövrü üçün hazırlanan bir liderdir. Təbii ki, bu lideri ABŞ hazırlayıb”

“Rusiya tarixinə baxsaq görərik ki, hər dəfə inqilabi dəyişikliklər olub”

Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsi kəskin etirazlara səbəb olub. Artıq 3 gündür ki, Rusiyanın bütün bölgələrində kütləvi etiraz aksiyaları keçirilir. Nümayişçilərin əsas tələbi Navalnının azadlığa buraxılmasıdır. İlk mitinq ölkənin Uzaq Şərqdəki Xabarovsk şəhərində başlayıb. Etirazçılar “Biabırçılıq”, “Navalnıya azadlıq” və ölkə prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər. Artıq yüzlərlə nümayişçi saxlanılıb, onlarla vətəndaşın həbs edildiyi deyilir.

Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir. ABŞ Rusiya müxalifətinin keçirdiyi aksiyalara reaksiya verib.

ABŞ-ın Rusiyadakı səfirliyi yaydığı rəsmi məlumatda baş verənləri diqqətlə izlədiklərini açıqlayıb: “Rusiyanın 38 şəhərində etiraz aksiyalarını diqqətlə izləyirik. ABŞ olaraq, bütün insanların dinc aksiyalar keçirmək və öz fikrini ifadə etmək azadlığını dəstəkləyirik”. Rusiya Prezidentinin mətbuat katibi Dmitrii Peskov isə icazəsiz aksiyalar barədə ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı açıqlamanı Rusiyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.

Fransa və Çexiynın xarici işlər nazirləri də Avropa İttifaqı ölkələrinin XİN rəhbərlərinin iclasında rusiyalı siyasətçi Aleksey Navalnının həbsindən dolayı rəsmi Moskvaya sanksiya tətbiq edilməsinin tərəfdarı olduqlarını bildiriblər. Fransa XİN rəhbəri Jan İv Lö Drian Navalının həbsini olduqca pis siqnal adlandırıb.

Çexiyalı nazir Tomaş Petrşiçek də iclasda Navalnının həbsi ilə əlaqəli şəxslərə sanksiya tətbiq edilməsinin lehinə olduğunu söyləyib. Bundan əlavə, Polşa Prezidenti Andjey Duda da Rusiyaya sanksiyaları gücləndirməyin tərəfdarı olduğunu deyib.



Moskvadakı xaos və gərgin durum barədə “Sherg.az”a danışan politoloq Əhəd Məmmədli bildirib ki, baş verən proseslər yüksələn dalğa ilə gedir:

“Artıq Navalnı rus protest elektoratının bir rəmzinə, liderinə çevrilib. Düzdür, aksiyaya çıxanların hamısı Navalnını sevmir, amma Putin rejiminə etiraz edənlər məhz onun ətrafında birləşir, çağırışlarını yerinə yetirir və ona azadlıq tələb edirlər.

İllərdir ki, Navalnının çağırışları ilə meydanlara tökülüşürlər, etirazlar edirlər.

Amma Rusiyadakı əhali istənilən səviyyədə aksiyaya çıxmayıb. Lakin artıq proses başlayıb və Navalnı post-Putin dövrü üçün hazırlanan bir liderdir.

Təbii ki, bu lideri ABŞ hazırlayıb. Rusiya tarixinə baxsaq görərik ki, hər dəfə inqilabi dəyişikliklər olub. İndi də Rusiyada növbəti inqilabın anonslarını verilir, biz bunu  görürük”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu