Kreml geri addım atmayacaq


Beynəlxalq təzyiqlərə baxmayaraq Navalnı 30 sutkasından sonra azadlığa buraxılacaq

G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb. Bu barədə "RİA Novosti" məlumat verib. Nazirlərin bəyanatında deyilir  ki, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyir. Bəyanatda yazılıb: "Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir".

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib: "Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq. Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq".  

Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi-şərhçi Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, bu bəyanatla Rusiyanın geri addım ataraq Navalnını həbsdən azad edəcəyini düşünmür. Ekspert qeyd edib ki, çünki bu, ilk növbədə Navalnının nüfuzunun daha da artmasına səbəb olacaq bir addım olar:

"Amma belə bəyanatlar Navalnını növbəti həbslərdən azad edə bilər. Bildiyimiz kimi, indi 30 sutkalıq həbs edilib. Bu, administrativ həbsdir,  yəni cinayət həbsi deyil. O, vaxt bitdikdən sonra azadlığa çıxa bilər. Çünki ehtimal var idi ki, 30 sutkadan sonra əvvəlki cinayət işləri bərpa edilərək, o uzunmüddətli, hətta bir neçə illik həbsə düşsün. Ən azından Rusiyaya yaxın çevrələrdən belə bir gözləntilər var idi. Bu tipli bəyanatlar gələcək həbsin qarşısını ala bilər və  Navalnının azadlığa çıxmağını təmin edə bilər. Amma vaxtından əvvəl azadlığa buraxılsa, böyük süpriz olar. Çünki bu sanki vətəndaşlarda belə bir düşüncə formalaşdıra bilər ki, Kreml geri addım atdı. Kremlin də  indiki durumunu nəzərə alsaq, bu heç də onların maraqlarına uyğun deyil. Ona görə də, belə bir fikrin yaranmasını qəbul etməzlər. Yəqin ki, 30 sutka tamam olduqdan sonra Navalnı azadlığa buraxılacaq. Çox güman ki, bu tipli beynəlxalq təpki də yenidən ona qarşı cinayət işinin açılmasının qarşısını alacaq bir faktora çevirəcək".  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu