Şuşanın necə azad edilməsi dillərə dastandır

Ermənilər Ordumuzun qarşısında alçaldıcı məğlubiyyət yaşadıqlarını ört-basdır etməyə çalışırlar

Rusiyanın TVC kanalının “Bilmək haqqı” verilişində erməni əsilli rusiyalı analitik Sergey Kurqinyanın həyasızca danışdığı yalanlar əvvəlcə sosial şəbəkələrdə, sonra erməni mediasında tirajlanmağa başlanılıb. Şuşanın erməni işğalından azad edilməsi faktını və Qarabağdakı son dərəcə ağır məğlubiyyəti ört-basdır etməyə çalışan erməni şərhçi iddia edib ki, guya, azad olunan Şuşaya təkrar hücum etmək istəyən erməni silahlılarına “geri çəkilmək” əmri verilib.

Səbəb kimi isə şəhərə “İsgəndər”lərlə zərbə endiriləcəyi göstərilib: “Ermənilər geri çəkildikdən sonra Şuşanın verildiyi elan edilib”. Kurqinyanın həyasızlığı o həddə çatıb ki, verilişdə Ermənistanın Qarabağa heç bir yardım etmədiyini, Qarabağda “özünümüdafiə ordusunun” döyüşdüyünü dilə gətirib. Abırsızlığın və utanmazlığın sərhədlərini aşan Kurqinyan iddia edib ki, hətta “dqr ordusu” Azərbaycan-türk ordularının hücumuna cavab vermək iqtidarında idi, yalnız Ermənistanın xəyanətkar rəhbəri Paşinyan torpaqları satmışdı və hər şey edirdi ki, Azərbaycan ordusu istəyinə çatsın. Əlbəttə, Azərbaycan Ordusunun qüdrətini həzm edə bilməyən erməni politoloqun dedikləri həyasız və əxlaqsız açıqlamadan başqa bir şey deyil. Şuşanı ən yüngül silahlarla, sıldırım qayanı dırmaşaraq azad edən Azərbaycan oğullarının inanılmaz qəhrəmanlığı haqda Şuşada olan erməni əsgərlərin özləri saysız-hesabsız açıqlamalar veriblər və bunları erməni mediası tirajlayıb. Ermənilər Azərbaycan əsgərini “robot”, “terminator”, hətta “ruh” adlandırıb, gördükləri qəhrəmanlığın miqyasını təsəvvür belə etmədiklərini deyiblər. Azərbaycan əsgərlərinin göstərdiyi fantastik rəşadətə kölgə salmağa çalışan Kurqinyan isə guya ermənilərin Paşinyanın əmri ilə geri çəkildiyi haqda nağıl uydurmaqla, darmadağın olmuş erməni döyüş ruhuna öz aləmində “məlhəm” qoymağa çalışır. 



AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, ermənilərin baş verənləri olduğu kimi dəyərləndirməsini gözləmək sadəlövhlükdür. Partiya rəhbərinin sözlərinə görə, bir-iki ermənini çıxmaq şərti ilə əksəriyyət, xüsusən siyasilər Azərbaycan Ordusunun qarşısında alçaldıcı məğlubiyyət yaşadıqlarını ört-basdır etməyə çalışırlar:

“Ermənilər Azərbaycanın igid əsgərlərinin qarşısından qaçdıqlarını gizlədəcəklər, məğlubiyyəti başqa cür təqdim etməyə çalışacaqlar. Əslində, 44 günlük Vətən müharibəsi sübut etdi ki, Birinci Qarabağ müharibəsində Azərbaycanla Ermənistan döyüş meydanında təkbətək qalsaydı, öz ərazilərimizi asanlıqla müdafiə edə bilərdik və düşməni geri otuzdurardıq.

İkinci Qarabağ müharibəsində ermənilər əyildilər və sındılar. İndi özlərinin sınmış qürurlarını bərpa etmək üçün müxtəlif yalanlar, bəhanələr uydururlar. Erməniləri yaşamağa sövq edən məhz bu cür utopiyalar, uydurmalardır. Yüzillər böyu öz xülyalarını, yalan ideyalarını reallaşdırmaq üçün mübarizə aparıblar.

“Böyük Ermənistan”, “məğlubedilməz ordu” kimi əfsanələrlə ayaqda qalmağa çalışıblar. Bu cür böyük iddialardan sonra Azərbaycan Ordusunun cəmi 44 gündə erməniləri məhv etdiyini, pərən-pərən saldığını etiraf etmək olduqca ağrılıdır”. 

T.Abbaslı vurğulayıb ki, ermənilərin yeganə çıxış yolu həyasızcasına yalan danışmaq, müxtəlif nağıllar ortaya atmaqdır:

“Bu cür uydurmalarla həm də daxili auditoriyanı narahatlıqdan, ağır depressiyadan xilas etməyə çalışırlar. Ona görə də özlərindən başqa hamıda günah axtarırlar. O ki qaldı Şuşanın düşməndən azad edilməsinə, bizim üçün müstəsna əhəmiyyət kəsb edən bu tarixi yurdumuzun hansı rəşadətlə, fədakarlıq və qəhrəmanlıqla azad edilməsi dillərə dastandır. Bunu nəinki xarici ekspertlər, hətta düşmənin özü də etiraf edir. Yəqin ki, erməni politoloqun yalanlarına Ermənistanda etimad göstərən tapılmayacaq”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu