Türk professor: “Rusiya Qarabağda Ermənistanın lehinə...” - İzlər görünür

Sabah Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti müzakirə mövzusu olacaq. Eyni zamanda Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada, Suriyada fəaliyyəti və terrorla mübarizə məsələləri də müzakirə ediləcək.



Türkiyənin Ərciyəz Universitetinin Strateji Araşdırmalar Mərkəzinin tarix bölümünün doktoru, araşdırmaçı Tekin Aycan Taşçı məlum toplantı barədə “Sherg.az”a danışıb.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclası yalnız 2021-ci ilin ilk toplantısı kimi yox, gündəmindəki məsələlərə görə də vacibdir. Araşdırmaçı qeyd edib ki, aparılacaq müzakirələr türklərin yüz illərdir Azərbaycan, Liviya və Suriyada apardıqları varlıq mübarizəsinin istiqamətinə birbaşa təsir göstərəcək:

“Egey və Aralıq dənizində Qərb tərəfindən dəstəklənən Yunanıstan, xüsusən Fransa ilə problemimiz var. 1958-ci ildə Cenevrə Konfransı toplandı və indiyədək edilən heç bir tənzimləmə dəniz qanunundakı boşluqları həll edə bilmədi. Bu durum ölkələri güclülərin haqlı olduğu bir nizama məhkum edir.

1923-cü il “Lozanna Barışıq müqaviləsi”, “Lozanna Boğazları və 1947-ci il Egeydəki adalar barışığına dair “Paris Sülh müqaviləsi”nə baxmayaraq, Yunanıstan Qərbin aldığı dəstəklə beynəlxalq müqavilələrə riayət etməyə bilər.

Türkiyə ilə Yunanıstan arasındakı problemin qaynağı budur. Dolayısı ilə bu problemlər Yunanıstanın Türkiyə əleyhinə atdığı addımlardan da qaynaqlanır. Rəsmi Ankara isə hüquqlarını qorumaq üçün tədbirlərin görülməsinə dair addımlar atmağa məcburdur”.

Ekspert vurğulayıb ki, əslində Türkiyə və Yunanıstan arasındakı qarşıdurma yeni deyil:

“Lakin hazırda bu problemlər keçmişdən fərqli olaraq beynəlxalq bir ölçü qazanıb. Yunanıstanın iddiaları, aldığı qərarlar və sərgilədiyi mövqe Türkiyənin Egey və Aralıq dənizinə çıxışına maneə törətməyə hesablanıb.

Əlbəttə, bunu yalnız Yunanıstanın məqsədi hesab etmək səhv olardı. Yunanıstan keçmişdə olduğu kimi, bu gün də Qərb üçün bir vasitədir.

Bu dövlətin üzərinə götürdüyü missiya qarşılıqlı maraqlara və problemlərin diplomatik yollarla həll olunmasına imkan vermir.

Beləliklə, müharibə təhlükəsi real olaraq qalır. Ona görə də sabahkı iclasda irəli sürülən fikirlər bizim üçün həyati əhəmiyyətə malikdir”.

T.A.Taşçının sözlərinə görə, toplantıda Bayden hökumətinin Türkiyə ilə əlaqəli olaraq ortaya qoyacağı siyasət ətrafında da fikir mübadiləsi aparılacaq:

“Türk ordusunun Azərbaycandakı fəaliyyəti də müzakirə ediləcək mövzulardandır. 1918-ci ildən sonra Türkiyənin Azərbaycana verdiyi dəstək qardaşlıq əlaməti olaraq tarixə düşdü.

Bu dəstək, Dağlıq Qarabağdakı müharibənin gedişatına təsir göstərdi. Savaşdan sonra Azərbaycanın dik duruşu Türkiyənin bölgədə sülhməramlı rol almasına yol açdı.

Türkiyənin bölgədəki varlığı məhdud olsa da, Dağlıq Qarabağa hərbçiləri ilə geri dönməyi bacaran Rusiya Qarabağda  Ermənistanın lehinə addım ata bilər. Prosesi izləmək laızmdır”.

Araşdırmaçı qeyd edib ki, iclasdakı məsləhətləşmələr nəticəsində formalaşacaq siyasət və fəaliyyət planı yalnız Azərbaycanın Rusiyaya qarşı verəcəyi qətiyyətli mövqe ilə əhəmiyyət qazanacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu