Türk məktəbi Qarabağda ! - "Təhsil müqavilələri..."

Aqil Abbas: "MHP-nin məktəb təklifi başqa təşəbbüslərə yol açacaq. Qarabağımıza digər dövlətlər və qurumlar tərəfindən çoxsaylı hədiyyələr, töhfələr olacaq"

Kamran Əsədov: "Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər"

Məlum olduğu kimi bir müddət əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Şuşada “Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi” tərəfindən Üzeyir bəy Hacıbəyovun adını daşıyan məktəbin inşa edilməsini təklif etmişdi. MHP sədrinin ötəngünkü açıqlamasına görə, onun təklifi Azərbaycan və Türkiyə prezidentləri tərəfindən razılıqla qarşılanıb. Baxçalı həssas məsələyə diqqət göstərdiklərinə görə hər iki dövlət başçısına təşəkkürünü bildirib. Partiya rəhbəri qarşıdakı günlərdə məktəbin təməlqoyma mərasiminin keçiriləcəyini söyləyib və binanın ilkin variantını nümayiş etdirib. Baxçalı əlavə edib ki, inşa işləri başa çatan kimi təhsil müəssisəsi Azərbaycan dövlətinə təhvil veriləcək.



Millət vəkili Aqil Abbas “Şərq”ə açıqlamasında təklifin iki ölkə lideri tərəfindən qəbul olunmasını alqışlayıb. Deputat Milliyətçi Hərəkat Partiyasına xüsusi simpatiyasının olduğunu deyib:

“MHP-nin məktəb təklifi başqa təşəbbüslərə yol açacaq. Qarabağımıza digər dövlətlər və qurumlar tərəfindən çoxsaylı hədiyyələr, töhfələr olacaq. İmkanlı türk qardaşlarımız, iş adamlarımız bu istiqamətdə bacardıqlarını edəcəklər. Vaxtı ilə təkcə Türkiyədə deyil, hətta Avropa ölkəsi - Fransada da mühüm işlər görmüşük. O cümlədən Pakistanda, Əfqanıstanda məktəb açmışıq. Əvvəl etdiklərimizin qarşılığını, əvəzini görəcəyik. Daha çox Rusiyada yaşayan iş adamlarımızdan təşəbbüs gözləyirəm. Gəlsinlər Ağdamda universitet tiksinlər. Bizə təzə ali məktəb lazım deyil. Bakıdakı universitetlərin bir-ikisini Ağdama, Şuşaya köçürək, konservatoriyanın Şuşada filialını açaq. Onlar da gəlib bir işin qulpundan yapışsınlar. Məmməd Araz şeirində deyir ki, “Bir daşın qulpundan yapışsa hərə, nəymiş bir kəndin şəhər olmağı”. Həm öz imkanlı şəxslərimiz, həm də bizi sevən dövlətlər Qarabağda bərpa işlərinə dəstək çıxmalıdır. MHP-dən sonra İYİ partiyadan da gözəl təşəbbüs gözləyirəm. Hakim AKP onsuz da əksər işlərdə dəstəyini əsirgəməyəcək. Ümumən, qardaş ölkədən bu cür diqqət görmək bizim üçün çox xoşdur”. 



Təhsil eksperti, tarixçi Kamran Əsədov da “Şərq”ə vurğulayıb ki, bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanda məktəb aşması olduqca müsbət bir addımdır. Ekspert bildirib ki, müasir beynəlxalq əlaqələrdə təhsil sisteminin güclü rolu var:

“Türkiyənin Şuşada məktəb açması burada yeni təhsil mühitini yaradacaq. Digər tərəfdən Türkiyə universitetlərinin, özəl məktəblərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir. Məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var.

Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə universitet və orta məktəb yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycanın birgə məktəb təsis etmək təcrübəsi var. Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı Fransız Liseyi və UFAZ universiteti var. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar.

Türk məktəbinin Qarabağda olması həm də simvolik olaraq müsbət xarakterizə olunur”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu