Tonoyandan məğlubiyyətin etirafı: “Rusiyadan “xal” almaq istəyir” 

“Yəni erməni cəmiyyətinin rəsmi Moskvaya qarşı aqressiyasını azaltmağa yönəlmiş addımdır”

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sensasion açıqlamalar verib. Onun 44 günlük müharibədə Ermənistanın məğlub olma səbəbləri ilə bağlı mühüm etirafları var. Tonoyan qeyd edib ki, Rusiya İkinci Qarabağ müharibəsi dövründə Ermənistana kifayət qədər kömək edib:
“Müəyyən mülahizələrdən hər şeyi açıqlamayacam”.

David Tonoyan dolayısı ilə etiraf edib ki, əslində Azərbaycan təkcə Ermənistana qarşı döyüşməyib. Maraqlıdır, savaş bitdikdən sonra onun belə bir açıqlama verməsində məqsəd nədir?



Sualımızı cavablandıran politoloq Rusif Məmmədsoy “Sherg.az”a bildirib ki, Tonoyan Paşinyanın komissiyasının üzvlərindən biridir. Onun bu açıqlamasında heç bir məna yoxdur:

“Onsuz da həm Azərbaycan, həm erməni cəmiyyəti bu həqiqətləri bilir. Putin açıqlamalarının birində söyləmişdi: “Bəli, tarazılığı qorumaq üçün Ermənistanı tək qoymamalıydıq və ona hərbi yardımlar etmişik”. Bu baxımdan Tonoyanın fikirlərinə ehtiyac yox idi”.

Bəyanatın nəyə hesablandığına gəlincə, politoloq söyləyib ki, bu, ya Tonoyanın boşboğazlığıdır, ya da Rusiyadan xal almaq istəyir:

“Yəni erməni cəmiyyətinin rəsmi Moskvaya qarşı aqressiyasını azaltmağa yönəlmiş addımdır. Təsadüfi deyil ki, PUA-larımızın vurduğu hərbi texnikaların əksəriyyəti məhz Rusiyanın texnikaları idi. Putin də açıq şəkildə Ermənistana edilən yardımları dilə gətirib. Ona görə də Tonoyanın belə “etirafları” lazımsızdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu