Mesaj verildi ! - “Qarabağa gələn erməni rəsmilərin həbsi..."    

“Onların rəsmi “immunitet” daşımaları işə yaramayacaq və bu “immunitet” onları qorumayacaq”

Bu günlərdə Ermənistan rəsmiləri bölgəyə növbəti qanunsuz səfərinin şahidi olduq. Baş nazir Nikol Paşinyan yanvarın 22-i və 24-də nümayəndə heyətini Xankəndiyə göndərib. Diapor nümayəndələri Zara Sinanyan və Sara Andjarqolyan bölgəyə səfər edib. Daha sonra Ermənistanın əmək və sosial işlər naziri Mesrop Arakelyan Xankəndidə “həmkarı” Mane Tandilyan və bir sıra digər yüksək vəzifəli məmurlarla görüşüb.

Xatırladaq ki, bundan öncə Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə səfər etmişdi.

Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Bir neçə gün əvvəl Prezident İlham Əliyev rəsmi İrəvana növbəti sərt xəbərdarlığını etdi. Dövlət başçısı erməni rəsmilərinin Xankəndiyə səfəri barəsində söylədi ki, bu addımlar davam etsə, Azərbaycanın cavabı çox sərt olacaq.

Görünən odur ki, ermənilər hələ sayı-hesabı dəqiq bilinməyən itkilərinə rəğmən, dinc oturmaq istəmirlər. İşğalçı ölkə yenə tarixin arxivinə qovuşmuş qondarma rejimi hər vəchlə diriltməyə çalışır.

Qanunsuz səfərlərə şərait yaradan Rusiya sülhməramlılarının statusu tezliklə müəyyən edilməli, Azərbaycan Laçın dəhlizində nəzarəti gücləndirməlidir. Qarabağa qanunsuz səfər etməklə həm 10 noyabr sazişinə daban-dabana zidd siyasət yürüdülür, həm də ərazi bütövlüyümüz şübhə altına alınır.

Ermənistan rəsmilərinin qanunsuz səfərlərini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, Ermənistanın rəhbər şəxsləri sanki ikili situasiya qarşısındadırlar:

“Onlar bir yandan öz xalqları tərəfindən ciddi şəkildə ittiham olunurlar. Digər tərəfdən isə düşünürlər ki, qarşıdakı dönəmlərdə Azərbaycanla danışıqlarda iştirak edib, itirdiklərinə yenidən nail olmaq üçün addımlar atsınlar. Ona görə də Ermənistanın müxtəlif rəsmiləri bölgəyə səfər edirlər. Onlar xalqa belə bir göstəriş vermək istəyirlər ki, yəni görüşlər baş verdi və hansısa məsələni planlaşdırdılar. Guya yenə də Qarabağda mövcuddurlar”.

Millət vəkili qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq hüquq çərçivəsində mübarizə aparıb. Ona görə də hazırda Ermənistanın əlində bizi ittiham etmək üçün BMT-nin hansısa qətnaməsi yoxdur:

“Silahlı əməliyyatlar elə gerçəkləşdi ki, vandalizm və qəddarlıqlara yol vermədik. Lakin qarşı tərəf hər zaman bu vəhşilikləri etdi. Belə olan təqdirdə bölgəyə səfər edən rəsmilər erməni cəmiyyətinə mesaj vermək istəyirlər ki, Qarabağda bir ovuc da olsa, hakimiyyət təmsilçiləri var. Həm də bu faktı Azərbaycan ictimaiyyətinə göstərib, bizi şübhəyə salmaq istəyirlər. Məlumdur ki, hər cəmiyyətdə müxtəlif qüvvələr var. Beləliklə, erməni rəsmilər ölkəmizdə hakimiyyət əleyinə olan qüvvələrə xitab edərək, onlara da mesaj verməyə çalışırlar.

Fikrimcə, Ali Baş Komandanın xəbərdarlığı ona işarə idi ki, erməni rəsmiləri həbs oluna bilərlər. Onların rəsmi “immunitet” daşımaları işə yaramayacaq və bu “immunitet” onları qorumayacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu