Ülvilik təranəsilə boy atanların mənəvi atası

(tələbələrindən bir xatirə)

Müəllimlik mənim dünyamda əslində o qədər geniş dəryadır ki, onu auditoriyada yalnız tələbəsinə nəzəriyyə və təcrübə öyrədib, bununla da işini bitmiş hesab etməsi ilə kifayətlənməmişəm. Müəllimimin yerişinin, duruşunun, jestlərinin, mimikasının, əl-qol hərəkətlərinin, baxışlarının belə mənə nəsə öyrətməsini istəmişəm, güdmüşəm, gözləmişəm. Və sevinirəm ki, belə pedaqoqlarım az olmayıb.

Müəllim cəmiyyəti sonsuz elm səmalalarına qaldıran qoşa qanaddır. İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin oynadığı rol danılmazdır. Ali təhsil ocağında tələbələrə təhsillə yanaşı - insanlıq, yaxşılıq edə bilmək, doğruluq, vətənpərvərlik, milli mənsubiyyət, dilimizə sevgi kimi ali dəyərlər də aşılanır. Müəllimlik peşəsinin fanatı olmayan adamın bu sahədə uğur qazanması çətindir desək, yanılmarıq. Dövlətin, ölkənin, müstəqilliyin gücü isə ziyalılarında - müəllimlərində, onların yetişdirdiyi tələbələrindədir.

"Böyük ruhlar iztirablarına səssiz şəkildə dözərlər" - deyən Fridrix Şillerin fikirlərinə əlavə olaraq Tanrı böyük ruhları, həm də böyük - mənəvi insanlara bəxş edər. 1942-ci ilin 26 yanvar gecəsi həyata bəlkə də məğlub göz açan, sonradan isə nəcib hissləri, əməlləri ilə qalibə çevrilən Cahangir Məmmədlinin bədii ədəbiyyata, jurnalistikaya, həyata doğulduğu gündür. Körpəliyindən valideynlərini itirən, ata qayğısı, ana nəvazişi - sığalı görməyən Cahangir müəllim buna baxmayaraq yüzlərlə tələbəyə atalıq-babalıq-böyüklük etməyi bacarıb.

Tələbə həyatımızın ilk günündə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni qəbul olmuş tələbələrlə müəllimlərin görüşü təşkil olunmuşdu. Biz Cahangir müəllimi daha yaxından həmin gün gördük, gözlərimizi ona zillədik, səsini eşitdik, nə deyəcəyinə qulaq kəsildik. Pedaqoq öz nitqində ölkənin flaqman elm məbədi olan Bakı Dövlət Universitetinin əzəmətindən, Jurnalistika fakültəsinin tarixindən söhbət açdı. Bədii ədəbiyyat nümunələrimizi, Kafkanı, Çexovu, Belinskini, Dostoyevskini oxumağı tapşırdı, mətbuat klassiklərimizdən danışdı və ilk növbədə, vətəndaş sonra isə jurnalist olmağımızı vurğuladı. "Jurnalist bütün fənnlərdən hali olmalıdır" - dedi.

Dərslərimiz başlayandan sonra "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi", “KİV-in hüquqi tənzimlənməsi” və s. kimi fənlərin tədrisində Cahangir Məmmədli ilə daha yaxından tanış olduq. Onun dərs saatlarının necə keçdiyinin fərqində belə olmazdıq, bir də baxardıq zəng çalınır. Çox keçmədi ki, bu tanışlıq doğmalıqla əvəz olundu. Ən diqqətimizi çəkən məqam ondan ibarət idi ki, müəllim dərs zamanı təkcə jurnal yazanda əyləşirdi, mühazirəni ayaqüstə deyirdi. Dərsdən sonra belə yazılarımızı oxuyar, təkliflərini verər, düzəlişlərini edirdi. İnformasiya əsrində, üstəlik də bəşəriyyəti koronavirus adlı bəlanın bürüdüyü bir zamanda qocaman müəllim öz daxilində həmişə mənəvi ucalığı, ülfəti, saflığı hifz edib, qoruyub saxlaya bilib. Belə olan halda insanın ruhu da saflığa köklənir.

Heç yadımdan çıxmaz 2017-ci ilin noyabrında Jurnalistika fakültəsində Cahangir müəllimin ömür yoluna həsr olunmuş “Beşinci fəsil” adlı sənədli filminin təqdimatı keçirilmişdi. Bütün auditoriya ağzına kimi dolu idi, boş yer yoxuydu. Və çox qəribədir ki, 1 saata yaxın davam edən bu həyat filmindən bütün auditoriya təsirlənmişdi, hər kəs kövrəlmişdi, filmdə hamı özündən bir parça tapmışdı, mütləq ki tapmışdı. Süjet xəttində nələr yox idi ki... Qarabağ həsrəti, yetimlik dünyası, həyata bənzəyən film, filmə bənzəyən həyat, qız balalarına yazılan məktublar, ömür-gün yoldaşının məzarına öz əlləri ilə gül dəstələri düzə bilmək... Və hər şeyə rəğmən mübarizə aparmaqdan usanmamaq, həyatda dik durmağı bacara bilmək, oxumaq, öyrənmək, həyatın yüksək mərtəbəsinə ucala bilməyi bacarmaq...

Filmdə müsahibəni də elə qızı Aytəkin xanım alır atasından; anası Səkinə xanımla bağlı verdiyi sualda gözündən axan yaş vardı ha, o da mənim özümdən tapdığımdır. İndi də bu filmə baxıram və yenə... və yenidən kövrəlirəm...

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin təməlini qoymuş qocaman alim və müəllimlərin möhtəşəmliyi ondan ibarətdir ki, fakültə yarandığı gündən bu günə qədər öz tələbə-müəllim münasibətləri arasında gözəl, sağlam mühit formalaşıb və bu günə qədər də davam edir. Həmin bu sağlam mühitin, ab-havanın qorunmasında, saxlanmasında, yaşanmasında, gələcək nəsilə ötürülməsində məhz ustad müəllim kollektivinin misilsiz səyi, zəhməti, gərgin əməyi hesabına mümkün olmuşdur. Hal-hazırkı fakültənin yeni gənc enerjili rəhbərliyi, professor-müəllim heyəti və bütövlükdə kollektiv də bu sağlam ab-havanın yaşaması üçün Azərbaycan ali təhsilinin, qocaman elm məbədinin şərəfini, şöhrətini uca tutmaqdan ötrü əllərindən gələni edirlər.
Ağsaqqal müəllimimiz böyüklə böyük, kiçiklə kiçik və ən əsası da tələbəylə tələbə olmağı bacaran əsl dostdur. O, tələbənin gözüdür, sözüdür; lap dəqiq desək, elə tələbənin özüdür.
Sevimli müəllimimiz, dəyərli jurnalist, pedaqoq Cahangir Məmmədlini anadan olmasının 79-cu doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı, şərəfli işində uğurlar arzulayırıq!

Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu