"62 partiya Azərbaycan üçün çox görünə bilər"

Qulamhüseyn Əlibəyli: "Ancaq çoxpartiyalı sistemdən danışırıqsa, siyasi təşkilatların çoxluğu bizi narahat etməməlidir"

"Əgər hansısa partiyanın normal fəaliyyəti yoxdursa, varlığı sadəcə kağız üzərindədirsə, təşkilatla bağlı qanuni ölçü götürülə bilər"


Son bir il ərzində Azərbaycanda 7 partiya dövlət qeydiyyatından keçib. Partiyaların əksəriyyəti aktiv fəaliyyətə qədəm qoyaraq siyasi dialoqun tərəfdaşına çevriliblər. Lakin təəssüflər olsun ki, bir sıra siyasi partiyaların fəaliyyəti ümumiyyətlə gözə çarpmır. Ölkədə 62 siyasi partiya dövlət qeydiyyatından keçsə də, maksimum 20-30 partiyanı çıxmaq şərti ilə yerdə qalan siyasi təşkilatların varlığı hiss olunmur. 10-dan çox partiyaya isə kimin sədrlik etdiyi bəlli deyil. Bu məqam Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovun da diqqətini çəkib. Nazirlik rəsmisi bildirib ki, bəzi partiyalar sədrləri vəfat etdikdən sonra faktiki qeybə çəkiliblər.

İ.Məmmədovun sözlərinə görə, onlar siyasi arenada fəaliyyətdən savayı, qanunvericiliklə üzərlərinə qoyulmuş tələblərə də riayət etmirlər. Yəni qurultaylar keçirmir, rəhbər orqanlar seçmir və illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər: “Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarını qeyd etmək olar”. İ.Məmmədov hazırda nazirlik tərəfindən bu istiqamətdə müvafiq işlərin görüldüyünü deyib. Xatırladaq ki, qaldırılan məsələ zaman-zaman gündəmə gəlməkdədir. Bir qisim adı olub, özü görünməyən siyasi təşkilatların qeydiyyatının ləğvinə çağırış edirlər. Digər qisim isə düşünür ki, partiyalara münasibətin dəyişdiyi mövcud şəraitdə “ölü” siyasi qurumların proseslərdə iştirakına imkan yaratmaq, onları fəallaşmağa sövq etmək lazımdır. 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Şərq”ə bildirib ki, əgər hansısa partiyanın normal fəaliyyəti yoxdursa, varlığı sadəcə kağız üzərindədirsə, təşkilatla bağlı qanuni ölçü götürülə bilər. Amma partiya rəhbəri düşünür ki, fəaliyyətsiz partiyaların qeydiyyatı dərhal ləğv edilməməlidir:

“Əvvəlcə Ədliyyə Nazirliyi partiyanı təmsil edən hər hansı şəxslə əlaqə yaratmalıdır. Xəbərdarlıq etməlidir ki, nizamnaməyə və qanunvericiliyə uyğun davransınlar. Ola bilsin, partiya sədri vəfat edəndən sonra idarə heyəti toplaşmayıb, qurultayı qeyri-müəyyən vaxta kimi təxirə salıblar. Qurumu ümumiyyətlə təmsil edən heç kim yoxdursa, səs-soraq gəlmirsə, yaxud partiya nümayəndələri xəbərdarlıqdan nəticə çıxarmırsa, o halda ləğvi barədə inzibati məhkəmədə məsələ qaldırılmalıdır. Məncə, fəaliyyəti olmayan partiyanın qeydiyyatının heç bir hüquqi və siyasi əhəmiyyəti yoxdur”. 
Q.Əlibəylinin sözlərinə görə, əvvəlki dönəmlərdə partiyaların yaradılması proseduru rahat olduğuna görə, çoxsaylı siyasi qurumlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdi: “62 partiya Azərbaycan üçün çox görünə bilər. Ancaq çoxpartiyalı sistemdən danışırıqsa, siyasi təşkilatların çoxluğu bizi narahat etməməlidir. İstənilən şəxs və ya bir qrup vətəndaş partiya təsis etmək hüququna malikdir. Ancaq fəal olmaq və ən əsası illik hesabatını təqdim etmək əsas şərtdir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu