Fransa Azərbaycana “barışıq əli” uzadır ? – AKTUAL ŞƏRH

“Əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir”

“Bu ölkədə erməni lobbisinə qarşı dura biləcək ciddi diaspor  hərəkatı formalaşdırmalıyıq"

“Fransadakı ictimai rəydə  Azərbaycan və Türkiyəni dəstəkləyəcək çox sayda ziyalı var”


Yanvarın 26-da isə Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüş çərçivəsində Jan-Batist Lömuən çıxış edib. Fransa və Azərbaycan arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edəcəyini bildirib. Azərbaycan və Fransa prezidentləri arasında mütəmadi telefon danışığı baş tutduğunu xatırladan dövlət katibi vurğulayıb ki, son telefon danışığı yanvar ayında olub:

"Bütün bunlar əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Bu istiqamətdə mənim ilk səfərim idi. Bundan sonra da belə səfərlər davam edəcək. Fransa hökuməti də bu müddət ərzində, müharibə dönəmində müəyyən mürəkkəb vəziyyətdə olub. Lakin hər dəfə Fransa hökuməti beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib".

Bəzi ekspertlər Fransa rəsmisinin bu çıxışını rəsmi Paris rəsmi bakıya “barışıq əli” uzadır kimi şərh edir.  

Maraqlıdır, doğrudanmı Fransa bundan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, beynəlxalq hüquqa söykənən real münasibətlər qurmaqda maraqlı olacaq? 

Sualımızı cavablandıran politoloq Azər Rəşidoğlu “Sherg.az”a bildirib ki, artıq savaş başa çatıb, Avropanın ən aparıcı ölkələrindən olan Fransa ilə Azərbaycan münasibətləri normallaşdırılmalıdır:

“Qarabağ münaqişəsinə baxış prizmasından yanaşsaq, bir çox ölkələr Ermənistanın tərəfində idilər.  Rusiya, İran açıq , ABŞ isə mənəvi, siyasi və hüquqi dəstək verir.  Bu o mənaya gəlmir ki, Azərbaycan bütün dünya ilə düşmən olmalıdır.

Onlara qarşı çıxmaqla yanaşı, eyni zamanda həmin ölkələrin mövqelərinə müəyyən qədər təsir edib lehimizə dəyişməyə cəhd edirik, diplomatiyanın da əsas fəaliyyəti budur.

Çünki  Cənubi Qafqazın önəmli oyunçusu olan Fransa Azərbaycan əleyhinə bəyanatlar versə də, münasibətləri normallaşdırmaq istəyir. Fransa ilə əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir.

Bu ölkədə erməni lobbisinə qarşı dura biləcək ciddi diaspor  hərəkatı formalaşdırmalıyıq. Bu məsələdə Türkiyə də Azərbaycana kömək edə bilər.  Fransa demokratik ölkədir, oradakı ictimai rəydə  Azərbaycan və Türkiyəni dəstəkləyəcək çox sayda ziyalı var. Bu baxımdan Fransa ilə Azərbaycanın yaxınlaşmasını təqdirəlayiq addım kimi qiymətləndirirəm.

Məncə, Rusiya və İran istisna olmaqla, digər ölkələrlə də bu fəaliyyət gücləndirilməlidir.  İranda onsuz da milyonlarla azərbaycanlı yaşayır, hansısa təşkilata ehtiyac yoxdur. Azərbaycanın Rusiyadan istəyi odur ki, Ermənistana silah verməsin.

Əgər bu addımdan əl çəksələr, onlarla da əməkdaşlığa gedə bilərik. Bütün ölkələrlə xoş münasibət qurmağa məcburuq. Həmin ölkələrin ictimai rəyini öz xeyrimizə dəyişməkdə fəallığımızı artırmalıyıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu